Saxta diplom verilməsini kim himayə edir?
“Bu faktlar müəllim peşəsinin gözdən salınmasına xidmət edən prosesdir”
Uzun müddətdir gündəmdə olan saxta diplomların verilməsi ilə bağlı
qalmaqal bir qədər də dərinləşib. Təhsil naziri Mikayıl Cabbarovun
“Müəllimlər institutunun Gəncə filialında tələbələrə saxta diplom
verilib” açıqlaması bu məsələni yenidən diqqət mərkəzinə çıxarıb.
Xatırladaq ki, Təhsil Nazirliyinin Müəllimlər Institutunun Gəncə
filialında aşkarladığı saxta diplomların hər birində institutun rektoru
Aqiyə Naxçıvanlının imzası var. Rektor isə etiraf edir ki, uzun illərdir
institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən
xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz
bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə müraciət
edibmiş. A.Naxçıvanlı saxta diplomların verilməsində elə Təhsil
Nazirliyinin vəzifəli şəxslərinin əlinin olduğunu hesab edir.
Təhsil üzrə ekspert Etibar Əliyev baş verənləri müəllim peşəsini
gözdən salmağa xidmət edən proses kimi dəyərləndirir. Çünki Aqiyə
Naxçıvanlı da zaman-zaman bu barədə məlumatlarının olduğunu, lakin
yoxlamaların heç bir nəticə vermədiyini deyir: “Müəllimlər Institutunun
Gəncə filialının rektoru Ramiz Məmmədov 2000-ci ildən həmin filiala
rəhbərlik edib. Yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması
nəticəsində işdən azad olunub. Belə çıxır ki, Müəllimlər Institutunun
rəhbərliyinin bu proseslərdən xəbəri olub. Lakin ciddi tədbirlər
görməyiblər. Əslində bu faktlar müəllim peşəsinin gözdən salınmasına
xidmət edən prosesdir”.
Ekspertin sözlərinə görə, Müəllimlər Institutunun digər filiallarında
da saxta diplomların verilməsi hallarının olması ilə bağlı məlumatlar
var. Ancaq Müəllimlər Institutu bu məsələdə günahkar olanların
cəzalanması üçün heç nə etməyib: “Əslində saxta diplom təkcə eyni
seriyalı diplomların iki nəfərə verilməsi deyil. Rusiyanın müxtəlif
filiallarından köçürmələr da bura daxildir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3667