Bakı bazarlarında camış əti inək əti aı ilə satılır
Montin bazarında camışların kəsim yeri də mövcuddur
Montin bazarında camışların kəsim yeri də mövcuddur
Xaçmazda və Bakının Qaradağ rayonunun
Qızıldaş qəsəbəsi yaxınlığında tapılan at və uzunqulaq sümüklərindən
sonra, real satış qiymətindən qat-qat ucuz qiymətlərlə müştəriyə satılan
bəzi ətlərin mənşəyi insanda şübhə doğurmaya bilməz. Dükan-marketlərdə
belə ətlər sümüksüz halda alıcıya təklif edilir. Baxmayaraq Dövlət
Baytarılıq Xidmətinin bu barədə rəsmi qadağası da var. Aldığımız
məlumata görə Xaçmazda və Qaradağda aşkar edilən at və uzunqulaq ətləri
ilə bağlı polis araşdırmalar aparır. Elə bu araşdırmaların izi ilə
paytaxtda kəsim yerlərindən birində sallaqxanadakı ətlər bizdə şübhə
yaratdı.
Qəssab satışa çıxarılan ətin camış əti olduğunu, üstəlik vaxtı
keçdiyindən rənginin qaraldığını boynuna almadı. O vaxta qədər ki,
mal-qaranın saxlanıldığı tövləyə baxış keçirməyənə qədər. Məlum oldu ki,
Montin bazarında camışların kəsim yeri də mövcuddur. Biz çəkiliş
apararkən də tövlədə 10-a yaxın camış gördük.
Fürsət tapıb o biri tövləyə də baxdıq. İçəridə onlarla yaşlı heyvan,
sağmal inəklər var idi. Antisanitar vəziyyətdə saxlanılan bu heyvanlara
belə məlum olur ki, vaxlı-vaxtında qulluq da edilmir. İlk baxışdan
içəridə sağlam heyvanın olmadığı təəssüratı yaranırdı.
Bu da heyvanların kəsim məntəqəsi. İçəridə iy-qoxu bir yana, kəsilmiş
heyvan qalıqları, buranın günlərlə təmizlənmədiyindən xəbər verirdi.
Montin bazarındakı bu yer ən böyük topdan satış ət kəsimi
məntəqələrindən biridir. Yəni fermerlər malını buradaca kəsib müştəri
tapa bilər. Amma indi vəziyyət elə gətirib ki, köhnə, iy-qoxusu ətrafı
bürüyən ətə yaxın duran yoxdu. Tonlarla ət sallaqxanada qalıb.
Az sonra ərazi üzrə 4 Saylı Baytarlıq Sanitariya Ekspertiza
Laboratoriyasının müdiri gəlib çıxdı. Murtuz Əkbərli əvvəlcə gizlətsə
də, sonradan etiraf etməli oldu ki, onların camış ətinin kəsilib
satılmasına icazələri var. Baytar həkim etiraf edir ki, topdan satış qiymətləri ilə ətsatanlara
verilən camış, inək əti yerlərdə təzə mal, dana əti adı altında satılır.
İçəridəki qoca inəklərə gəldikdə, baytar həkim – qoca olanda, nə olar?
Onu çölə atmamalıyıq – dedi.
Sonra bir topa sənəd çıxarıb heyvanlara baytarlıq şəhadətnaməsinin
verildiyini və məntəqəyə qəbul edilidikdən sonra təkrarən həkim
nəzaratindən keçirildiyini bildirdi. Sənədlərdə camış adına rast
gəlmədik, heyvanlar adla deyil, iri və xırda buynuzlu adı altında qeydə
alınmışdı. Əsasən də Füzuli, Ağcabədi, Ucar və digər rayonlardan
gətirildiyi məlum oldu. Laboratoriya müdiri məntəqədə yalnız cütdırnaqlı
heyvanların kəsilib satıldığını deyir, lakin at və sair heyvanların
satılmasının da əleyhinə deyil.
Qeyd edək ki, bu yer həm də hər həftənin şənbə-bazar günü kənd
təsərrüfatı məhsullarının satış yarmarkası keçirilən ərazidir. Məlumdur
ki, bu yarmarkada da ət adi yerlərdə satılandan qat-qat ucuz qiymətə
alıcıya təklif edilir. Məsələn, dükanda mal əti 8, qoyun əti 10
manatdırsa, burada 5-6 manata da ət almaq olar. (bugun.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=3744