Səhiyyə Nazirliyinin üstünü toz basmış on milyonları…

26.01.2014 - 18:36

Lerik mərkəzi rayon xəstəxanasında 1 milyon dollara alınan
müayinə aparatının işlədilməsi üçün mütəxəssis olmaması haqqında ölkə
mətbuatında yer alan məlumat son illər səhiyyə sahəsində aparılan
islahatların səviyyəsini göstərdi.

Lerik mərkəzi rayon xəstəxanasında 1 milyon dollara alınan
müayinə aparatının işlədilməsi üçün mütəxəssis olmaması haqqında ölkə
mətbuatında yer alan məlumat son illər səhiyyə sahəsində aparılan
islahatların səviyyəsini göstərdi.
 

Məlum oldu ki, tikilən xəstəxanalar yalnız görüntü xarakteri daşıyır. Bəs niyə belədir?

Yüz milyonluq diaqnostika mətkəzləri…

Qeyd edək ki, son illər paytaxt da daxil olmaqla 12 bölgədə
diaqnostika mərkəzləri tikilib. Dövlət Neft Şirkətinin maliyəsi ilə
Naxçıvan, Lənkəran, Cəlilabad, Şirvan, Xızı, Gəncə, Bərdə, Quba,
Zaqatala, Qəbələ və Şamaxıda Müalicə Diaqnostika Mərkəzləri inşa olunub.
Bu mərkəzlər demək olar ki, eyni layihəyə əsaslanır. Hər bir mərkəzdə
inzibati, qəbul, hemodializ, konsultativ poliklinika, cərrahiyə profilli
20 çarpayılıq stasionar, anesteziologiya və reanimasiya şöbələri
fəaliyyət göstərir.

Bundan əlavə, köməkçi müalicə-diaqnostika bölməsinə Funksional
Diaqnostika (ultrasəs müayinəsi (USM), elektrokardioqrafiya (EKQ) və
exokardioqrafiya (Exo KQ) daxil edilib. Diaqnostika mərkəzlərində şüa
diaqnostikası-rentgen müayinəsi, kompüter tomoqrafiyası, maqnit rezonans
tomoqrafiya-MRT, fizioterapiya-masaj, elektriklə və işıqla müalicə,
laboratoriya şöbələri – biokimyəvi, hematoloji, immunoloji-seroloji və
mikrobioloji də var.

ARDNŞ bu mərkəzlərin tikintisinə 100 milyon manatdan çox
vəsait xərcləyib. Belə ki, Cəlilabadda tikilən Diaqnostika Mərkəzinə 9
milyon, Bərdədə 11 milyon, Gəncədə 13 milyon manat sərf edilib.

Amma tikintisinə on milyonlarla manat sərf edilən diaqnostika
mərkəzlərinə xəstə axını gözlənilən səviyyədə olmadı. Bunun əsas səbəbi
isə müasir aparatlarla işləyəcək mütəxəssislərin olmamasıdır.

Qeyd edək ki, diaqnostika mərkəzləri ilə yanaşı mərkəzi rayon
xəstəxanaları da əsaslı təmir edilib, yeni avadanlıqlar quraşdırılıb.
Məsələn, Səhiyyə Nazirliyi tərəfindən yeni təmir edilmiş Göyçay mərkəzi
rayon xəstəxanasına dəyəri 30751 manat olan ultrasəs müayinə aparatı
verilib. Cərrahi şöbəyə büdcə hesabına öd yollarında kiçik ölçüdə kəsik
aparmaqla cərrahi əməliyyat keçirməyə imkan verən “Mini assistent”
aparatı alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son illər müasir tibb
avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi
istifadəyə verilib. 2012-ci ildə 38 tibb müəssisəsi, 2013-cü ildə isə
100-ə yaxın səhiyyə obyekti yenidən qurulub, müasir avadanlıqlarla
təchiz edilib.

Nazirliyin məlumatında qeyd edilir ki, dövlət büdcəsindən ayrılan
vəsaitin əsas hissəsi xəstəxanaların təmirinə və yenilərinin
tikilməsinə, köhnəlmiş tibb avadanlıqlarının yenilənməsinə sərf olunub.

Bəs səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb?

2012-ci ildə səhiyyəyə ayrılan xərclər 660 milyon manatı ötüb.
2013-cü ilin dövlət büdcəsindən isə səhiyyə xərcləri üçün 666,3 milyon
manat ayrılıb. Ayrılan vəsaitin 326,8 milyon manatı xəstəxanaların, 98,8
milyon manatı yerli poliklinika və ambulatoriyaların saxlanılmasına,
232,4 milyon manatı səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 9,1
milyon manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə
aid edilən digər xidmətlər üzrə xərclərə yönəldilib.

Həmçinin səhiyyə xərcləri üçün ayrılan vəsaitin 173,9 milyon manatı
məqsədli proqram və tədbirlərin – vərəmlə mübarizə, səhiyyə
müəssisələrinin yenidən qurulması, ana və uşaqların sağlamlığının
qorunması və digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilib.

Onu da qeyd edək ki, səhiyyə müəssisələrinin inşası, yeni
avadanlıqların alınması yalnız büdcə vəsaiti hesabına həyata
keçirilmir. Heydər Əliyev Fondu, Dövlət Neft Şirkəti və nazirliyin
əməkdaşlıq etdiyi xarici təşkilatlar da bu sahəyə yardım edib. Məsələn,
son illər Heydər Əliyev Fondu sosial yüklü əsas xəstəxana, doğum evi,
müalicə mərkəzlərinin inşasını həyata keçirib.

