Hakimiyyət hüququ öldürəndə
Biz niyə insanların inancı ilə mübarizə aparmalıyıq?
Heydər və Ilham Əliyevlərin hakimiyyəti bizi çox şeydən uzaqlaşdırdı.
Başlıcası isə normal düşünməkdən. Bu əslində mühitin yaratdığı “qarşı”
psixologiyasının məhsulu idi. Nəyəsə qarşı olmadan doğru olmaq mümkün
deyil, sanki. Mümkündürmü? Indi cəmiyyətin təşkil və idarə olunmasına
dair nə yazıb nə danışmaqdan asılı olmayaraq insanlar üçün bu o qədər də
maraqlı deyil. Maraqlı olan insanların mövcudluqlarını necə davam
etdirmələridir. Bu mübarizədə vətəndaş dövlətlə qarşı-qarşıya gəlirsə,
vəziyyət daha da qəlizləşir.
Sekulyarlıq antidin deyil
Dövlət özünü sekulyar elan edir və sonra insanları dini baxışlarına
görə təqib edir. Başlanğıcında sosial tələbləri olan zümrələr bir zaman
elə zənn edirlər ki, dövlətin onlara münasibətinin kökündə dayanan
onların inancıdır. Bu, hakimiyyətin (dövlətin) özünün özünə ən böyük
pisliyidir. Vətəndaşın inancı dövlətə münasibətdə heç vaxt tərəf və
təhlükə ola bilməz. Sekulyar sistemin digərlərindən fərqi odur ki, o heç
bir ideyanın təfində dayanmır, heç bir inanca yaxın olmur. Indiki halda
dini təhlükənin yaranmasında iki səbəbdən biri, süni radikalllığın
genişlənməsidirsə, digəri də hakimiyyətin dövləti öz sekulyar
mahiyyətindən uzaqlaşdırmasıdır. Dinə qarşı olmaq qətiyyən sekulyarlıq
deyil. Bu sadəcə dinə yaşamaq mühiti yaratmaqdır. Dövlət öz vətəndaşı
ilə inanc müstəvisində ziddiyyətə girirsə, deməli, özünü parçalamaq
işinə girişib. Dostoyevski deyirdi ki, varlıq onu yoxluq təhlükəsi ilə
üz-üzə qalarkən mövcuddur. Yəni dini yox etmək cəhdi və ya siyasəti onu
mübarizəyə səsləməkdir. Bu isə cəmiyyəti parçalamaqdan başqa heç nəyə
xidmət etmir.
Bərabərlik yalnız hüquqla müəyyən edilir
Bərabərlik şüar deyil, hüquqdur. Hüquq isə qanunun yaratdığı paydır.
Daha doğrusu haqdır. Insan haqqı olan payı qanunla alır və bu onun
hüququna çevrilir. Inanc da bir hüquqdur. Amma bu başqasını xor görmək,
başqasından fərqli imtiyaz əldə etmək hüququ deyil. Bu, başqasına ziyan
vermədən öz inandığını yaşamaq hüququdur. Heç kim öz istəyinə görə
digərlərinin mühitini dəyişə bilməz. Bu, dövlətin təminat verəcəyi
məsələdir. Dövlət isə buna təminat verə bilmək üçün bütün tərəflərlə
eyni məsafədə olmalıdır. Dövlət hansısa dinə və ya məzhəbə, o cümlədən
dinsizliyə bağlı ola bilməz. Dövlət birgəyaşayışa inanmalıdır və bunun
xaricində heç bir ümdə funksiyası olmamalıdır. Yəni dövlət yalnız
hüququn tərəfini saxlayır.
Qanun yalnız hüquqa xidmət edir
“Qanunla müəyyən edilmiş qayda” çox təkrarlanan ifadə olsa belə bu
mövzuda açar deyimdir. Ona görə ki, qanun özü nəyi tənzimləyir? Nələrin
arasında sədd çəkir? Bu suallar hələ də mübahisəli olmaqda davam edir.
Qanun hüququ müəyyən edir. Hüquqların arasındakı əsas sərhəddir. Amma
hüquqların harada tam bitməsi və ya harada tam başlaması məsələsi ciddi
məsələdir. O zaman qanun fərdlərin plüralist istəkləri qədər genişlənə
və ya darala bilərmi? Bu, cəmiyyətə nə verə bilər? Görünən odur ki,
ancaq və ya ancaq mübahisə. O zaman gəlirik qanunun müəyyən etdiyi o
qaydaya ki, o, hüquqlar arasında yol hərəkətini tənzimləyir. Onları
toqquşmağa qoymur. Yəni dövlət hüququn aliliyinə qanunların az
ziddiyyətli və toqquşmayan olması ilə yanaşı həm də işləkliyi ilə nail
olur. Bu nöqtədə başqasına ziyan vurmayan seçim, azaddır. Və bir
toplumun bunu müzakirə etməsi onun hüququ bilməməsindən irəli gələn
məsələdir.
Seymur Həziyev
Short URL: http://www.cumhuriyyet.net/?p=3665