Xalqa eşşək əti yedizdirirlər
Kolbasa sexləri ilə bağlı qorxulu faktlar

Artıq on ildən çoxdur ki, Bakının bir
çox mərkəzi bazarlarında, şəhər mərkəzində yerləşən iri supermarketlərdə
dana əti adı altında çox vaxt camış əti satılır. Bunu başa düşmək üçün
ətdən başı çıxan adamın sadəcə baxması da kifayətdir – camış əti dana
əti ilə müqayisədə nisbətən ağ olur. Alıcılar əslində camış əti
yediklərini bilməsələr də, aldıqları maldan çox razı qalırlar, dadına
alışdıqları ət həmişə təzə olur. Satıcılar isə ətin halal və təhlükəsiz
olmasına ürəkdən and içirlər. Çünki ət aldıqları ünvanı dəqiq tanıyrlar
və orada malların halal kəsildiyinə, kəsimdən əvvəl və sonra baytar
nəzarəti aparıldığına əmindirlər.
Araşdırmalar da
təsdiqləyir ki, Bakı platosunun şimal-şərqində yerləşən həmin iri
sallaqxanada kəsilən malların 70%-dən çoxu camış olur və peşə jarqonu
ilə “Kürdəmir əti” kimi tanınan bu məhsul qəssablar arasında çox
populyardır. Bəzi məhəllə qəssabları hətta özləri 80-100 kiloqramlıq bir
dana kəsirlər və onun gözünə 40 kiloqram da “Kürdəmir əti” qatıb
satırlar. Qazancları da az olmur – kiloqramını 5 manatdan götürdükləri
əti 8 manatdan rahatlıqla reallaşdırırlar və bir neçə saatın içində
100-120 manat əlavə pul götürürlər.
Belə insafdan kənar üsulla qazanılan
pulu, təbii ki, halal saymaq olmaz, çünki istehlakçının aldadılması yolu
ilə əldə edilir. Amma bununla belə, son günlərdə yayılan xəbərlər
göstərir ki, hazır ət satılan bir sıra bazarlarla və bəzi ət məhsulları
istehal edən sexlərlə müqayisə etdikdə camış ətini dana əti adı altında
satanları az qala günahsız mələk saymaq olar. Bu cür “qəssab”ların
kolbasa-sosis sexlərinin satdığı əksər məhsul ya murdar ət, ya da at,
eşşək və bəzən hətta it əti olur. Yanvarın ortalarında Xaçmaz rayonun
Qımıl kəndi yaxınlığında meşədə tapılmış yüzlərlə at və eşşək sümüyü
bunun bariz sübutudur.
Dövlət Baytarlıq Xidmətinin (DBX)
mütəxəssislərinin fikrincə, həmin at və eşşəklərin əti, böyük ehtimalla,
emal müəssisələrinə aparılıb. DBT-nin baş məsləhətçisi, aparıcı baytar
həkim Fizuli Qurbanov ANS PRESS-ə bildirib ki, həmin atlar və eşşəklər
kəsildiklən sonra ətlərinin tam çıxarıldığı aşkar edilib. “Bu, onu
göstərir ki, ətlər bazara yox, emal müəssisələrinə aparılıb, yəni
kolbasa, sosis və s. kimi ət məsullarının istehsalında işlədilib”,- deyə
Fizuli Qurbanov vurğulayıb. Bölgədə rəsmi kolbasa sexləri ilə yanaşı
qeyri-rəsmi kolbasa sexlərinin də yetərincə olması nəzərə alınarsa, DBX
mütəxəssislərinin təxminlərinin düz olmasına inanmaq çətin deyil. Bu
günlərdə Bakının Qaradağ rayonu ərazisinə tapılan at və eşşək sümükləri
də göstərir ki, bu ətlərin və onlardan düzəldilən ət məhsullarının satış
ünvanı Bakıdır. DBX təmsilçiləri Qaradağ rayonunda da ətin sümükdən
peşəkarlar tərəfindən ayrıldığını bildirirlər. Yəni həmin ətin qida
sektoruna yönəldildiyi açıqca görünür.
