Avtomobillərə kreditlərin verilməməsinin pərdəarxası…
“Avtomobil kreditləşməsinin dayandırılması banklara böyük zərbədir”“Avtomobil kreditləşməsinin dayandırılması banklara böyük zərbədir”
Samir Əliyev: “Banklara qoyulan məhdudiyyət avtomobil bazarında ucuzlaşmaya səbəb ola bilər”
– “Bank Standart” avtomobil krediti verirmi?
– Xeyr, artıq avtomobil kreditləri verilməsi dayandırılıb.
– Səbəb nədir?
– Mərkəzi Bankdan belə bir tapşırıq gəlib və bundan sonra bizim bankımız avtomobil kreditlərinin verilməsini dayandırıb.
Avtomobil kreditləri ilə bağlı daha bir-neçə bankdan da eyni cavabı
aldıq. Digər mal və xidmətlərə gəldikdə, banklar indi bu kreditləri də
arayışsız vermirlər.
“Dəmirbank”: “Hazırda mebel, soyuducu, televizor və s. avadanlıqlar üçün kreditlər də ancaq arayışla verilir”.
Hələ ki Mərkəzi Bankın avtokreditlərə qoyduğu məhdudiyyətin nə vaxt aradan qaldırılacağı bəlli deyil.
Mərkəzi Bankın açıqlaması
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu addım kredit
portfelinin keyfiyyətinin qorunub saxlanılmasına, borcalanların maliyyə
vəziyyətinin pisləşməməsinə və bankların maliyyə dayanıqlığının
artırılmasına xidmət edir.
Mərkəzi Bank maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə
banklara “məsuliyyətli borc vermə” prinsiplərinə uyğun olaraq işlərini
intensivləşdirməyi və bu sahəyə nəzarəti artırmağı tapşırıb.
“Azərbaycan bankları xarici sahibkarları inkişaf etdirir”
Iqtisadçı Samir Əliyev avtomobil kreditinə qoyulan məhdudiyyəti
əslində bankların özünün yaratdığı problem sayır. Banklar daha çox
müştəri və daha çox gəlir əldə etmək üçün arayışsız kreditlər verməyə
başlayıblar.
Indi ümumi kredit qoyuluşunda istehlak kreditlərinin payının 40 faizi
və ya 6 milyard manatı keçdiyini bildirən iqtisadçı mövcud vəziyyəti
çox təhlükəli sayır: “Ölkənin inkişafı üçün biznes kreditləşməsi
vacibdir. Amma biznesdə böyük risklər olduğundan banklar istehlak
kreditləşməsinə qaçır. Bu zaman banklar biznes sahəsinə pul ayırmırlar.
Istehlak kreditlərinin payının 40 faizə çatması o deməkdir ki, əhalinin
gəlirlərinin 20 faizi borclanmaya gedib. Azərbaycan kimi ölkələrdə bu,
təhlükəlidir və narahatlıq doğurmaya bilməz. Misal üçün, bu, Almaniya
üçün təhlükəli deyil. Çünki orda avtomobil ölkənin öz istehsalıdır və
kreditlərin götürülməsi əslində avtomobil sənayesinin inkişafına səbəb
olur”.
Samir Əliyev deyir ki, Azərbaycanda avtomobil istehsalı olmadığından
bankların avtomobil kreditləri verməsi dolayı yolla xarici ölkə
sahibkarlarının inkişafına xidmət edir:
“Nəticədə öz sahibkarlarımız rəqabət apara bilmir. Bu baxımdan istehlak kreditləşməsi təhlükəlidir”.
“20 bank çökə, avtomobillər ucuzlaşa bilər”
Samir Əliyevin fikrincə, Mərkəzi Bankın avtokredit qadağası 6-7 ay
davam edərsə, bu, 20-yə yaxın bankın ciddi problemlə üzləşməsinə, hətta
bağlanmasına səbəb ola bilər: “Çünki həmin bankların kredit portfelində
avtomobil kreditlərinin payı daha yüksəkdir. Avtomobil kreditləşməsinin
dayandırılması həmin banklara böyük zərbədir. Bankların xərcləri
artacaq. Eyni zamanda bu, sığorta bazarına da təsir edəcək”.
Iqtisadçı banklara qoyulan məhdudiyyətin avtomobil bazarında
ucuzlaşmaya səbəb ola biləcəyini də düşünür: “Bu gün Azərbaycanda yeni
avtomobillərin üçdən ikisi kreditlə alınır. Məhdudiyyətlərin tətbiqi
tələbatın 60-70 faiz azalması deməkdir. Tələbatın da azalması avtomatik
qiymətlərə təsir göstərəcək”.
“Banklarda tanış adamlarımız var, onlar düzüb-qoşa bilərlər”
Hələ ki, bəzi banklar buna yalnız sözdə əməl edirlər. Bunu Bakıdakı
avtomobil satış mərkəzlərindən verilən cavablar da təsdiq edir.
– Indi sizdən kreditlə avtomobil götürmək olarmı?
– Məhdudiyyət var, amma siz bizə yaxınlaşın, bizim banklarda tanış adamlarımız var, onlar düzüb-qoşub həll edə bilirlər.
Varlılar varlanır, kasıblar borclanır…
Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu Mərkəzi Bankın
narahatlığını başadüşülən sayır. Iqtisadçı hesab edir ki, həqiqətən də
qısamüddətli istehlaka yönələn bahalı kreditlər maliyyə hesabatları və
kredit tarixlərinə əsaslanmadan ayrıldıqda, risklər getdikcə artır və
kütləviləşir. Əslində, belə təminatsız kreditlər daha əsaslı və
uzunmüddətli qiymətləndirmə sənədləri və informasiyalara istinadən
ayrılmalıdır.
Iqtisadçı yada salır ki, kredit qoyuluşunun 39.6 faizi, yəni 6 milyard 420 milyon manat ev təsərrüfatlarının payına düşür.
Qubad Ibadoğlu deyir ki, kasıblara ayrılan bahalı kreditlər depozit
faizlərinin yüksək olması ilə müşahidə edilir. Bu prosesdə bir tərəfdən
varlılar daha da varlanır, kasıblar bir az da yoxsullaşırlar. Bu
baxımdan da iqtisadçı insanlara məsləhət görür ki, “məsuliyyətsiz borc
vermə” prinsipləri ilə işləyən bankların kreditləri hesabına sosial və
maddi problemlərini həll etsələr yaxşı olar.
Short URL: http://www.cumhuriyyet.net/?p=3727