Tağı Əhmədov milyonlarl yeraltında necə “itirir”?

27.01.2014 - 00:54

Bitib tükənməyən təmir-tikinti serialı Metrodakı yenidənqurma işləri başa çatmır

Bakı Metropoliteninin rəisi, jurnalistlərə qarşı aqressivliyi ilə
seçilən Tağı Əhmədovun metronun ayrı-ayrı stansiyalarında apardığı
təmir-tikinti işləri bitib tükənmək bilmir. Tağı Əhmədov “İçərişəhər”
stansiyasında sonu bilinməyən təmir-tikinti işlərinə hələ 6 il bundan
əvvəl start verdi. Stansiyanın yenidən qurulmasına 2008-ci ilin iyul
ayında başlanıldı. Həmin vaxt bu işə 15 milyon manat vəsait sərf edildi.
Stansiyanın giriş hissəsi piramida şəklində quruldu, konstruksiyası
metal və şəffaf şüşədən quraşdırıldı. Bundan cəmi 1 il sonra nə oldu-nə
olmadı bilmirik, yenidən təmir işlərinə start verildi. Belə ki, 2008-ci
ildə uzun fasilələrlə təmirə dayanan “İçərişəhər” metrostansiyası
2009-cu ildə yenidən bağlandı. Metro qatarları “Sahil” stansiyasından
əks istiqamətə qayıtmağa başladılar. Stansiyanın fəaliyyətinin
dayandırılması rekonstruksiya işlərinin aparılması ilə izah edildi.
Habelə, həmin gündən etibarən stansiyada eskalatorların əvəzlənməsi
işlərinə başlandı.

Eskalatorların əvəzlənməsi işləri sentyabr ayının 10-dək tam başa
çatdırıldı. Budur, metropoliten rəhbərliyi yenidən “İçərişəhər”
metrostansiyasında təmir işlərinə start veriblər. Bakı Metropoliteninin
elektrik təchizatı xidmətinin rəisi Əlixan Osmanov “İçərişəhər”
yarımstansiyasının yenidənqurmaya ehtiyacı olduğunu bildirib və qeyd
edib ki, bunun üçün ona metropoliten rəhbəri Tağı Əhmədov tərəfindən
müvafiq hesablamaların aparılmasını və idarə rəisinə təqdim olunması
tapşırılıb. Xidmət rəisi əlavə edib ki, Tağı Əhmədov ona tunellərdə olan
mövcud xətlərin bir-birindən ayrılması başlayanadək “Nizami”
yarımstansiyasının dartı-azaldıcı yarımstansiyaya çevrilməsi üçün lazım
olan yenidənqurma işlərinin layihəsini təqdim etməyi tapşırıb.
Metropolitendə sərnişinləri bezdirən daha bir təmir-tikinti işləri “28
May” stansiyasında başladı. Hələ 2012-ci ildə stansiyanın eskalatorları
təmirə dayandı. Stansiyanın yeni eskalatorları sentyabrın 15-də saat
12:00-da istifadəyə verildi. “28 May” stansiyasının Cəfər Cabbarlı
meydanında yerləşən əsas giriş-çıxışında quraşdırılan yeni eskalatorlar
uzun müddət sonra sərnişinlərin istifadəsinə verildi.

Burada sökülmüş LT tipli 3 ədəd eskalatorun əvəzinə Almaniyanın
“Thyssen Krupp” şirkətinin “Viktoriya” tipli 4 ədəd eskalatoru
quraşdırılıb. Amma bütün bunlara baxmayaraq “28 May” metrostansiyası
ötən il yenə təmirə bağlandı. Metropolitendən verilən məlumatda
bildirilirdi ki, stansiyanın fasad tərəfinin yenidən qurulması ilə
əlaqədar olaraq, yanvarın 21-dən etibarən “28 May” stansiyasının giriş
və çıxışı bağlandı. Sərnişinlər Salatın Əsgərova küçəsinə çıxan “Cəfər
Cabbarlı” stansiyasının giriş və çıxışından istifadə etməyə başladılar.
Metropolitendən yenidənqurma işlərinin hansı müddət ərzində aparılacağı
dəqiqləşdirilmədiyindən təmir-tikinti işləri hələ də davam edir. Düz 6
gündən sonra “28 May” metrostansiyasının təmirə dayanmasından 1 il ötür.
Bir il müddətində Bakıda 3-4 stadion tikmək olardı.

Bir ilə bir stadion tikmək olardı Tağı Əhmədov! Çox uzağa getməyək,
Avroviziya mahnı yarışmasının keçirildiyi “Cristall hall” 5 aya başa
gəldi. Amma metropoliten 28 May” metrostansiyasının fasadının təmirini
bir ildir başa çatdıra bilmir. Metropoliten rəsmiləri “28 May” metro
stansiyasında tikinti işləri ilin sonunadək yekunlaşacağını vəd etsələr
də, təmir-tikinti işləri 2013-cü ilin dekabrın başa çatmadı. Bakı
Metropolitenin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov metro
stansiyasında tikinti işləri 2013-cü ilin sonuna qədər
yekunlaşdırılacağını desə də, bunun şahidi olmadıq. Düzdür, stansiyada
bir sıra işlər görüldü: – təmir-tikinti işləri çərçivəsində metro
stansiyasında hazırda divar və döşəmələrə qranit və mərmər döşəndi. Eyni
zamanda, stansiyanın vestibül damı təzələndi. Qeyd edək ki, “28 May”
metro stansiyasının əsas çıxışı 2012-ci ildə giriş üçün bağlandı.

Yenidənqurma işləri ilə əlaqədar sərnişinlər artıq uzun müddətdir,
əsas çıxış, ikinci çıxış, eləcə də “Cəfər Cabbarlı” stansiyasının
çıxışından da istifadə etməyə məcbur olublar. Təmir işləri çərçivəsində
stansiyada eskalatorlar yeniləri ilə əvəz edilib, eyni zamanda onların
sayı 3-dən 4-ə qədər artırılıb. Metronun 28 may stansiyası təmir olunsa
da, burada insanları dağ-xizək komplekslərindəki kimi sürüşüb zədələnmək
təhlükəsi gözləyir. Məsələ burasındadır ki, xizək komplekslərindən
fərqli olaraq, metroya insanlar xüsusi qoruyucu vasitələr geyinmirlər.
Metropoliten rəisi isə mövzuya bu dəfə də özünəməxsus münasibəti ilə
seçilib: “Ay yoldaş firma, oranı sən düzəldirsən, ancaq məni qoyublar
xizəyin üstə sürüşdürürlər. İndi bilmirəm, sən sürüşdün, mən sürüşdüm,
amma bütün dünya görür mən sürüşürəm”. Xeyli vaxtdır təmirə dayanan
metronun “28 may” stansiyasında təmir işləri davam etsə də, bəzi
hissələrində işlər artıq yekunlaşıb. Məsələn, stansiyanın platforması
büsbütün yenilənib.

Təmir abadlıq əslində göz oxşamağa hesablanıb. Daha gözü kor etməyə
yox. Çünki “28 May” metrostansiyasının içərisinə düzülən mərmərin
üzərində sürüşmədən hərəkət etmək mümkün deyil. Bu səbəbdən ayağı
sürüşüb yıxılanlar ən yaxşı halda şikəst qalar, ən pis halda da gözü kor
olar. Qəribədir, metropolitenə xərclənən milyonlarla manat hara gedir?
Bu qədər vəsaitin sərfiyyatına rəğmən stansiyalar niyə tez-tez təmirə
dayanıdırılır?

Anar Tağıyev

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3712

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031