Hacı İbrahim intihar etmək istəyən iş adamını məhkəməylə hədələdi
Elşad Məmmədov “Avesta”nın prezidentinin ittihamlarına cavab verdi
“İstəyirsə özünü lap damdan atsın. Mətbuat səhifələrində mənim
şəxsiyyətimə yönəlik təhqirlərlə dolu məqalə dərc etdirən Elşad
Məmmədovu məhkəməyə verəcəyəm. Qoy, bu məsələ hüquq müstəvisində həll
olunsun. Yoxsa bu adam şantajlarından əl çəkməyəcək”. Bunu “Yeni
Müsavat”a “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli sahibkar
Elşad Məmmədovun özünü yandıracağı xəbərinə münasibət bildirərkən
deyib.
“Avesta” konserninin prezidenti eyni zamanda sahibkar Elşad
Məmmədovla bağlı məsləyə bir daha aydınlıq gətirib: “51 və 52 saylı iki
mənzilin Elşad Məmmədova satışı da məhz “Skat” restoranında görülən
işlərin müqabilində həyata keçirilib. Bir müddət sonra məlum oldu ki,
Orxan Sadıxovla birgə “Skat” restoranda heç bir iş görməyiblər. Buna
görə də E.Məmmədovla bağlanmış müqavilənin ləğvini tələb etdim. Məhkəmə
də öz növbəsində iddiamı təmin etdi. Elşad Məmmədov da mətbuatda dediyi
kimi heç kimə pul verməyib, yalan danışır. “Xəzər Adaları”nda Orxanla
birlikdə “Skat” restoranını götürüb iş görəcəkdilər. Müqavilədə
imzaladıqları öhdəlikləri yerin yetirmədilər. Elə bildilər fırıldaq
işlədib məni aldadıb, aradan çıxacaqlar. Ona mənzilin sənədlərini
verməmişəm, kağız vermişdim ki, guya ödədilər. Bir də gördüm ki,
Gürcüstana qaçıblar. Onları tutub gətirdilər. Baş Mütəşəkkil
Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ifadə aldılar. Şikayət etdi,
məhkəmədə uduzdu. Bu dəfə də dinc dayanmadı, qəzetlərlə hücuma keçdi”.
Hacı İbrahim Nehrəmli bildirdi ki, biznesmenin özünü yandıracağı
barədə mətbuata xəbərlər ötürməsi də, sadəcə diqqət çəkmək üçündür:
“Deyir ki, guya mən pul verib aldığı mənzilləri onun əlindən almışam.
Mənim buna nə ehtiyacım var axı. “Yeni Şəhər”də meqa proje həyata
keçirirəm. Ev satıram. Mənim iki evə ehtiyacımmı var? Elşad Məmmədov
özünü yandırmaq istəyirsə, yandırsın. Bu ölkənin qanunları var. Hamı o
qanunlara tabe olmalıdır. Fırıldaqçılıqla heç kəs dövləti aldada, onun
qanunlarını tapdalaya bilməz. Ona görə də qərar vermişəm ki, Elşad
Məmmədovu şərəf və ləyaqətimi təhqir etdiyi üçün məhkəməyə verim. Qoy
qanun qarşısında cavab versin”.
Elşad Məmmədov ” mətbuata açıqlamasında Hacı İbrahimin dediklərinin
yalan olduğunu bildirib. Onun sözlərinə görə, 355 min manat pulu
mənimsənilib: “Böyük qardaşım Qarabağ qazisidir. İndiyə qədər 1000-ə
yaxın şikayətim nəticəsiz qalıb. Əlim hər yerdən üzülüb. Prokurorluq,
məhkəmələr hamısı sifariş yerinə yetirir. Bu əmrləri Hacı İbrahim
Nehrəmli verir. Hansı ki, mənim əlimdə sənədlər var. 2012-ci ilin fevral
ayının 1-də “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmliyə
məxsus olan “Həsən-96″ MTK-nın sədri Emil Tağıyevdən (Hacı İbrahimin
bacanağı) Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş
çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin
satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlamışam. Buna görə
də MTK-ya 355 min manat ödəmişəm. Maliyyə arayışını və kassa mədaxil
qəbzləri əlimdədir. Haqqımı tələb edəndə Hacı İbrahimin mühafizəçisi
məni ölümlə hədələdi. Bundan sonra ailəmin və üç körpə övladımın
təhlükəsizliyini təmin etmək üçün Qazax rayonuna köçdüm və kirayələrdə
qalmışam. Nə pulum qaytarılır, nə də mənzilləri verirlər. İndiyə qədər
baş prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi susublar,
məhkəmələr əleyhimə qərar çıxarıblar”.
Elşad Məmmədov deyir ki, borc əlindən ailəsinin dolanışığını da təmin
edə bilmir: “Əvvəllər xırda sahibkarlıqla məşğul idim. İndi əlimdə olan
pulumu Hacı İbrahim Nehrəmlinin adamları vermədikləri üçün borc aldığım
adamların pulunu qaytara bilmirəm. Çıxış yolunu intiharda görürəm. Bu
ayın sonuna qədər problemim həll olunmasa intihar edəcəm”.
Elşad Məmmədov deyir ki, nə Gürcüstana qaçıb, nə də Baş Mütəşəkkil
Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ifadə verib: “Hacı İbrahimin
dedikləri yalandır. Guya mənə mənzilin sənədlərini yox, kağız verib.
Pulu Zülü İsgəndərova vermişəm. Qəbzlər, maliyyə arayışları əlimdədir.
Gürcüstana da qaçmamışam, “Banditizm”də də ifadə verməmişəm. Başıma
gətirilən oyunlardan sonra mətbuata üz tutdum. Şikayətimi dilə gətirdim.
“Azadlıq” başda olmaqla bir çox qəzet və saytlar yazdı. Ancaq “Yeni
Müsavat” qəzeti məni dinləmədən hacı İbrahimə qahmar çıxdı, onu müdafiə
etdi”.
Hacı İbrahim Nehrəmlinin məhkəmə hədəsinə gəlincə isə iş adamı deyir
ki, birinci o ədalət mühakimələrinə müraciət edib: “Ancaq məhkəmələrim
mənə qanunla çatacaq mənzili vermədilər. Məhkəmə prseslərinin ilkin
mərhələsində hakimlər gətirdiyim sənədlərə baxıb haqlı olduğumu dedi,
daha sonra isə əleyhimə qərar çıxardı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3731