Kliçkonun ən ağır döyüşü…
Günümüzün Maydan qəhrəmanı haqqında bildiklərimiz və bilmədiklərimiz
100 milyon dollar təklifinə cavab: “Bizim bir anamız var. Ananın ürəyi neçəyədir? Onun qiyməti yoxdur”
Ukraynada baş verən hadisələr dünyanın
diqqətini bu ölkəyə yönəldib. Hadisələrin mərkəzində isə Maydan
hərəkatından xeyli əvvəl ölkəsini dünyada təmsil edən bir şəxs dayanır.
2004-cü ildən Ukrayna qəhrəmanı titulunu daşıyan Maydanın qəhrəmanı
Vitali Kliçkonu dünya boks rinqində tanıyıb.
35 döyüş, 34 qələbə
“UDAR” partiyasının sədri, tanınış siyasətçi və boksçu Vitali Kliçko
1971-ci ildə atasının xidmət etdiyi Qırğızıstanda doğulub. 1984-cü ildə
Ukraynaya köçən Kliçko idmanla məşğul olmağa başlayır. Orta məktəbi
bitirəndən sonra hərbi xidmətə yollanır, daha sonra isə Pedaqoji
Universitetdə təhsil alır. 1996-cı ilə qədər Ukrayna ordusunda zabit
kimi xidmət edən Kliçko Hərbi Hava Qüvvələri kapitanı rütbəsində ordudan
tərxis olunur. Bədən tərbiyəsi və idman sahəsi üzrə elmlər namizədi
olan idmançı 2011-ci ildə Ukrayna prezidenti yanında Milli Idarəçilik
Akademiyasını bitirib. “Ictimai inkişafın idarə edilməsi” ixtisası üzrə
magistr dərəcəsi alıb.
Vitali idman karyerasına kikboksçu kimi başlayıb. Kikboksçu kimi 35
döyüşdən 34-də qalib gələn Vitali döyüşlərdən 22-ni vaxtında əvvəl başa
çatdırıb. 1996-cı ildə həvəskar boksda uğurlu karyeradan sonra (95
döyüş, 80 qələbə, 72 nokaut, 15 məğlubiyyət) kiçik qardaşı Vladimirlə
birgə peşəkar boksda debüt edir.
Atlanta olimpiadasında iştirak etməli olan Vitalinin qanında zədəsini
sağaltmaq üçün istifadə etdiyi steroidlər aşkarlandığından o,
olimpiadadan kənarda qalır. Əvəzində Ukraynanı bu yarışlarda kiçik
qardaşı Vladimir təmsil edir.
1999-cu ildə World Boxing Organization (WBO) versiyasında dünya
çempionu titulunu qazanır. 2004-cü ildə World Boxing Council (WBC)
versiyasında dünya çempionu olur. 2005-ci ildə karyerasını başa
vurduğunu elan edən Kliçko 2007-ci ildə yenidən rinqə qayıtdığını desə
də, belindəki zədə yarışlara qatılmağa imkan vermir. Peşəkarlar arasında
WBO (1999, 2000-ci illər) və WBC (2004, 2005, 2008-ci illər)
versiyalarında dünya çempionu olan Kliçko kikboksinq üzrə altıqat dünya
çempionu, boks üzrə üçqat Ukrayna çempionu, Hərbçilər arasında ilk Dünya
Oyunları çempionu, həvəskarlar arasında dünya çempionatının gümüş
mükafatçısı, peşəkarlar arasında dəfələrlə Avropa çempionu adını
qazanıb.
1999-cu ildə ardıcıl 26 döyüşdə nokautla qalib gələn superağır çəki
kateqoriyasında ilk dünya çempionu kimi Ginnesin “Rekordlar” kitabına
düşür. Döyüşlərdə qələbə qazanmaq üçün rinqdə minimal sayda raund
keçirən dəmir yumruq ləqəbli Kliçko bununla Mayk Taysonun rekordunu
qırıb. Idmanda nailiyyətlərinə görə Ukraynanın əməkdar idman ustası
adını qazanıb. Bundan əlavə, “Xidmətlərinə görə” 1, 2, 3-cü dərəcəli
ordenlərə, “Igidliyə görə” orden, “Ukrayna qəhrəmanı” adına layiq
görülüb. Eyni zamanda gənclərlə apardığı işlərə görə “Almaniya Federativ
Respublikası qarşısında xidmətlərə görə” Kavalerist xaç ordeni ilə
təltif edilib.
2008-ci ildə dörd illik fasilədən sonra rinqə qayıdıb qələbə qazanan
Kliçko “Laurens” Dünya Idman Akademiyasının “Ilin qayıdışı”
nominasiyasında nüfuzlu mükafata layiq görülüb.