Araşdırmalara görə,
Xaçmazda aşkar edilən 104 baş və Qaradağ rayonu ərazisində tapılmış
onlarla təkdırnaqlı Azərbaycanda kolbasa və sosiska istehsalına
yönəldilən at və eşşəklərin kiçik bir hissəsidir: hər il minlərlə at və
eşşək qeyri-rəsmi şəkildə kolbasa sexlərinə göndərilir. Bunu statistika
ilə sübut etmək olar. Statistikaya görə, Azərbaycanda 76 min at və 44
min eşşək var. Adətən at və eşşəklər 15-20 il yaşayır. Amma Azərbaycan
əhalisi atı və eşşəyi sırf təsərrüfatda işlətdiyi üçün yaşı 10 ili keçən
kimi onunla vidalaşırlar, qoca eşşək və ya atın yediyi ot artıq xərc
sayılır. Son illərdə Azərbaycanda heç kim hansısa atın və eşşəyin
öldüyünü gözü ilə görməyib, təkdırnaqlılar bir az qocaldıqdan sonar
harasa yox olurlar.
Yəni hər il orta hesabla 7 min at və 4
min eşşək bu cür yox edilir. Kənd yerlərində yaşayanlar bilir ki, bir
neçə il qabağa qədər Azərbaycanın mal bazarlarına Qazaxıstandan xüsusi
işbazlar gəlirdi və qoca arıq atların birini 50-70 manata alaraq diri
şəkildə ölkələrinə aparırdılar. Sonradan Astana xaricdən at və at əti
idxalına qadağan qoydu və bu biznes də dayandı. İndi isə böyük ehtimalla
həmin atlar daha ucuz qiymətə eşşəklərlə birlikdə ət emalı sexlərinə
yönəldilir. Yəni bir atın orta hesabla 200 kiloqrama qədər ət verdiyi
nəzərə alınarsa, bu üsulla il ərzində 1500 tona yaxın at və eşşək ətinin
kolbasa sexlərinə verildiyini güman etmək olar. Bu, 2012-ci ildə
Azərbaycanda toplam istehsal edilmiş kolbasa məmulatlarına təxminən
bərabərdir. Statistikaya görə, inişil ölkədə 1543,8 min ton kolbasa
istehsal edilib ki, bunun 844,8 tonu Bakının, 600 tonu Abşeron iqtisadi
rayonunun, 61,5 tonu Gəncənin, 11,1 tonu Göygöl rayonunun payına düşüb.
Şirkətlər kolbasa məmulatlarının ətdən
ucuzluğunu Hindistandan gətirilən ucuz sümüksüz ətlə izah edirlər.
Düzdür, 2012-ci ildə Hindistandan 3,5 min ton sümüksüz camış əti
gətirilib. Amma onun kiloqramını Hindistanda təxminən 2 dollara
verirlər. Digər xərclər nəzərə alındıqda həmin ətin kiloqramı 3 manata
düşür. Yerlərdən alınmış at ətinin kiloqramı isə 15-20 qəpikdən baha
olmur, məsələn 200 kiloqram ət verən ata kolbasa sexləri indi 30 manat
ödəyirlər. Özü də Hindistan ətinin əsasən restoranlara və şadlıq
evlərinə verildiyi kimsədən gizli deyil. Bəzi şadlıq evlərində hətta
Hindistan ətindən bozartma da bişirirlər ki, bunu dadından dərhal hiss
etmək olur. Həm də araşdırmalara görə, at və eşşək ətinin
bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərən kolbasa sexlərinə verilir.
Rəqəmlər bu durumda ölkədə istehsal edilən kolbasa məmulatlarının
təxminən yarısının at və eşşək ətindən istehsal edildiyini güman etməyə
imkan verir.
