Baş Nazirin qızı da rüşvət qalmaqalına qarışdı

26.01.2014 - 21:24

Süməyya Ərdoğanla iş adamı arasında “villa sövdələşməsi”

Rüşvətə əməliyyatı Türkiyə gündəmini zəbt edəndən bəri ən çox
diqqət mərkəzində olanlardan biri də baş nazir Rəcəb Tayyib Ərdoğanın
ailəsidir.

Süməyya Ərdoğanla iş adamı arasında “villa sövdələşməsi”
Rüşvətə əməliyyatı Türkiyə gündəmini zəbt edəndən bəri ən çox
diqqət mərkəzində olanlardan biri də baş nazir Rəcəb Tayyib Ərdoğanın
ailəsidir.
 
 

Əvvəlcə Bilal Ərdoğan gündəmə gəldi…

Ərdoğan ailəsini ilk gündəmə gətirən baş nazirin oğlu Bilal Ərdoğanla
bağlı çıxan rüşvət ittihamları oldu. İstanbul Cümhuriyyət
Prokurorluğunun ilk vaxtlar işi araşdıran prokuroru Müəmmər Akkaş
çəkinmədən B.Ərdoğanı da şübhəlilər siyahısına salmış və ifadə verməsi
üçün istintaqa çağırmışdı. Sonradan iş Akkaşdan alınaraq başqa
prokurorlara verildi və B.Ərdoğanın adı faktiki olaraq şübhəlilər
siyahısından çıxarıldı. Lakin bu tədbir belə, onunla bağlı rüşvət
iddialarını gündəmədən çıxara bilmədi. Elə Türkiyə Böyük Millət
Məclisində AKP-çi və CHP-çi deputatlar arasında yaşanan son yumruq
davasının səbəbkarı da Bilal Ərdoğan olmuşdu. CHP-çi deputatın baş
nazirin oğlunun istintaqdan yayınması ilə bağlı fikirləri hakim
partiyadan olan millət vəkillərini özündən çıxarmış, nəticədə
müxalifətdən olan deputat gözündən ağır zədə almışdı. B.Ərdoğanın vəkili
isə açıqlama verərək müvəkkili barəsində bugünə qədər saxlanılma və
istintaqa çağırılma qərarının olmadığını bəyan etmişdi. Halbuki Türkiyə
mətbuatı M.Akkaşın imzası ilə B.Ərdoğana göndərilən çağırış vərəqəsini
əldə etmiş və fotosunu yaymışdı.

Hər fürsətdə ailəsi ilə bağlı iddiaları yalanlayan baş nazir Ərdoğan
isə “övladlarımdan hər hansı rüşvət və korrupsiyaya bulaşarsa, bir
dəqiqə yanımda saxlamaram, övladlıqdan rədd edərəm” demiş, bu cür yalan
xəbərlərin müəllifi kimi müxalifəti ünvan göstərmişdi.

Növbə Süməyya Ərdoğana çatdı…

Bilal Ərdoğanla bağlı məsələ səngiməmiş indi də baş nazirin qızı
Süməyya Ərdoğanın adı rüşvət qalmaqalına qarışdı. Mətbuatın yazdığına
görə, hökumətə yaxınlığı ilə tanınan iş adamı Mustafa Latif Topbaşla baş
nazir Ərdoğan və qızı Süməyya arasında baş tutan telefon danışıqları
üzə çıxıb və səs yazıları internetdə yayılıb. Məlumat üçün deyək ki,
M.Topbaş da rüşvət əməliyyatında adı keçən və əmlakına həbs qoyulan iş
adamlarından biri idi. “BİM” adı altında nəhəng marketlər şəbəkəsinə
sahib olan bu, eləcə də əməliyyatda adı keçən bir neçə başqa iş adamı
sonradan hökumətin qərarı ilə bütün əmlaklarını geri qaytara bildilər.

