DİN 2014-cü ildə xalqa, dövlətə xidmət edəcək
Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib
Yanvarın 28-də Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası
keçirilib. İclas 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai
qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov vurğulayıb ki, ötən
il Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasi
kursunun uğurlu inkişafı, onun yenidən dövlət başçısı seçilməsi ilə
əlamətdar olub. Ölkə həyatının bütün sahələrində müsbət nəticələr əldə
edilib, o cümlədən davamlı şəkildə həyata keçirilən quruculuq işlərinə,
tərəqqi proseslərinə zəmin yaradan sabitlik və daxili təhlükəsizlik
etibarlı qorunub.
CİNAYƏTLƏRİN SAYI AZALIB
Qeyd olunub ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin
sayının azlığına görə ötən ildə də MDB və Şərqi Avropa məkanında öncül
mövqedə olub, vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin
edildiyi dövlət imicini bir daha təsdiqləyib.
Daxili işlər naziri deyib ki, bütün dövlət orqanları üzrə 22.891
cinayət qeydə alınıb. Onların 91,4 faizini və ya 20.465-ni daxili işlər
və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və
təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86
faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır
və xüsusilə ağır növlər olmuşdur. Profilaktik işin gücləndirilməsi,
cinayət və hadisələr barədə məlumatlara operativ reaksiya verilməsi
məqsədilə, ötən ilin ilk günlərindən etibarən sistemli şəkildə həyata
keçirilən təşkilati-praktiki tədbirlər – əməliyyat şəraitinin nəzarətdə
saxlanılmasını təmin etmiş, cinayətkarlığın dinamikasında müsbət
dəyişiklikləri şərtləndirib. Belə ki, daxili işlər və prokurorluq
orqanları üzrə qeydə alınmış cinayətlər azalaraq 20.465 fakt təşkil
edib. Cinayətlərin açılması da yüksək olmaqla 85,4 faiz təşkil etmişdir.
Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayət “isti
izlərlə” açılıb. Eyni zamanda, prokurorluq orqanları ilə birgə, keçmiş
illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin
açılması təmin edilib.
102 XİDMƏTİ
Cinayətlərin qarşısının alınmasında, açılmasında, hüquqazidd əməllərə
məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində müasir
informasiya texnologiyalarının əhəmiyyəti də böyük olub. Təkcə “102”
xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab
tədbirləri ilə 7947 hüquqazidd əməlin qarşısı alınmış, habelə 2764
cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları
ilə 105 cinayət açılıb, 8401 yol-nəqliyyat qəzası, piyadaların vurulması
ilə nəticələnən 111 hadisə aşkarlanıb, axtarışda olan 121 avtomobil
saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 690 mindən çox
sorğu cavablandırılıb, axtarılan 1264 şəxs müəyyən edilib.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə
saxlanılıb. Müxtəlif cinayətlər törətmiş 12.361, o cümlədən ağır və
xüsusilə ağır cinayətlərə görə 1975 nəfər məhkəmə məsuliyyətinə cəlb
edilib. Ötən il təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də
yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2059 nəfər tutulub.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş
72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin
yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 66,5 faizinin
tutulması təmin edilib.
760 CİNAYƏTKAR QRUP ZƏRƏRSİZLƏŞDİRİLİB
Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də ardıcıl xarakter
daşıyıb. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə
1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri
birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz
olaraq odlu silah saxlamağa və daşımağa görə 34 faiz çox, yəni 134 şəxs
cinayət məsuliyyətinə cəlb edilib. Dövlətin iqtisadi təhlükəsizliyinin
qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və
satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi
məbləği 98 min manat olan 2267 ədəd saxta əskinas çıxarılıb.
619 KQ NARKOTİK VASİTƏ DÖVRİYYƏDƏN ÇIXARILIB
Narkotiklərlə əlaqədar 2577 cinayət, o cümlədən satışı ilə bağlı 677
fakt aşkarlanıb, 135 nəfərdən ibarət 54 cinayətkar qrup
zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən 619 kq narkotik vasitə
çıxarılıb, 65,1 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə
gətirilməsinin qarşısı alınıb. Həmçinin, tərkibində narkotik maddələr
olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının
profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş
tədbirlərlə – ümumi çəkisi 302 ton olan çətənə və xaş-xaş kolu
aşkarlanaraq məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı
əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 80 cinayət faktı
müəyyənləşdirilərək 17 nəfər məsuliyyətə cəlb edilib, habelə bu
əməllərin qurbanı olmuş 50 şəxsin cəmiyyətə reinteqrasiyası təmin
edilib.
1.245.677 ƏDƏD NƏQLİYYAT VASİTƏSİ
Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı
102 min ədəd artaraq 2013-cü ilin sonuna 1.245.677 vahid təşkil edib.
Bununla belə, həmin artımın fonunda yol-nəqliyyat hadisələrinin sayı 1,6
faiz və ya 46 fakt, qəzalarda həlak olanların sayı 0,3 faiz, yaxud 4,
yaralananların sayı isə 1,6 faiz və yaxud 49 nəfər azalıb.
Yol hərəkətinə nəzarət prosesində hesabat dövründə 2012-ci illə
müqayisədə 40 faiz çox və ya 1.429.781 müvafiq inzibati xəta müəyyən
edilib. Şüşələrinə pərdə və plyonka çəkilmiş 10.578 avtomobil,
avtoxuliqanlığa görə 703 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər
görülüb. Xətaların 11,8 faizi (168.197-si) avtomatik rejimdə işləyən
foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin
köməyi ilə müəyyən edilib.
4130 NƏFƏR HƏBS OLUNUB
Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2012-ci
illə müqayisədə 29 faiz çox və ya 1.452.461 protokol tərtib olunub,
nəticədə 1.347.617 nəfər cərimələnib, 4130 nəfər məhkəmələr tərəfindən
inzibati qaydada həbs olunub, 41.495 şəxsə xəbərdarlıq edilib.
Hesabat ilində vətəndaşlardan Nazirliyə 45 minə yaxın, o cümlədən
elektron poçt ünvanına 9800 müraciət daxil olmuş, onların yalnız 3
faizini polis əməkdaşlarından şikayətlər təşkil etmişdir.
Polis əməkdaşları tərəfindən döymə, işgəncə vermə, qanunsuz axtarış
aparma, tabel silahından qanunsuz istifadə etmə halları qeydə alınmayıb.
İnsan hüquq və azadlıqlarının pozulması məzmunlu şikayətlər hərtərəfli
və obyektiv araşdırılıb, təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul
edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə
vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35,
əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində
müvafiq tənbeh tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə
əlaqədar aşkarlanmış 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 106
əməkdaşdan 84-ü xidmətdən xaric edilib, 20-si aşağı vəzifəyə keçirilib,
2-si barədə digər tənbeh növləri tətbiq edilib.
RAMİL USUBOV İLHAM ƏLİYEVİ ƏMİN EDİB Kİ…
Eyni zamanda, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkənin
ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və
ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə
cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin,
tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu
silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində
məqsədyönlü iş aparılmalıdır.
Nazir, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi
əmin edib ki, şəxsi heyət bütün qüvvəsini ölkədə cinayətkarlıqla
mübarizəyə, hüquq qaydasının etibarlı təmin edilməsinə, bütövlükdə
ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, qarşıya
qoyulmuş məsul tapşırıqları 2014-cü ildə də əzmlə yerinə yetirəcək,
xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=3758