Ukraynanı silkələyən, Əliyevə qorxulu görünən o sənəd

27.01.2014 - 10:38

Avropa Birliyi ilə assosiasiya sazişi nədir?

 

Ukraynada hazırda gedən proseslər Yanukoviç hökumətinin Avropa
Birliyi ilə bu ölkə arasında assosiasiya müqaviləsini imzalamaqdan
imtina etməsindən sonra başladı. Ukraynanın Avropaya inteqrasiyasını
istəyən vətəndaşları bu məsələnin ölkənin gələcəyi üçün müstəsna
əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bütün dünyanın gözü önündə parlaq
mübarizə tarixi yazırlar.
Bir müddət əvvəl Ukraynada Avrointeqrasiya
istiqamətindəki demokratik qüvvələrin mübarizəsinin səngidiyi
təəssüratı yaransa da, son günlər baş verənlər Ukrayna cəmiyyətinin sona
qədər getməkdə israrlı olduğunu göstərdi. Yanukoviç hökumətinin
prosesləri güc yolu ilə çözmək cəhdləri ölkədə böhranı daha da
dərinləşdirdi. Hazırda Ukrayna hökuməti nüfuzlu beynəlxalq
təşkilatların, xüsusilə Avropa Birliyinin sərt təzyiqləri ilə üz-üzədir.
Qeyd
etmək yerinə düşər ki, Avropa Birliyi Azərbaycan hökuməti ilə də
Ukraynaya təklif etdiyi analoji sənədlərin imzalanmasına çalışır.
Ukraynaya təklif olunan sənədlərlə tanışlıq göstərir ki, Azərbaycan
hakimiyyəti ölkədə geniş və hərtərəfli islahatların aparılmasını nəzərdə
tutan bu tip müqavilələri imzalamaq fikrində deyil. Ukraynanın Avropa
Birliyi ilə imzalamalı olduğu assosiasiya müqaviləsindəki bəzi hissələri
diqqətinizə çatdırırıq. Məhz müqavilənin bu şərtlərinə nəzər salarkən
Ukraynadakı hazırkı proseslərin və Azərbaycan hakimiyyətinin
Avrointeqrasiyaya dirənişinin səbəbləri aydınlaşır. Beləliklə öncə
gəlin, Avropa Birliyinin Ukrayna ilə imzalamalı olduğu assosiasiya
müqaviləsinin təməl prinsiplərinə diqqət yetirək:

Avropa Birliyi ilə əməkdaşlıq nə vəd edir?

“Demokratik prinsiplərə, insan haqlarına və fundamental azadlıqlara
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) 1975-ci il
Helsinki yekun aktında, 1990-cı il “Yeni Avropa üçun” Paris xartiyasında
və insan haqlarına dair digər beynəlxalq sənədlərdə təsbit olunduğu
kimi hörmət etmək. O cümlədən BMT-nin Insan Haqları Bəyannaməsinə və
Insan Haqlarına dair Avropa Konvensiyasına uyğun olaraq davranmaq,
qanunun aliliyinə hörmətlə yanaşmaq bu sənədin əsas prinsiplərindəndir.
Bu prinsiplər müqaviləni imzalayan tərəflərin daxili və xarici
siyasətlərinin əsas elementlərini təşkil edir. Saziş suverenliyə, ərazi
bütövlüyünə hörməti, kütləvi qırğın silahlarının yayılmasına dair birgə
mübarizəni də nəzərdə tutur.
Tərəflər iqtisadi əlaqələrinin, şəffaf
idarəetmənin, korrupsiyaya, transmilli cinayətkarlığa, terrorizmə qarşı
mübarizənin əməkdaşlığın əsas istiqamətini təşkil etdiyini qəbul edir”.
Avropa
Birliyi ilə əməkdaşlıqda imzalanmalı sənədlərdə daha bir mühüm
istiqamət “siyasi dialoq, islahatlar, xarici siyasət və təhlükəsizlik
sahəsində yaxınlaşma adlanır”. Bu sənəd də tərəflərin assosiasiya
müqaviləsi çərçivəsində imza atacağı mühüm öhdəlikdir:

