Milli Şura Rəsulzadəni konfransla yad etdi

28.01.2014 - 20:31

“İlham Əliyevin sərəncamı görüntü üçündür; Rəsulzadəyə indiyədək abidə qoyulmayıb, bu, böyük ədalətsizlikdir”

 
Milli Şura Məhəmməd Əmin Rəsulzadənin 130 illiyilə bağlı geniş tədbir
keçirib. AXCP-nin qərargahında keçirilən tədbirdə Milli Şura üzvlərilə
yanaşı, tanınmış ictimai-siyasi xadimlər, ziyalılar da iştirak edib.
Tədbir dövlət himninin oxunuşuyla başlayıb, ardınca Azərbaycanın istiqlalı uğrunda canlarından keçənlərin ruhu yad edilib.
Bundan sonra Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli Rəsulzadənin keçdiyi yol barədə ətraflı məruzə ilə çıxış edib.
Cəmil
Həsənli öncə Rəsulzadənin publisist kimi fəaliyyətinə diqqət çəkərək
bildirib ki, o, qələmi ilə Azərbaycanla yanaşı, İranda, Türkiyədə,
Avropada da nümunə yaradıb: “O, sübut etdi ki, qələmin müqəddəs vəzifəsi
millətə xidmətdən ibarətdir”.
Cəmil Həsənlinin sözlərinə görə,
Rəsulzadənin fəaliyyəti 1917-ci ildə Şərq bölgəsindən Rusiyaya keçir:
“Əminliklə demək olar ki, 1917-ci ildə Moskvada müsəlmanların keçirdiyi
qurultayın əsas siması Rəsulzadə idi”.
1918-ci il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini Cəmil Həsənli “Rəsulzadə
ideyalarının təntənəsi” adlandırıb. Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra Rəsulzadənin həyatından danışan məruzəçi bildirib ki,
o, mühacirətdə də millətə xidmətin nümunəsini yaradıb: “Azad xalqları
işğal altına alan bir ölkə Azərbaycana müstəqillik verə bilməzdi.
Rəsulzadənin 1942-ci ildə Berlindən Buxarestə dönməsinin səbəbi də bu
idi”.
Cəmil Həsənli soyuq müharibə zamanında da Rəsulzadənin
fəaliyyətini yüksək dəyərləndirərək deyib ki, o, bütün potensialı ilə bu
savaşın ön cəbhəsində olub.
“Rəsulzadənin fiziki ömrü də, mənəvi
ömrü də ona qarşı mübarizə aparanlardan böyük oldu” deyən Milli Şura
sədri Rəsulzadəyə Azərbaycan hakimiyyətinin biganə, ögey münasibətini də
tənqid edib. Yada salıb ki, hakimiyyət Milli Şuraya Rəsulzadənin 130
illiyilə bağlı tədbir keçirmək üçün yer vermədi. Bu da sübut edir ki,
İlham Əliyevin Rəsulzadənin yubileyilə bağlı sərəncamı sadəcə, görüntü
xarakterlidir. Tarixçi alim həmçinin indiyədək Rəsulzadəyə abidə
qoyulmamasını da böyük ədalətsizlik kimi qiymətləndirib.
Rəsulzadə
irsinin araşdırmaçısı olan Ege Universitetinin Türk dili kafedrasının
müdiri, professor Əli Yavuz Akpınar da tədbirdə çıxış edib. O bildirib
ki, indiyədək araşdırılmayan, kölgədə qalan çox ciddi Rəsulzadə irsi
var. Onların əksəriyyəti türk mediasıda cəmlənib. Onun sözlərinə görə,
həmin yazılarda sovet sisteminə qarşı Rəsulzadənin elmi və əhatəli
araşdırmaları var. Əli Yavuz Akpınar həmin materialların kitab kimi
hazırlanması üçün çalışdığını da qeyd edib.
Professor Kamil Vəli
Nərimanoğlu da Rəsulzadənin ədəbi və publisist yaradıcılığı ətrafında
məruzə edib. O, çıxışında Rəsulzadənin əsərlərinin tədris olunmaması
faktını tənqid edib. Deyib ki, Rəsulzadə kimi dühanın adı Azərbaycandakı
təhsil müəssisələrində tədris olunan dərsliklərdə “xala, xətrin
qalmasın” formasında keçməməlidir. Kamil Vəli Hərimanoğlu eyni zamanda,
