Çeçenistan üsyançıları
Çeçenistanın üsyançıları hərəkatında iki əsas qrupa parçalanma getdikcə daha çox nəzərə çarpır: millətçilər və cihadçılar
İki düşərgə arasında fərq bundadır ki,
millətçilər Rusiyanı düşmən kimi görürlər və məqsədləri, öz sözləri ilə
deyilsə, İçkeriya Çeçen Respublikasının (İÇR) yaradılmasıdır. Cihadçılar
isə bütün qeyri-müsəlman “kafirlər”ə qarşı, həm də təkcə Çeçenistanda
yox, başqa yerlərdə də döyüşürlər. İslamçıların son məqsədi “Qafqaz
əmirliyi” yaratmaqdır.
İki qrup arasında rəsmi ayrılma 2007-ci ildə, İÇR-in keçmiş separatçı
prezidenti, hazırda isə Şimali Qafqazdakı islamçı qiyamın lideri Doku
Umarovun bəyanatından sonra baş verib. O bəyan edib ki, Çeçenistanın
müstəqilliyi artıq onun əsas məqsədi deyil və o, özünü “Qafqaz
əmirliyinin əmiri” elan edir. Qafqazda ən populyar cihadçı internet
saytı olan “Kavkaz Tsentr”-in redaktoru Movladi Uduqov isə deyib ki,
çeçenlər qlobal xilafətin bərqərar olması uğrunda vuruşmalıdırlar.
Millətçilər
Birinci Çeçen müharibəsini (1994-96) başlayan və
de-facto müstəqilliyə nail olan və rusca “içkeriytsı” adlandırlan
millətçilər hazırda Avropada, ABŞ-da və Kanadada mənzilləniblər. Onlar
öz fəaliyyətlərini əsas etibarilə internet vasitəsilə davam etdirirlər.
Hətta millətçilərin öz arasında da böyük
parçalanmalar mövcuddur. Ən böyük mühacir düşərgəsinə Londonda
mənzillənmiş dünyəvi lider Axmed Zakayev başçılıq edir. Bu qrup millətçi
düşərgənin içində ən yasxı təşkil olunanıdır. Cihadçıları çıxmaq
şərtilə bütün çeçen qrupları və fraksiyaları ilə birliyə can atan bu
qrup həmvətənlərlə ünsiyyət üçün müxtəlif konfranslar və başqa tədbirlər
təşkil edir.
Başqa bir millətçi düşərgə İslam yönümlüdür və
ona keçmiş separatçı millət vəkili Jalaudi Saralyapov rəhbərlik edir.
Onlar Çeçenistan konstitusiyasının şəriət qanunları üzərində qurulmasını
istəyirlər və cihadçıların yalnız Çeçenistan sərhədləri içində
mübarizəsini dəstəkləyirlər. Onlar Umarova açıq dəstək nümayiş
etdirməsələr də, “təhlükə və çətinliklərə baxmayaraq” Çeçenistanda qalıb
“döyüşü davam etdirənləri” yüksək qiymətləndirir və təqdir edirlər,
lakin onları “cihadçı” yox, “mücahid” adlandırırlar.
İki mühacir
qruplaşma arasında ayrılma 2009-ci ildə, Zakayevin moskvapərəst çeçen
lideri Ramzan Kadırovla telefon söhbətindən və Çeçenistan parlamentinin
spikeri Dukuvaxa Abduraxmanovla görüşündən sonra baş verib. Saralyapovun
düşərgəsi Çeçenistanda Rusiyanın “oyuncaq” hökuməti ilə əlaqələrinə
görə Zakayevi satqın adlandırıb.
Axmed Zakayev
54 yaşlı Axmed Zakayev Qazaxıstanda doğulub.
Onun ailəsi minlərlə başqa çeçenlər kimi buraya Stalin tərəfindən
deportasiya edilmişdi. Moskvada təhsil alan Zakayev İÇR-in mədəniyyət
naziri, baş nazirin müavini, Qərb ölkələrinə xüsusi elçi və baş nazir
vəzifələrini icra edib. O Rusiya ilə 1996-cı il sülh danışıqlarında
Çeçenistanı təmsil etmişdi. İkinçi çeçen müharibəsində yaralandıqdan
sonra Zakayev Avropaya köçüb.