Əslində at ətinin qidada istifadə
edilməsində böyük qəbahət yoxdur, Orta Asiyanın əksər türk
respublikalarında at əti yeyilir. Həm də 1-2 illik cavan atların əti
dietik sayılır və qara ciyər xəstəliklərinin dərmanıdır. Lakin
Azərbaycanda kəsilən atların yaşı 10-15-i keçdiyinə görə onların əti bu
özəlliklərə malik deyil. Həm də digər türk xalqlarından fərqli olaraq
oğuz türkləri, yəni türkiyəlilər, türkmənlər və azərbaycanlılar tarixən
at əti yeməyiblər. Türkmənistanda hətta ata qida məqsədi ilə kəsmək
cinayət sayılır. Eşşək əti yemək isə şəriət qaydalarına görə məkruhdur.
Burada ən təhlükəli məqam isə həmin ətlərin normal sanitariya
şəraitindən uzaq, heç bir baytar nəzarəti olmadan kəsilməsindədir. Yəni
haramlığı bir yana, bu cür gizli kəsilən ətlər istehlak bazarına çox
dəhşətli xəstəliklər bəxş edə bilər.
Elə bu səbəbdəndir ki, bütün dünyada
olduğu kimi Azərbaycanda da, qanunvericiliyə görə, heyvan kəsimə
getməzdən qabaq mütləq həkim nəzarətindən keçməlidir. DBX təmsilçisi
Fizuli Qurbanovun sözlərinə görə, əgər heyvan kəsimə göndərilirsə ilk
növbədə bəsləndiyi məntəqədə baytar nəzarətindən keçməlidir: “Yəni yerli
baytar həmin heyvanın kəsilməsinə icazə verməlidir. Çünki sahə baytarı
bilir ki, həmin heyvana qarşı hansı tədbirlər aparılıb, hansı vaksinalar
və dərmanlar vurulub. Əgər heyvana vaksina vurulubsa, onu kəsmək olmaz,
müəyyən müddət keçməlidir. Çünki vaksina əslində müəyyən xəstəliklərin
virusudur. Məsələn, heyvana qara yara peyvəndi edilibsə, 10 gün kəsmək
olmaz; zərdabı vurulubsa, müddət 14 günə qalxır. Dabaq vaksini
vurulubsa, heyvanı 21 gün kəsmək olmaz. Həmin müddət ərzində heyvanda
xəstəliyə qarşı immunitet yaranır və həmin virusları yox edir”,- deyə
DBX təmsilçisi vurğulayır.
Yəni baytar heyvanın kəsimə yararlı
olması barədə diri halda baytarlıq şəhadətnaməsi verməlidir. Daha sonra
heyvanı kəsim məntəqəsinin baytarı diri halda müayinə etməlidir, şübhəli
məqam akarlasa, kəsimi dayandırmalıdır. Məntəqənin baytarı kəsimdən
sonra isə ətin müayinəsini aparmalıdır. Bu zaman qan, dərialtı
toxumalar, içalat və s. müayinə edilməlidir. Bu, vərəm kimi parazitar
xəstəliklərin müəyyən edilməsi üçün aparılır. Amma reallıq göstərir ki,
Azərbaycanda bu normalara əməl edilmir. Yalnız Bakı və Gəncə kimi iri
şəhərlərin bazarlarında, iri qəssabxanalarda baytarlıq ekspertiza
laboratoriyaları var. Yəni bu məntəqələrdə kəsilən ətlərin vəziyyətinə
az-çox nəzarət etmək olur. Amma ən qarışıq vəziyyət regionlardadır.
