Azərbaycanla Türkiyə arasında Suriya qalmaqalı

26.01.2014 - 11:08

Bakı Suriyada döyüşən azərbaycanlılarla bağlı Ankaraya etiraz edib

 

Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşlərdə iştirak edən
azərbaycanlıların sayı barədə hər gün yeni xəbərlər yayılır. Bu
xəbərlərdə muzdlu azərbaycanlıların sayı ilə bağlı hər ötən gün artım
müşahidə olunur. 

Dəqiq statistik rəqəmlər açıqlanmasa da, həmin döyüşlərdə ölən muzdlu
azərbaycanlıların sayının 100-dən çox olduğu bildirilir. Məlumatlara
görə, Suriyaya yollanan Azərbaycan vətəndaşları sərhədi keçmək üçün
əsasən Türkiyə ərazisindən tranzit ölkə kimi istifadə edirlər. 

Məsələyə münasibət bildirən Azərbaycanın Türkiyədəki səfirliyinin
mətbuat xidmətinin rəhbəri Elsəvər Salmanlı bildirib ki, Türkiyədən
Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarına qarşı mübarizəyə
başlanılıb. 

Artıq mübarizədə ilkin nəticələr əldə olunub. Onun sözlərinə görə, üç
aydır ki, Azərbaycan vətəndaşlarının Suriyaya getmələri ilə bağlı
məsələnin üzərində işlənilir. 

“Üç ay öncə Türkiyənin müxtəlif yüksək vəzifəli şəxslərinə bununla
bağlı öz etirazlarımızı bildirmişik. Hətta Əhməd Davudoğlu Bakıda
olarkən ona da lazımi qaydada bildirildi ki, Azərbaycan vətəndaşlarının
Suriyaya getməsinin qarşısı alınsın”.

Türkiyə sərhədlərini aşaraq Suriyaya keçmək istəyən Azərbaycan
vətəndaşlarının saxlanılması, geri qaytarılması və deportasiya edilmə
hallarının olduğunu da bildirən Elsevər Salmanlı qeyd edib ki,
azərbaycanlıların Suriyaya getməsi onlar üçün də çox böyük və ciddi
məsələdir. Odur ki, bununla bağlı müvafiq addımlar atılır. 

“Konkret say deyə bilməsəm də, Azərbaycan vətəndaşlarının Suriyaya
getməsinin qarşısının alınması halları olub. Bizim səfirliyimiz
Azərbaycan vətəndaşlarının həyatının təhlükəsizliyini daim ön planda
tutur. Vətəndaşlarımızın oraya getməmələri üçün lazımi qədər
məlumatlandırırıq”.

Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı
bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb.
Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı
öldürülüb. Onların bir çoxunun fotosunu mücahidlər sosial şəbəkələrdə
yayıb.

Qafqaz Müsəlmanları Idarəsinin də Suriyada döyüşən azərbaycanlılarla
bağlı kəskin bəyanat verəcəyi gözlənilir. QMI-nin sədr müavini Hacı
Sabir Həsənli xeberdar.az saytına bu barədə bildirib: “Baş verən son
hadisələrlə bağlı idarəmizdə sənəd hazırlanır. Qeyd edim ki, son vaxtlar
baş verən Suriya məsələləri, eyni zamanda vəhabilərlə bağlı çox kəskin
bir sənəd hazırlanır. Gələn həftə bu sənəd KIV-ə təqdim olunacaq.
Hazırda bununla bağlı müəyyən işlər görülür. Bir daha deyirəm ki, bu
sənəd çox kəskin məzmunda olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3668

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930