Rəsulzadənin adının BDU-ya qaytarılmasının vacibliyini vurğulayıb. XX
əsrdə Azərbaycanın iki dahi yetişdirdiyini deyən professorun sözlərinə
görə, bunların biri Rəsulzadə, digəri isə Əbülfəz Elçibəydir:
“Azərbaycan adlı dövlətin formalaşmasına imza atmış bu şəxslərin hər
ikisinə qarşı təəssüf ki, ögey münasibət hökm sürür. Rəsulzadə ilə bizim
aramıza çox böyük sədd çəkilib. Bizim başımıza o qədər oyun gətiriblər
ki, ideallarımızdan uzaq düşmüşük”.
Tarixçi alim Nəsib Nəsibli
Rəsulzadəyə qarşı hazırkı münasibəti “insafsızlıq” adlandırıb. Bir neçə
il əvvəl YAP-çıların Rəsulzadəni ermənilərə torpaq verməkdə ittiham
etdiklərini yada salan Həsib Həsibli bu gün böyük öndərin 130 illiyilə
bağlı verilmiş sərəncamı “ədalətin kiçik qələbəsi” kimi dəyərləndirib:
“İndi hakimiyyət Rəsulzadənin keçirilməsi barədə fərman verir. Nədən
əcaba? Bu, milli dəyərlərin müxalifətin əlindən alınması cəhdidirmi?
Əgər YAP milli şəxsiyyətlərə sahib çıxacaqsa, Rəsulzadəyə heykəl
qoyacaqsa, əlbəttə, vətəndaş olaraq, buna çox sevinəcəyəm. Böyük
ehtimalla, YAP yazarları Rəsulzadə üzərindən yasaq götürüldükdən sonra
bu mövzuya maraq göstərəcəklər. Bəzi idbar adamların bu mövzuda
yazmasını arzu etməsək də, onun qarşısını almaq mümkün olmayacaq. Milli
aydınların qarşısında duran vəzifə – Rəsulzadə irsini olduğu kimi xalqa
çatdırmaq işi daha da aktuallaşacaq”.
Tanınmış hüquqşünas Aslan
İsmayılov çıxışında Rəsulzadənin gücündən danışıb: “Həmişə belə bir
mübahisə var ki, məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hansı
lider daha güclü olub. Yəni, o zaman şəxsiyyətlər, yetkin siyasi
liderlər çox olub. Fəqət, Rəsulzadənin gücünə bax ki, o insanları bir
yerə yığaraq, dövlət qura bilib”.
Aslan İsmayılov onu da qeyd edib
ki, hökumət rəsmiləri xarici auditoriyalarda çıxış edərkən Azərbaycanın
modern dəyərlərə sahib olduğunu sübut etmək üçün həmişə Rəsulzadədən,
Xalq Cümhuriyyəti dövründən bəhs edirlər: “Bu da Rəsulzadənin
inkaredilməz gücünü göstərir”.
AXCP sədri Əli Kərimli çıxışında
vətəndaşların çoxunun Rəsulzadə yaradıcılığından xəbərsiz olmasından
təəssüfünü ifadə edib: “Azərbaycanlıların əksəriyyəti Rəsulzadəni simvol
kimi sevirlər, amma təəssüf ki, çoxları onun yaradıcılığından
xəbərsizdir, kitablarını oxumayıblar. Gənc nəsil Rəsulzadə
yaradıcılığına bələd olmalıdır. Bunun üçün onu yaradıcılığının elektron
formaya salınmasına ehtiyac var”.
Əli Kərimli çıxışında Rəsulzadə
irsinin araşdırılmasında bir institut qədər xidmət göstərmiş professor
Şirməmməd Hüseynovu yad edərək, ona minnətdarlığını bildirib.
“Rəsulzadə
təkcə tarix yazmayıb, o həm də tarixi yazanlardan olub. Hə yaxşı da
yazıb. Çünki o dövrü öyrənmək üçün çox vaxt ən etibarlı mənbə məhz
Rəsulzadənin yazdıqlarıdır”, – deyə AXCP sədri vurğulayıb.
 



Milli Şura Rəsulzadəni konfransla yad etdi
Milli Şura Rəsulzadəni konfransla yad etdi
Milli Şura Rəsulzadəni konfransla yad etdi
Milli Şura Rəsulzadəni konfransla yad etdi
Milli Şura Rəsulzadəni konfransla yad etdi

Short URL: http://www.cumhuriyyet.net/?p=3763

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930