Hakimiyyətin “xüsusi ittihamçıları”
Yaxud Gültəkin Hacıbəyliyə qarşı məhkəmə məzhəkəsi
Yasamal Rayon Məhkəməsində Milli Şura üzvü Gültəkin Hacıbəyliyə qarşı
xüsusi ittiham qaydasında 24 yanvar tarixli son məhkəmə iclasında
Mahmud Mehdiyevin zərərçəkmiş qismində yalan ifadə verməsi faktı ifşa
olunub.
Xatırladaq ki, Mahmud Mehdiyev məhkəməyə təqdim etdiyi iddia
ərizəsində ailəli olduğunu göstərmişdi. Məhkəməyə ifadə verərkən
Gültəkin Hacıbəylinin təkidlə “Siz ailəlisinizmi? Axı mətbuat sizin
sonuncu həyat yoldaşınızla boşandığınızı yazır?” sualının cavabında “Mən
ailəliyəm, mətbuat yalan yazır” demişdi.
Mahmud Mehdiyevin sonuncu həyat yoldaşı Musayeva Müjgan Füzuli qızı
ilə nigahına xanımın qaldırdığı iddia əsasında Nərimanov Rayon Məhkəməsi
hələ ötən ilin iyul ayında xitam verdiyi halda, Mahmud Mehdiyev 28
oktyabr 2013-cü il tarixli məhkəmə iclasında ona dəfələrlə
aydınlaşdırıcı sual verilsə də, zərərçəkən qismində yalan ifadə verərək
məhkəməni aldadıb. Bununla da o, Cinayət Məcəlləsinin 297.1-ci maddəsi
ilə məsuliyyət daşımalıdır.
Məhkəmədə Gültəkin Hacıbəylinin Mahmud Mehdiyevin CM-in 297.1-ci
Maddəsi ilə xüsusi qərardad qəbul edilərək Baş Prokurorluğuna
göndərilməsi ilə bağlı vəsatətinə isə hakim Sərdar Mehrəliyev çox
aqressiv reaksiya verib. O, “Siz bu barədə artıq vəsatət vermisiniz və
sizə bildirilib ki, bu məsələyə yekunda münasibət bildiriləcək” deyib.
Gültəkin Hacıbəyli hakimin düz danışmadığını, onun öncəki vəsatətinin
tamamilə başqa hal ilə bağlı olduğunu bildirib: “Əvvəlki vəsatətimiz
Mahmud Mehdiyevin 28 oktyabr tarixli məhkəmə iclasında məhkəmə baxışı
iştirakçısı kmi məni təhqir etməklə məhkəməyə hörmətsizlik göstərməsi və
bununla da CM-in 289.1-ci Maddəsi ilə məsuliyyətə cəlb edilməli olması
haqqında idi. Mahmud Mehdiyev hər iki maddə ilə məsuliyyətə cəlb
olunmalıdır”. Hakim isə hər iki vəsatətə yekunda qiymət veriləcəyini
deyib. Lakin bunun baş verəcəyi və Baş Prokurorluğun 2010-cu ildə hərbi
xidmətdən yayındığına və prokurorluq orqanı işçisinə yaraşmayan
hərəkətlər etdiyinə görə işdən qovduğu, 2014-cü ilin yanvar ayında isə,
görünür ki, müstəsna xidmətlərinə görə daha yüksək vəzifəyə bərpa etdiyi
Mahmud Mehdiyevi törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb
edəcəyi inandırıcı görünmür. Yeri gəlmişkən, Mahmud Mehdiyevin bacısı
Aynur Mehdiyevanın törətdiyi insan alveri ilə bağlı əməllərlə bağlı hələ
ötən ilin iyun ayında cinayət işi başlanıb. Iş üzrə zərərçəkən kimi
tanınan filippinli qadın üzləşmədə ona qarşı işgəncələri sübut edib,
amma Aynur Mehdiyeva hələ də cinayət məsuliyyətindən yayındırılır.
Faktiki olaraq bu işdə onu DIN-lə yanaşı Baş Prokurorluq himayə edir.
Iki dəfə rəsmən ailəli olub boşanan, keçmiş nigahlardan olan övladlarını
illərlə itirib axtarmayan, Gültəkin Hacıbəyliyə qarşı 17 may 2013-cü il
tarixdə keçirdiyi mətbuat konfransında ağır böhtanlar və təhqirlər
səsləndirən və buna görə barəsində xüsusi ittiham qaydasında şikayət
verilmiş, prokuroluq orqanlarından qovulan və elə məhkəmənin gedişində
yalan ifadə verməklə cinayət törədən Mahmud Mehdiyevin və bacısının
saxta ittihamları əsasında Gültəkin Hacıbəyli dörd aydır təqib olunur.
Maraqlıdır, görəsən məhkəmə zalında yalan ifadə verməklə cinayət
qanununu kobud şəkildə pozan şəxs, müstəntiq vəzifəsində qanunçuluğu
necə qoruyacaq?
Aşağıdakı kadrlar 24 yanvar tarixli iclasdan sonra Yasamal rayon
məhkəməsinin həyətində çəkilib. Yalnız hakimlərin və məhkəmə işçilərinin
daxil olması iznli olan, kənar şəxslərə isə giriş qadağan edilən bu
qapalı ərazidə Mehdiyevlərin maşın saxlamasına xüsusi icazə verilib.
Eyni zamanda, Gültəkin Hacıbəyli tərəfdən prosesə gələn hər bir şəxs
məhkəməyə girişdə xüsusi yoxlamadan keçirildiyi halda, Mehdiyevlər
hamının gözü qarşısında məhkəməyə sərbəst daxil olurlar. Onlar məhkəməyə
hakim statusunda daxil olur, elə prosesin gedişində də hakimə rəhbər
göstərişlər verir, proses işirakçıları ilə qeyri-etik davranırlar.
Hakimiyyət Mehdiyevlərin göstərdiyi müstəsna xidmətlər qarşılığında, Baş
prokuror Zakir Qaralova üç il əvvəl imzaladığı əmrini geri oxutdurub,
imzasını hörmətsiz etdisə, Mehdiyevlər təbii ki, məhkəmə ilə istədikləri
kimi davrana bilərlər. Səhvini düzəldən Zakir Qaralovdan sonra yəqin
ki, Daxili Işlər Nazirliyi də iki idarəsinin 13 iyun 2013-cü il
tarixində qanunsuz birgə əməliyyat tədbiri keçirdiyini etiraf edəcək və
Aynur Mehdiyevaya böhtan atdıqlarına görə ondan üzr istəyəcək. Məhz
Mehdiyevlərə, daha doğrusu bütün baş verənlərin “səbəbkarı” olan
Gültəkin Hacıbəyliyə görə DIN-in və Baş Prokurorluğun nüfuzu xərclənir,
Mətbuat Xidmətlərinin fəaliyyəti iflic olub. Günlərlə davamlı şəkildə
zənglər etsək də, həm Aynur Mehdiyevanın işindən, həm də Mahmud
Mehdiyevin təyinatından danışmaqdan boyun qaçırırlar. Yəqin, deməyə söz
tapmırlar. Bizcə, əlavə şərhə ehtiyac yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=3724