2009-cu ilin fevralında baş tutmuş telefon
söhbətində Kadırov Zakayevə Çeçenistana qayıtmağı təklif edib. Bu təklif
başqa üsyançı qruplaşmaları qəzəbləndirib. Moskvadakı Carnegie
Mərkəzindən təhlilçi Aleksey Malaşenko Rusiyanın “Kommersant” qəzetinə
bildirib ki, “Moskva və Çeçenistan hakimiyyəti Zakayevin öz vətənində
olmasını İçkeriya səhifəsini həmişəlik qapatmaq üçün istəyirlər”.
Axmed Zakayev İÇR-in mədəniyyət naziri, baş nazirin müavini, Qərb ölkələrinə xüsusi elçi və baş nazir vəzifələrini icra edib
“Kommersant” qəzetinin yazdığına görə, çeçen
insan haqları fəalı Mayrbek Taramov deyib ki, Zakayev Kadırovla
“respublikada hər hansı qarşıdurmanın qarşısının alınması naminə bütün
imkanlardan istifadə edilməlidir” prinsipi ilə danışmağa razı olub.
2009-cu ilin iyulunda Abduraxmanovla görüşdən
sonra Zakayev elan edib ki, “İÇR Çeçenistan polisinə qarşı silahlı
hücumları dayandırır”.
Saralyapov və düşərgəsi
Jalaudi Saralyapov da Mərkəzi Asiyada doğulub,
Rusiyanın Rostov şəhərində tikinti mühəndisliyi təhsili alıb. Saralyapov
onu İÇR parlamentinin spikeri təyin etmiş separatçı prezident Aslan
Masxadovla yaxın olub.
Onun qruplaşması Çeçenistanda cihadçı
fəaliyyətləri alqışlayır, lakin bu fəaliyyəti göstərənləri “cihadçı”
yox, “mücahid” adlandırır. Onlar Doku Umarovun “Qafqaz əmirliyi” barədə
ideyalarını qəbul etmirlər.
2010-cu ilin oktyabrında Saralyapovçu
Daymohk.net internet saytında dərc olunmuş “Biz mücahidləri
dəstəkləyirik” adlı məqalədə Çeçenistanda hələ də döyüşləri davam
etdirən üsyançılara münasibət məsələsinə aydınlıq gətirilib.
“Mücahidlər çətin bir vaxtda – qışın oğlan
çağında hamı tərəfindən tərk ediliblər – deyilir məqalədə, – ötən 20 il
ərzində düşmənə boyun əyməyən mücahidlər indi bir parça çörək üçün
həmvətənləri qarşısında diz çökməli olublar. Bizim mövqeyimiz dəyişməz
olaraq qalır – mücahid döyüşdükcə və həyatını riskə atdıqca ona ehtiram
göstərmək lazımdır. Bizə fərqi yoxdur ki, o İçkeriya, əmirlik və ya hər
hansı başqa ideyanın tərəfdarıdır”.
Cihadçılar
Cihadçıların peyda olması bütün çeçen üsyançı
hərəkatını köklü şəkildə dəyişdirib. İddia edilir ki, 1990-cı illərin
əvvəllərindən islamçı və cihadçı qruplar İçkeriya Çeçen Respublikasına
sirayət etməyə başlayıblar.
Onların bu ərazidə mövcudluğu, özünü xüsusən də
1999-cu ildə başlamış və Rusiyanın bu regionda nəzarəti geniş miqyasda
əlinə alması ilə başa çatmış ikinci çeçen müharibəsində aydın şəkildə
hiss etdirməyə başlayıb. Zakayevin dünyəvi qruplaşması inanır ki,
“Xilafət” adlı əməliyyat “Çeçen dövlətçiliyinin təsisatlarını ləğv etmək
məqsədilə” Rusiyanın xüsusi xidmətləri tərəfindən planlaşdırılıb.
Umarovun harada olması, hətta ölü-diriliyinin
bilinməməsinə gəlincə isə, Zakayev 2013-cü ilin iyununda bildirmişdi ki,
o islamçı liderinin ölümünə inanmır və onun ölümü barəsində şaiyələr
Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaxşı planlaşdırdığı “fənd”dir.
Çeçenistanda nə qədər cihadçının qalması aydın
deyil, lakin Kadırov bəyan edib ki, “çeçen dağlarında silahlılar artıq
yoxdur və yalnız İnquşetiya ilə həmdsərhəd ərazilərdə bir ovuc “şeytan”
qalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3680