Həmin il keçirdiyi döyüşdə qələbə qazanaraq növbəti dəfə WBC
versiyasında dünya çempionu titulunu qoruyan Vitalinin bu qələbəsindən
sonra Kliçko qardaşları növbəti dünya rekorduna imza atdılar. Peşəkar
boks tarixində ilk dəfə olaraq eyni vaxtda iki qardaş WBC, IBF və WBO
versiyalarında dünya çempionu titulunu qazanıb.
YUNESKO-nun “Uşaqlar üçün təhsil” beynəlxalq proqramında fəal
iştirakına görə Vitali Kliçko “Uşaqlar üçün qəhrəman” titulu ilə təltif
edilib.
Rinqdə sonuncu döyüşünə isə 2012-ci ilin sentyabrın 8-də çıxıb.
Moskvada keçirilən döyüşdə Kliçko WBC versiyası üzrə dünya çempionu
titulunu qoruyub saxlayıb.
Karyerası dövründə bir dəfə də olsun nə nokauta, nə də noqdauna düşməyib.
2007-ci ildə Andruşev astronomik rəsədxanasının kəşaf etdiyi asteroid Kliçko qardaşlarının şərəfinə adlandırılıb.
Kliçko son 14 ili Ukrayna ilə yanaşı Almaniyada da yaşayır və bu
ölkənin ən iri vergi ödəyicisi olan idmançılardan biridir. Kifayət qədər
böyük sərvəti olan və bu pulları əsasən ölkəsindən kənarda qazanan
Kliçko Ukraynada qazandığı pulları uşaq evlərinə köçürür.
2004-cü ildə növbəti qələbəsindən sonra döyüşün aparıldığı zalda
Vitali Kliçkonun üzərinə narıncı kağız parçaları töküldü. Arxasında isə
“Belə, Yuşşenko!” şüarı yazılmış plakat asıldı. Bu döyüşün final akkordu
Kliçko qardaşlarından böyüyünün siyasi karyerasının başlanğıcı oldu.
Sonrakı illərdə o, idman əzmkarlığı ilə Ukraynanın siyasi Olimpində
özünə yer qazana bildi.
“Kiyevlilərin həyatını dəyişmək istəyirəm”
2003-cü ildə qardaşı ilə birgə “Kliçko qardaşlarının xeyriyyə
fondu”nu yaradan Vitali siyasi fəaliyyətinə 2004-cü ildə Ukraynada
narıncı inqilab baş verən dövrdə başlayıb. Həmin ilin payızında Vitali
Kliçko prezident seçkilərində Viktor Yuşşenkoya dəstək verdi. 2006-cı
ildə Yuşşenko Vitali Kliçkonu müşavir təyin etdi. Həmin il Kliçko Kiyev
şəhər sovetinin deputatı seçilib. Iki dəfə Kiyev meri postuna
namizədliyini irəli sürən Kliçko birinci dəfə üçüncü, ikinci dəfə isə 25
faiz nəticə ilə ikinci yer tutur. Kliçko 2010-cu ilin aprel ayında
“UDAR” partiyasını yaradır.
Deputat mandatı Kliçkonun siyasi arzularının obyekti deyildi. 2007-ci
ildə o, parlament seçkilərinə qatılmaqdan imtina etdi. Əsas hədəf Kiyev
meri postu idi. O zaman Kliçko Ukraynada, o cümlədən paytaxt Kiyevdə
yaranan vəziyəti dəyişmək niyyətində olduğunu bildirirdi: “Kiyevlilərin
həyatını dəyişmək üçün paytaxt meri seçkilərində qalib gəlmək istəyirəm.
Idmanda isə qardaşım ikimizin də yerinə döyüşər. O, dörd aparıcı
versiyada dünya çempionu titullarını birləşdirmək gücündədir. Ancaq
siyasətdə rəqiblər boksdakından çətindir”.
2012-ci ildə Kliçkonun rəhbərlik etdiyi “UDAR” partiyası parlament
seçkilərində 13,96 faizlə səslə Regionlar Partiyası və “Batkivşina”dan
sonra üçüncü yer tutur. Ali Radada 42 deputatla təmsil olunan “UDAR”
fraksiyasının lideridir. Vitali Kliçko ötən ilin oktyabr ayında 2015-ci
ildə keçiriləcək prezident seçkilərinə qatılacağını da bəyan etdi.
Onun böyük arzusu…
Vitali Kliçkonun bir arzusu var. O nə vaxtsa Kiyevdə küçələrin
birinin onun adını daşımasını istəyir. Ancaq idman naliyyətinlərinə görə
yox, siyasi uğurlarına görə tarixə düşmək istəyir. Xalqının qəhrəmanı
kimi tarixə düşmək üçün bəlkə də ən uğurlu vaxt məhz indidir. Bir aydan
çoxdur Ukraynada prezident Yanukoviçin Rusiyayönlü siyasətinə qarşı
etirazların mərkəzində Vitali Kliçko dayanıb. Bu böhran Kliçkonun siyasi
uğurunun təməlini qoya bilər.
