Qarabağ Qazilərindən hakimiyyətə xəbərdarlıq
“Son bir ayda müalicəsizlikdən 5 nəfər Qarabağ qazisi dünyasını dəyişib”
“Son bir ayda müalicəsizlikdən 5 nəfər Qarabağ qazisi dünyasını dəyişib”
Yevlax şəhərində əlil Nizami Kərimovun özünü yandırmasından sonra “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri Qarabağ qazilərinin vəziyyəti ilə bağlı dövlət orqanlarına və cəmiyyətə birgə müraciət ünvanlayıblar. “Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Ötən il dekabrın 25-də 2-ci qrup Qarabağ qazisi Zaur Həsən oğlu Həsənov ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasının qarşısında özünü yandırmaqla intihar etdi. Hadisədən sonra baş verənlər bir daha sübut etdi ki, bu qəbildən olan insanların həlli vacib ciddi problemləri var. Z.Həsənovun intiharından sonra bir sıra dövlət orqanlarında Qarabağ qazilərinə münasibət dəyişsə də, hakimiyyət rəsmiləri ilə müxtəlif görüşlər keçirilsə də, vəziyyət gərgin olaraq qalır.
Yanvarın 27-də Yevlax şəhərində ümumi əlil Nizami Kərimovun özünü yandırması da əlillər arasında müxtəlif problemlərin olduğunu bir daha sübut edir. Hazırda sağlamlıq vəziyyəti ağır olan onlarla Qarabağ qazisi var ki, təcili müalicə və əməliyyat olunmalıdır. Digər tərəfdən, müvafiq icra hakimiyyətləri başçılarının yaratdığı problemlər ucbatından bir o qədər qazi də çox ağır duruma düşüb. Bu gün onların yanında olmasaq, problemlərinin həllinə nail olmağa çalışmasaq, yeni intiharların şahidi olacağıq. Təəssüflər olsun ki, bəzi məmurlar bu gün də öz üstlərinə düşən missiyanı yetərincə yerinə yetirmir və bu da onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirir. Son bir ay ərzində təkcə müalicəsizlikdən 5 nəfər Qarabağ qazisi dünyasını dəyişib… “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri ötən il dekabrın 25-dən bu yana hər gün 4-5 nəfər Qarabağ qazisinin problemini həll etməyə çalışır. Amma bu təkcə bir neçə qeyri-hökumət təşkilatının üzərində qalmalı olan məsələ deyil. Bu yerdə dövlət və cəmiyyətin sağlam təbəqəsi meydana çıxmalı, bu problemin həllinə köməklik etməlidir. Biz altına girdiyimiz bu yükün ağırlığını dərk edir və bu işdən kənara çəkilmək niyyətində deyilik, lakin bizim də imkanlarımızın bir həddi var. Bu məqsədlə yanvarın 15-də yazılı şəkildə səhiyyə nazirinə və əmək və əhalinin sosial müdafiəsi nazirinə müraciət etmişik. Onlardan problemlərimizin həllinin müzakirəsi üçün bizləri qəbul etmələrini xahiş etmişik, hələ onlardan bir cavab almamışıq.
“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri olaraq təşkilatlarımızın üzvləri olan və olmayan bütün Qarabağ qazilərini bir qədər də səbirli olmağı, bu ağır gündə döyüşçü həmrəyliyi nümayiş etdirərək ağır durumda olan əlillərin özlərinə qıymaması üçün əllərindən gələni etmələrini xahiş edirik. Eyni zamanda, yuxarıda adı çəkilən nazirliklərlə yanaşı Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Milli Məclis rəhbərliyinə müraciət edirik: Biz bilirik ki, dövlətimiz, onun prezidenti, ali baş komandanımız cənab İlham Əliyev əlindən gələni edir ki, Qarabağ əlillərinin vəziyyəti yaxşılaşsın, amma yuxarıda qeyd etdiyimiz sahələrdə hazırda vəziyyət çox ağırdır. Və hazırda ən ciddi məsələ bu vacib problemlərin həlli üçün konkret bir işlək mexanizmin olmamasıdır. Xahiş edirik bu problemlərimizin həllində bizə yardımçı olun! Onsuz da yarımcan olan Qarabağ qazilərinə qıymayın! Ümidvarıq ki, bizim bu çağırışımızı müvafiq qurum rəhbərləri eşidəcək və əməli tədbirlər görəcəklər”. Müraciəti “Qarabağ qaziləri” birliyinin rəhbəri Etimad Əsədov və “Vətən Müharibəsi Əlilləri” birliyinin rəhbəri Firudin Məmmədov imzalayıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=3755