Beləliklə, telefon danışıqlarında söhbət, İzmirin Urla adlanan
ərazisində tikilmiş villalardan gedir. Baş nazirə “Abi” (qardaş) deyə
müraciət edən Topbaş ötən il yanvarın 5-də ondan Urlanın Zeytinli
kəndində yenidənqurma işləri üçün dəstək istəyib. Kənddə 8 villa
tikdirdiyini deyən iş adamı İzmirin o vaxtkı valisi Cahit Kıraçın onları
sökdürmək istəməsindən şikayətlənib. Məhz bu söhbətdən 4 ay sonra Kıraç
vəzifəsindən uzaqlaşdırılmış və Diyarbakır valiliyinə təyin olunmuşdu.

Baş nazirin qızı: “Villalardan ikisini bəyənmişik”

İkinci telefon söhbəti Süməyya Ərdoğanla Topbaş arasında olur.
Süməyya iş adamına “amca” (əmi) deyə mürajiət edərək anası Əminə
Ərdoğanla villa planlarına baxdıqlarını, iki villanı bəyəndiklərini
bildirir. Lakin əlavə edir ki, planlarda bəzi dəyişikliklər etmək,
məsələn, seçdikləri villanın yaxınlığındakı hovuzun ətrafının
qapadılmasını istəyirlər. Buna cavab olaraq Topbaş bu söhbətlərin
telefon və ya internetlə edilməməli olduğunu xatırladır və təklifləri
qeydə almaq üçün axşam baş nazirin evinə gələcəyini bildirir.

Üçüncü telefon söhbəti Topbaşla Mədəniyyət və Təbii Sərvətləri
Mühafizə İdarəsinin bir məmuru arasında olur. İş adamı villalarının
yerləşdiyi ərazidə yenidənqurma işləri ilə bağlı izn sənədinin çıxmasını
və bu imtiyazdan ondan başqa heç kimin istifadə etməməsini istəyir.
Məmur isə ona belə bir şeyin mümkün olmadığını, izn veriləcəyi təqdirdə,
bunun hər kəsə şamil ediləcəyini bildirir. Və əlavə edir ki, çıxış yolu
universitetdən hesabat sənədini almaqdır.

Yenə baş nazirlə Topbaş arasında olan dördüncü telefon söhbətində iş
adamı “Bodrumda nə işiniz var? Gələrdin burada bir yerdə dincələrdik”
deyir. Ərdoğan da “Bura da eynilə oranın fərqli formasıdır. Xanım necə
deyibsə, yoldaşlar buranı o cür düzəldiblər” deyə cavab verir. Və sözünə
belə davam edir: “Qardaş, onu hələ həll etməyiblər? Süməyya sizə
razılıq verib axı”. İş adamı da “Mayın sonlarına bitiririk İnşallah”
deyə cavab verir.

Beşinci telefon söhbətində Topbaş növbəti dəfə Ərdoğandan kömək
istəyir. Və baş nazirin ərazi məsələsi ilə bağlı rüşvət əməliyyatından
sonra istefa verən keçmiş Ətraf və şəhərsalma naziri Ərdoğan Bayraqdarı
məlumatlandırmasını xahiş edir. Ərdoğan da cavabında “ölkə xaricində
deyilsə, zəng edib deyərəm” deyə bildirir.

130 minlik sövdələşmə

Ötən ilin noyabr ayında baş tutan növbəti telefon söhbətində yuxarıda
qeyd olunan məmur iş adamına zəng edərək lazımi sənədin hazır olduğunu
və bunun üçün 130 min lirə ödəniş edilməli olduğunu bildirir. 100 min
lirənin 5 müəllim arasında bölünəcəyini, 30 minin də onun özünə
çatacağını deyir. Həmçinin bildirir ki, hesabatı hazırlayan müəllim
pulun onun hesabına köçürülməməsini istəmir. Topbaş da həm tələb olunan
məbləğ, həm də pulun köçürülmə şəkli ilə razılaşır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3703

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930