Siyasi dialoqun məqsədləri

1.Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə siyasi dialoqun
daha da inkişaf etdirilməsi və gücləndirilməsinə çalışacaq. Bu istiqamət
xarici siyasət və təhlükəsizlik məsələlərində tərəflərin tədricən
yaxınlaşmasına kömək edəcək. Məqsəd Ukraynanın Avropa təhlükəsizlik
sahəsində iştirakını daha da dərinləşdirməkdir.
2. Siyasi dialoqun məqsədləri bu istiqamətlər üzrə müəyyənləşdirilir:
(A) siyasi birliyi dərinləşdirmək, siyasi və təhlükəsizlik siyasətini daha da yaxınlaşdırmaq;
(B) Beynəlxalq sabitliyi və təhlükəsizliyi təşviq etmək;
(C)
Tərəflər arasında əməkdaşlıq və dialoqun möhkəmləndirilməsi. Qlobal,
regional problemlərin, təhlükələrin həllində birgə fəaliyyət;
(D) Avropa qitəsində təhlükəsizlik və sabitliyə nail olmaq üçün tərəflər arasında praktiki əməkdaşlıq;
(E)
demokratik prinsiplərə hörmət, onların möhkəmləndirilməsi, qanunun
aliliyinin təmini, effektiv və şəffaf idarəetmənin təşkili. Insan
hüquqlarının, fundamental azadlıqların qorunması, milli azlıqların
sıxışdırılmaması, daxili siyasi islahatların dəstəklənməsi;
(F)
Tərəflər arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı
dərinləşdirmək. Müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı prinsiplərini təbliğ etmək.

Siyasi dialoqun aparılması üçün müddət

1. Tərəflər yüksək səviyyədə müntəzəm olaraq siyasi dialoq keçirməli və təmaslarda olmalıdır.
2. Xarici Işlər Nazirləri səviyyəsində qarşılıqlı razılıq əsasında siyasi dialoq təşkil olunmalıdır.

Xarici siyasət və təhlükəsizlik

1. Tərəflər xarici siyasət və təhüləksizlik məsələlərində daha da
yaxınlaşmaq üçün aralarındakı dialoqu və əməkdaşlığı
intensivləşdirməlidir. Bu əməkdaşlıq ümumi dəyərlərə və maraqlara
əsaslanmalıdır.
2. Bu istiqamətdə Ukrayna, Avropa Birliyi və
Təşkilatın üzvü ABŞ müstəqillik, suverenlik və ərazi bütövlüyü,
sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqdir.

Regional sabitlik

1. Tərəflər sabitlik, təhlükəsizlik, beynəlxalq ədalətə və
demokratiyanın inkişaf etdirilməsinə nail olmaq üçün əməkdaşlıq
edəcəklər.
2. Bu səylər beynəlxalq sülhün saxlanılması, BMT-nin nizmnaməsinə riayət edilməsi çərçivəsində reallaşdırılmalıdır.
Eyni
zamanda münaqişələrin qarşısının alınması, böhranların idarə edilməsi
və hərbi-texniki əməkdaşlıq da imzalanan sənədlərin tərkib hissəsinə
daxildir.
1. Tərəflər münaqişələrin qarşısının alınması və
böhranların həllində praktiki əməkdaşlığı artırmağı öhdəlik kimi öz
üzərlərinə götürürlər.
2. Bu sahədə əməkdaşlıq Avropa Birliyi ilə Ukrayna arasında imzalanan əməkdaşlıq sənədinə uyğun olmalıdır.
3.
Tərəflər hərbi-texnoloji əməkdaşlıq imkanlarını da nəzərdən
keçirməlidir. Ukrayna və Avropa Müdafiə Agentliyi (EDA) hərbi
potensialın artırılması, təkmilləşdirilməsi məqsədilə müzakirələr
aparmalıdır.

