AMEA rəhbərliyi yaşlı alimləri işdən çıxaracaq
AMEA rəhbərliyi bu elm müəssisəsində çalışanlar üçün radikal tədbirləri davam etdirir.

Akademiya rəhbərliyi artıq AMEA institutlarının
rəhbərlərinə yaş məhdudiyyəti senzinin tətbiq oluna biləcəyi barədə
göndəriş ünvanlayıb. Eyni zamanda bildirilir ki, AMEA rəhbərliyi
məsələyə baxılması üçün Nazirlər Kabinetinə də elmi işçilər üçün yaş
məhdudiyyəti senzinin tətbiqi ilə bağlı təklif göndərib.
“Alimin gənclik enerjisi və müdriklik yaşı var! Alimin məhsuldarlıq
dərəcəsi var! Moskvalı böyük estetik Yuri Borisoviç Borevin 90 yaşı var,
üç yerdə işləyir və yüksək məhsuldarlıqla fəaliyyət göstərir! Eləcə də
bizim alimlərin bir çoxu!! Elmdə varislik ənənələrini pozmaq olmaz, bu
ictimai fəlakət doğurar! Sələflər və xələflər hər bir sahədə, xüsusilə
elmdə vacib məsələlərdəndir! Elmə, alimə azadlıq vacibdir” deyən yaşlı
alimlər Modern.az-a şikayətlərində vurğulayıblar.
Xatırladaq ki, hazırda Azərbaycandakı rəsmi idarə, müəssisə və
təşkilatlarda işçilərə yuxarı yaş senzi kimi 65 yaş məhdudiyyəti tətbiq
olunur.
Qeyd edək ki, AMEA rəhbərliyi bir müddət öncə işə davamiyyəti
artırmaq və işçilərin işdən yayınma hallarını qarşını almaq məqsədilə
kart sistemi (“turniket”) də tətbiq etməyə başlayıb. AMEA
institutlarının girişində qoyulan “turniket”lər bu strukturda çalışan
elmi işçilərin narazılığına səbəb olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=3709