Son 20 ildə bu sahədə vəziyyət xeyli
çətinləşib – heyvan sayı artıb, baytar həkimlərin sayı isə dəfələrlə
azalıb. Məsələn, ölkə üzrə 1,8 milyon iri buynuzlu və 5,3 milyon xırda
buynuzlu mal-qaranın olduğu 1983-cü ildə Azərbaycanda 3 mindən çox
baytar həkim olub. Onların təxminən 1000-i zonalar üzrə, 2000-dən çoxu
isə kolxoz və sovxozlarda fəaliyyət göstərib. 2013-cü ildə ölkədə 2,7
milyon iri buynuzlu və 8,7 milyon xırda buynuzlu mal-qara
qeyddiyyatdadır. Yəni statistikaya görə 50 faiz artım olub, real artım
isə daha yüksəkdir. Baytar sayı isə üç dəfə azalıb. İndi Azərbaycanın
regionlarında fəaliyyət göstərən həkim sayı isə 1000-dən çox deyil.
Adətən 5-6 kəndə bir baytar həkim nəzarət edir ki, onun da praktiki
olaraq bütün heyvanlara nəzarət etməsi mümkün deyil. Yəni normal baytar
nəzarəti göstərilməsi üçün kiçik və orta kəndlərin hər birində bir
baytar həkim, böyük kəndlərdə isə 2 və ya 3 baytar həkim ştatı
açılmalıdır. Azərbaycanda 4500-ə yaxın kənd və kəndlərdən elə də
fərqləməyən qəsəbə var ki, bu hesabla ölkə üzrə dövlət ştatında olan
baytar sayı 5 mini keçməlidir. Yəni indi Şəmkir kimi iri bir rayonda
cəmi 20 baytar həkim var ki, onların kəsilən bütün ətlərə, kəsimə gedən
bütün heyvanlara nəzarət etməsi fiziki cəhətdən mümkün deyil.
DBX təmsilçisi Fizuli Qurbanovun
sözlərinə görə, Azərbaycanda bu sayda baytar həkim var, yəni ştatlar
açılarsa, onları kadrla təmin etmək çətin olmaz. “Beynəlxalq Epizodik
Büronun xüsusi qrupu araşdırmışdı və ortaya çıxarımışdı ki, Bakı və
rayonlarda toplam 5 minə yaxın baytar var. Əgər dövlət bu sayda baytar
ştatı açarsa, təbii ki, istənilən səviyyədə nəzarəti həyata keçirmək
olar”,- deyə təcrübəli baytar vurğulayır.
Lakin burada vacib olan başqa bir
məqam heyvanların birkalaşdırılmasıdır. Əgər bütün heyvanlara doğulan
andan birka urularsa murdar ətlərin, at və eşşək ətinin sexlərə gedib
çıxması mümkün olmaz. Ən azından ətin qaiməsində kəsilən heyvanın birka
nömrəsi yazılar ki, çağdaş texnologiya ilə ilkin heyvanın nə olduğunu
ortaya çıxarmaq çox asan olar. Xarici ölkələrdə istənilən qaramal üçün
pasportlaşma aparılır, doğumdan tutmuş kəsimə qədər heyvanlar barədə
bütün məlumatlar mərkəzləşmiş bazada topdanır. Bstənilən baytar birka
nömrəsi ilə ölkənin istnilən yerindən internetə girərək heyvan barədə
məlumat ala bilir. Yəni belə olan halda xəstə və vaksinləşdirilmiş
heyvanın kəsimə verilməsi də qeyri-mümkün olur. “Bu sahədə bizdə də
beynəlxalq təşkilatlarla layihələr aparılır. Artıq bütün cins atların
nömrəsi var, xaricdən gətirilmiş mallara da nömrə vurulur. İndi bütün
heyvanların birkalaşdırıması üzrə layihə var. İlkin mərhələdə bunu
dövlət vəsaiti hesabına həyata keçirmək nəzərdə tutulur, sonra isə
sahibkarların hesabına gerçəkləşdiriləcək. Zənnimcə, bu
gerçəkləşdirildikdən sonra ölkədə baytar nəzarəti daha da güclənəcək, at
və eşşəklərin, murdar və xəstə ətlərin istehlak bazarına girməsinin
qarşısı alınacaq”, – deyə Fizuli Qurbanov bildirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3771