Terrorizmə qarşı birgə mübarizə

Tərəflər terrorizmin qarşısını almaq məqsədilə birgə ikitərəfli,
regional və beynəlxalq səviyyələrdə əməkdaşlığa hazırdır. Beynəlxalq
normalara və insan haqlarına uyğun olaraq terrorizmin qarşısının
alınması istiqamətində əməkdaşlıq.
Müqavilənin “ədalət, azadlıq və
təhlükəsizlik” hissəsi isə qanunun aliliyinin təmini və dəyərlərin
qorunması istiqamətində birgə addımların atılmasını nəzərdə tutur.
Insan
hüquqları və fundamental azadlıqlara hörmətə tərəflər xüsusi önəm
verdiklərini qeyd edirlər. Əsas səylərin hakimiyyətin ayrıca bir qolu
kimi məhkəmə sisteminin möhkəmləndirilməsinə və onun işinin
effektivliyin artırılmasına yönəldiləcəyinin altı xüsusi ilə cızılır:
“Korrupsiyaya
qarşı mübarizə, insan hüquqlarına hörmət, fundamental azadlıqların
qorunması, hüquq-mühafizə orqanlarının işinin effektiv və şəffaf
təşkili.
Tərəflər çirkli pulların yuyulması və terrorizmin
qarşısının alınması üçün birlikdə işləməlidir. Bu məqsədlə tərəflər bu
sahədə ikitərəfli və beynəlxalq əməkdaşlığın genişləndirilməsi
istiqamətində addımlar atmalıdırlar. Narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı mübarizədə də səylər birləşdirilməlidir. O cümlədən qaçaqçılıq,
insan alveri, odlu silah alverinə, iqtisadi cinayətlərə, sənədlərin
saxtalaşdırılmasına qarşı mübarizə”.

Azad iqtisadi zonanın yaradılması

Assosiasiya sazişində xüsusi diqqət yetirilməli sənədlərdən biri də
azad ticarət müqavilələrinin qurulması ilə bağlıdır. Bu müqavilə
iqdisadi sahədə əməkdaşlığa dair bütün detalları özündə birləşdirir.
Məhz bu sənəd Avropa Birliyi ilə onu imzalayan dövlət arasında dərin və
hərtərəfli azad ticarətin qurulmasını, azad ticarət zonasının
yaradılmasını ehtiva edir.

Azərbaycan 350 qanun, 3700-dən artıq standart tətbiq etməlidir

Ukrayna ilə Avropa Birliyi arasında imzalanmalı olan assosiyasiya
sazişinin müddəalarına qısa nəzər salmaqla belə bu sənədin
imzalanmasının Azərbaycan tipli ölkələrin qarşısında hansı geniş
perspektivlər aça biləcəyini gördük. Bu müqavilə ölkənin Avropa
məkanının bir hissəsi olması istiqamətində əhəmiyyətli addım ola bilər.
Çünki tərəflərin üzərlərinə götürdükləri öhdəliklər hərtərəfli
əməkdaşlığı nəzərdə tutmaqla konkret müddət ərzində ölkəni Avropa
standartlarına yaxınlaşdırmağı nəzərdə tutur. Başlıca məqam isə ondan
ibarətdir ki, dövlət idarəetməsinin effektivliyinin artırılması,
şəffaflığın təmini ilk növbədə ölkə vətəndaşlarının firavan həyatının
təmini üçün reallaşdırılır. Qanunun aliliyinin təmini, fundamental
azadlıqların təmini, insan hüquqlarının qorunmasının altının xüsusilə
cızılması Azərbaycan hakimiyyətini Avropa Birliyi ilə əməkdaşlıqda
maraqlı etməyən nüanslardır. Azərbaycanın dövlət başçısı Ilham Əliyev
Avropa Birliyi ilə assosiasiya muqaviləsini imzalamaq niyyətində
olmadığını dəfələrlə bəyan edib. Əslində Azərbaycan hakimiyyətinin bu
cür mövqe seçməsi başadüşüləndir. Çünki Azərbaycan Avropa Birliyi ilə
assosiasiya müqaviləsi imzalasa, bunun ardınca ölkəmiz avrostandartlara
uyğun olaraq 350 qanun qəbul etməli, 3700-dən çox yeni standart tətbiq
edilməlidir. Bütün bu addımlar isə vətəndaş cəmiyyətinin fəallığının
artırılması, onun dövlətin idarəedilməsinə təsirini gücləndirə bilər ki,
bu da hakimiyyətin maraqlarına cavab vermir.

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3720

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930