500 müəssisənin avadanlığı və…

Son dövrlər inşa edilən tibb müəssisələrinin yenidən qurulmasına sərf
edilən ümumi vəsait bəllidir. Amma avadanlıqların alınmasına sərf
edilən vəsait haqqında nə nazirliyin saytında, nə də açıqlamalarda
statistikaya rast gəlinmir. Nazirliyə ünvanlanan suallara isə
“araşdırmadan sonra cavab verərik” kimi cavablar verilir.

Amma nəzərə alaq ki, 500 müəssisənin demək olar hamısında MRT (maqnit
rezonans tomoqrafiya) aparatı quraşdırılıb, deməli, avadanlıqların
alınmasına ən azı 500 min manata qədər vəsait sərf olunur. Bilməyənlərin
nəzərə çatdıraq ki, MRT müayinəsi bahalı müayinələrin sırasındadır
(120-250 manat) və qiymətlər aparatın, eləcə də müayinədə işlədilən
avadanlıqların bahalığı ilə izah olunur.

Xatırladaq ki, Lerik mərkəzi rayon xəstəxanasında neçə illərdir
mütəxəssis yolu gözləyən Cənubi Koreya istehsallı aparatın qiyməti isə
800 min manatdır. Bu aparatdan Cəllilabad, Bərdə və yenilənmiş digər
rayon xəstəxanalarında da var.

Lerik xəstəxanasından deyirlər ki…

Yuxarıda göstərdiyimiz problemlə, yəni mütəxəssis çatışmazlığı ilə
bağlı nazirliyə rəsmi müraciət edilib-edilmədiyini öyrənmək üçün Lerik
mərkəzi rayon xəstəxanası ilə əlaqə yaratmaq istədik. Amma xəstəxanadan
suallara cavab vermək istəmədilər.

Lerik Rayon İcra Hakimiyyətindən isə münasibət belə oldu: “ANS-di də,
nə gəldi çəkir. İTV olsaydı, bu cür xəbər verməzdi. Bizdə mütəxəssis də
var, həkim də. Bakıya ayda bir-iki xəstə gedə bilər, bütün rayon
sakinləri yerli həkimlər tərəfindən müalicə edilir”.

Səhiyyə Nazirliyindən isə məsələyə münasibət açıqlayacaqlarını vəd
etdilər. Yəni mütəxəssis hazırlığı ilə bağlı narahat olanlar hələ
gözləsələr yaxşıdır.

Müəssisələrin yenilənməsi yaxşıdır, amma…

Tibb elmləri doktoru, professor Adil Qeybulla virtualaz.org saytına açıqlamasında tibb müəssisələrinin yenidən qurulmasına, müasir avadanlıqların alınmasına tərəfdardır, amma…

Professor hesab edir ki, yeni avadanlıqlar alınarkən
mütəxəssis hazırlığına da diqqət yetirilməlidir: “Mütəxəssis
çatışmazlığı xüsusilə bölgələrdə daha dərindən hiss edilir. Bu isə
xəstələrin haqlı şikayətlərinə səbəb olur. Doğrudur, hazırda
azərbaycanlı mütəxəssislər Türkiyə və Avropa ölkələrində hazırlıq kursu
keçirlər, ancaq bu da yetərli olmur. Buna görə də hələ bir müddət
mütəxəssis çatışmazlığı problem olaraq qalacaq”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev isə səhiyyə sahəsində islahatların birtərəfli aparıldığını hesab edir.
İqtisadçı virtualaz.org saytına açıqlamasında nazirliyi ittiham etdi:
“Tibb müəssisələri Dövlət Neft Şirkətinin, həm də dövlət büdcəsinin
vəsaiti hesabına yenidən qurulur, müasir avadanlıqlar alınır. Amma tibbi
təhsil sahəsində yenilikləri müşahidə etmirik. Nə Tibb Universitetində,
nə də iki tibb texnikumunda müasir aparatlarla işləməyi bacaracaq
mütəxəssislər hazırlanmır. Səhiyyə Nazirliyi yalnız azərbaycanlı
həkimləri xaricə kursa göndərir ki, bu da mütəxəssis hazırlığı üçün
yetərli deyil”.

A.Mehdiyev dedi ki, dövlət hesabına xaricə oxumağa gedən tələbələr
arasında müasir avadanlıqlarla işləmək istəyənlər yoxdur: “Xaricdə
oxumağa gedənlər arasında bu sahəyə maraq göstərənlər yoxdur, nazirlik
isə təklif vermir. Görünən odur ki, Səhiyyə Nazirliyinin islahatlar
siyasəti birtərəflidir, yalnız pula əsaslanır. Sanki “baxın, pulumuz
var, avadanlıq alırıq” görüntüsü yaradılır. Halbuki islahatlara sistemli
yanaşmaq lazımdır”.

Ekspert özəl tibb müəssisələrinin fəaliyyətinə də toxundu: “Özəl tibb
müəssisələrinin sayı artıb. Amma bu amil nə qiymətə, nə də keyfiyyətə
təsir etmir. Hələ də xəstələr xaricə axın edir. Çünki bizdə qiymətlər
bahadır. Özəl tibb klinikaları xaricdən həkim gətirir, onların reklamı
ilə məşğul olur. Niyə Səhiyyə Nazirliyi mütəxəssis hazırlığına nəzarət
etmir?”

Qeyd edək ki, texnika, tibb sahəsi ildən-ilə inkişaf edir. 2-3 il
əvvəl alınan, mütəxəssis olmadığından üstünü toz basmış avadanlıqların
yeninə daha mükəmməli istehsal edilir. Nazirlik isə yeniliklərə
avadanlıqla deyil, mütəxəssislərlə başlamalıdır. Ən azı bu haqda
düşünməlidir…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3693

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930