Zaqatala-inkişafın yeni ünvanı
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfər edib.Səfər Zaqatala rayonundan başlanıb. Zaqatala Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının açılışında iştirak edib. Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun yardımı ilə tikilən körpələr evi – uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılış mərasimlərinə qatılıb. Dövlət başçısı rayonda görülən işlərdən razı qalmışdır.
Ümumiyyətlə bildirək ki, respublikada aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq son illər Zaqatala rayonunda da iqtisadiyyatın dinamik inkişafına nail olunub, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər davam etdirilib. Bu gün Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı respublikamızın digər rayonlarında olduğu kimi, Zaqatalada da uğurla həyata keçirilir. Rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi vacib olan işlər tam sürətlə və uğurla icra olunmaqdadır. Qeyd etmək lazımdır ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində cənab Mübariz Əhmədzadənin fəaliyyət göstərdiyi bütün bu illər ərzində qazanılan uğurlar və nailiyyətlər rayonun tərəqqisinə müsbət təsir göstərib. Bu gün də əksər sahələrin fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır. Abadlıq işləri, yaşayış məntəqələrinin qazlaşdırılması, məktəb tikintisi və yol çəkilişi istiqamətində görülən işlər əhalinin də böyük razılığına səbəb olub. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadənin vətəndaşların problem və qayğıları ilə dərindən maraqlanması, mövcud problemlərin həlli istiqamətində operativ və effektli tədbirlər görməsi rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Xüsusi olaraq qeyd olunmalıdır ki, 2015-ci ildə Zaqatalada dinamik inkişafın sürətlənməsi, əhalinin rifah halının durmadan yüksəlməsi ilə müşahidə olunub. Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq gündəlik fəaliyyətində Prezident Administrasiyasının yaxından köməyi, tapşırıq və tövsiyyələri əsasında qarşıya qoyulan vəzifələrin icrasına səylə çalışmışdır.
Statistik məlumatlar da bu fikri təsdiqləyirş Bu il rayonda 100 milyon manatdan artıq məhsul istehsal edilib və xidmətlər göstərilib. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı sənayedə , kənd təsərrüfatında və digər sahələrdə artım müşahidə olunub. Rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, sahibkarlara 30-dan artıq layihə üzrə güzəştli kredit verilib. Tək 2015-ci ilin bu vaxtadək olan dövrü ərzində 600-dən çox iş yeri aşılıb. Həmçinin, 2015-ci ildə rayonda bütün maliyyə mənbələri hesabına tikinti, təmir və abadlıq işləri görülüb. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı üçün yeni binanın, Yuxarı Tala və Yengiyan kəndlərində 450 və 264 şagird yerlik yeni məktəb binalarının, kənd təsərrüfatı idarəsi və rayon məhkəməsi üçün yeni inzibati binaların inşası başa çatdırılıb. Zaqatala şəhərinin “Sülh” küçəsində “Mərasimlər evi” tikilib istifadəyə verilib, Əliabad qəsəbəsi və Muğanlı kəndində uşaq bağçaları əsaslı təmir olunub, Zaqatala şəhərində 100 yerlik uşaq bağçasının tikintisi isə davam etdirilib. Bundan əlavə, rayon ərazisində 135 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 3 ədəd 45 mənzilli yaşayış binasının, 150 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının və digər obyektlərin tikintisinə başlanılıb.
Etiraf etmək lazımdır ki, rayon rəhbərliyi həyata keçirdiyi quruculuq fəaliyyətində yerli ictimaiyyətin, sadə vətəndaşların dəstəyinə güvənir və bu güvənc ölkə rəhbərliyinin Zaqatala rayonunun inkişafına göstərdiyi diqqət və qayğının sayəsində bütün arzuları gerçəkləşdirmək üçün misilsiz imkanlar yaradır. Əminliklə demək olar ki, cənab Mübariz Əhmədzadənin rəhbərliyi altında Zaqatala Rayon İcra Hakimiyyəti bundan sonra da qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirmək üçün bütün potensialını səfərbər edəcək, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, rifah halının yüksəldilməsi istiqamətində fəaliyyətini daha da yaxşılaşdıracaqdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=37720