Ukraynada Kliçkoya qəhrəman kimi yanaşırlar. Idman meydanında
başlayan qəhrəmanlıq siyasi meydanda da uğurla davam edir. Siyasi
dairələrdə təmiz reputasiyalı şəxs kimi tanınan Kliçko korrupsiya ilə
mübarizəni əsas prioritet sayır. Ancaq parlamentin konstitusiyaya etdiyi
dəyişiklik Kliçkonun seçkilərə qatılmasını əngəlləyə bilər. Dəyişikliyə
əsasən, prezidentliyə namizəd son on ili ölkədə yaşamalıdır. Kliçko isə
daha çox Almaniyada yaşayır. Vitali Kliçko bu dəyişikliyin ona qarşı
olduğuna əmindir. Çünki artıq Yanukoviç hakimiyyəti Avopada da böyük
rəğbət qazanan Vitali Kliçkonun nüfuzunun günü-gündən artdığın
fərqindədir. Son sorğularda Kliçko Yanukoviçi 10 faiz qabaqlayıb.
Dekabrda Almaniyanın xarici işlər naziri Maydana Kliçko ilə birgə
gəldi. Hadisələrin ilk günlərində müxalifət liderlərindən məhz Kliçko
iki dəfə Fransaya gedərək bu ölkənin rəsmiləri ilə görüşdü. Vilnüdə
Avropa Birliyi təmsilçilərinin görüşünə də Ukraynadan Kliçko dəvətli
idi. Avropalı rəsmilər açıq şəkildə Kliçkonun bu hadisələrin mərkəzində
olduğunu və müxalifətin aparıcı simasına çevrildiyini etiraf edir.
Kliçkonun xalq arasında nüfuzu onun Kiyevdəki aksiyaları idarə etməsinə
və meydanı ələ almasına ciddi yardım edir. Maydanda yarana biləcək
təxribatın qarşısını dəfələrlə alan da Kliçko olub.
“Nadya ana ayağını yerə vurub dedi: “Olmaz!”
Vitali və Vladimir Kliçko qardaşları bir çox dünyaca məşhur və hətta
məğlubedilməz sayılan boksçuları məğlub etməyi bacarıb. Lakin qardaşlar
boks həvəskarlarının görmək arzusunda olduğu bir döyüşün heç vaxt
reallaşmayacağını deyib. Vitali və Vladimir Kliçko arasında döyüşün baş
tutması üçün hətta 100 mln dollarlıq təklif gəlib. Lakin qardaşlar
imtinaların sadə bir səbəbi var. Anaları onlara bir-biri ilə döyüşməyi
qadağan edib – “Nadya ana ayağını yerə vurub dedi: “Olmaz!”.
“Bizə deyiblər ki, iki qardaş rinqə çıxsanız, buna görə sizə 100
milyon dollar veriləcək. Lakin bizim bir anamız var. Ananın ürəyi
neçəyədir? Onun qiyməti yoxdur. Biz nəyə görə bir-birimizlə
döyüşməliyik. Iki qardaşın titullarını bölüşməsi gözəl hissdir”,- deyə
Vladimir müsahibələrinin birində bildirib. Vitali də bu məsələdə qardaşı
ilə eyni fikirdədir. Bununla belə boks aləmində əksəriyyət bir
fikirdədir – Kliçkonu məğlub edəcək bir boksçu varsa, o da o biri
Kliçkodur.
Rinqdə və siyasi meydanda qazanılan qələbə
Bu yaxınlarda boksçu və siyasətçi Vitali Kliçko superağır çəkidə WBC
versiyanda fəxri çempionluq titulu ilə təltif edilib. Öz rəsmi
bəyanatında Ümumdünya Boks Şurası Kliçkonun rinqdə və siyasi meydanda
etdiklərinə görə bu titulu qazandığını bildirib: “Vitali Kliçko
həyatında ən vacib döyüşünü keçirir. Ancaq bu dəfə rinqdən kənarda.
Küçələrdə insan haqları, ədalətli məhkəmə və Ukrayna kimi böyük ölkədə
sülh uğrunda mübarizədə həmvətənlərinə başçılıq etməklə Vitali dünyaya
göstərir ki, onda əsl çempion ürəyi var”.
Boks qurumu etiraf edir ki, Kliçko hazırda ölkəsi uğrunda döyüşə
çıxdığından çempion titulunu qorumaq üçün konkret vaxt təyin edə bilmir.
Bu səbəbdən də o fəxri çempion adına layiq görülür.
Kliçko isə həyatının bəlkə də ən əhəmiyyətli döyüşünə hazırlaşır. Bu
döyüş dar rinqdə deyil, Ukraynanın geniş meydanlarında gedəcək. Qələbə
isə tək Kliçko qardaşlarının deyil, Ukrayna xalqının qələbəsi olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3726