“Problemləri həll edə biləcək yeganə siyasi qüvvə YAP deyil ” – AXCP funksioneri
“Azərbaycanda parlament seçkiləri şəffaf və demokratik şəraitdə həyata keçirilmədi. Bunun əsas səbəbi isə seçkilərinin demokratik keçirilməsi üçün Azərbaycanda sivil bazanın olmamasıdır. Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilməlidir. Bu gün Azərbaycanın üz-üzə qaldığı problemləri həll edə biləcək yeganə siyasi qüvvə YAP deyil”. Mediaxeberleri.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında AXCP funksioneri Ələddin Kəsəmənli deyib.
Ələddin Kəsəmənlinin sözlərinə görə, hakimiyyət ölkəni təkbaşına idarəetmənin yaratdığı problemləri düzgün qiymətləndirməlidir: “Kadrlarımızı və müvafiq layihələrimizi tam şəkildə hazırlamalıyıq. Xalqımızdan da böyük, güclü və sülh içərisində bir Azərbaycan qurmaq üçün səlahiyyət istəyirik. Siyasət bu ölkənin övladlarına heç bir zərər dəyməsin, onlar daha rahat, daha firavan yaşasın deyə aparılmalıdır. Bu vəzifəni yerinə yetirməyənlər də xalqın qarşısına çıxmaq haqqına sahib deyil”.
Azərbaycanda keçirilən parlament seçkilərinə münasibət bildirən AXCP funksioneri “Onlarla seçki məntəqəsində müşahidə aparmaq imkanlarımız oldu. Müşahidələr nəticəsində gəldiyimiz qənaət ondan ibarətdir ki, səsvermə prosesinə çox ciddi müdaxilələr oldu. Seçicilər sərbəst şəkildə səsvermə hüquqlarından istifadə edə bilmədilər. İstər məntəqənin daxilində, istərsə də ətrafında vətəndaşların seçimlərinə yerli icra orqanları təsir etməyə çalışırdılar. Bütün məntəqələrdə seçici fəallığı hiss olunmurdu”,- deyə vurğulayıb.
Vilayət Muxtar
Short URL: http://www.cumhuriyyet.net/?p=37652