Azərbaycan dərsliklərində erməni qəhrəman
Kəlbəcər rayonunun işğalında iştirak etmiş ermənilərdən biri Sarqis
Aspanyan Azərbaycanda orta məktəb dərsliklərinə hansısa yolla Azərbaycan
döyüşçüsü və qəhrəman kimi düşdüyünü iddia edir. ANS Press-in
məlumatına görə, bunu Ermənistanın term.am saytına açıqlama verən
erməninin özü deyib.
“Mən cəmi bir neçə gün əvvəl bilmişəm ki, azərbaycanlıyam. Şeyxi
xanım adlı qadının nəvəsiyəm. Mən bunu bir azərbaycanlı qadından
eşitmişəm. Həmin qadın bir erməni ilə mübahisə edib deyirdi ki, mən
türkəm. Erməni isə o azərbaycanlı qadına bir neçə videoçarxın linkini
göndərdi. Azərbaycanlı qadın bu videolara baxandan sonra başa düşə
bilmirdi ki, mən erməni dili ilə yanaşı türk və fransız dillərini
haradan bu qədər yaxşı bilirəm, bu dilləri necə öyrənmişəm”.
Aspanyan fotonun tarixi haqqında da danışıb. Onun sözlərinə görə,
foto 1993-cü ildə çəkilib. “Orada 80 yaşlı qadın var idi. O, bizə “Nə
üçün gecikdiniz? Tezliklə ermənilər şəhərə girəcək” dedi. Mən anladım
ki, qadın bizi azərbaycanlı hesab edib. Ordakı qadınların arasında 81
yaşlı Şeyxi xanım da var idi. O, aşıq, şairə idi”.
Qeyd edək ki, fotonun məhz hansı dərslikdə dərc edildiyi açıqlanmayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov orta
məktəb dərsliklərimizdə erməni yaraqlısının azərbaycanlı kimi təqdim
olunması ilə bağlı açıqlamasında deyib ki, dərsliklərdə belə bir məlumat
yoxdur: “İlkin olaraq deyə bilərik ki, bizim kitablarımızda belə bir
məlumat yoxdur. Bu prossesi tam formada izləmək üçün bizə müəyyən bir
müddət lazımdır”.
O, erməni mətbuatında yayılan informasiya ilə bağlı araşdırma
aparıldığını deyib: “Hələ ki bu şəkilin bizim hansı kitabımızda olması
barədə, heç nə tapılmayıb. Belə bir şəkil yəqin tarix və ya ədəbiyyat
dərsliklərimizdə ola bilər. Məsələ ilə əlaqədar olaraq araşdırma
aparılır”.
Qeyd edək ki, sosial şəbəələrdə də youtube.com-da ermənilərin
Kəlbəcəri işğal etdiyi vaxt çəkilən videogörüntülər yayılıb. Bu
videolardakı erməni əsgərlərindən biri də Sarqis Aspanyan olub. Bu
videolardan birini sizə təqdim edirik.
Professional Oxucu Liqasının rəhbəri İbrahim Sel mövzu ilə bağlı Bugun.az-a maraqlı məlumatlar verib.
Onun dediyinə görə, sözü gedən döyüşçü Türkiyə ermənisidir, ona görə
də azərbaycanlılara bir qədər isti yanaşıb. Sonra bunların əsasında
sənədli film hazırlayıb. POL rəhbəri bildirib ki, o, tanınmış komandir
olub, Qarabağda vuruşub. Sonralar o Ermənistan müxalifət partiyalarından
birinin rəhbəri olub. Daha sonra tutulub və türmədə yatıb.
Onun dediyinə görə, yazıya əlavə edilmiş şəkil o vaxt dünyanın bütün
məşhur jurnallarında dərc olunub. Şəkil erməni dəsliklərinə də düşüb və
həmin şəxsin qızı bu mövzuda şeir yazıb o dərsliklərdə bu şəkil həmin
şeirin altında qoyulub. İbrahim Selin dediyinə görə, əsgərlər və yerli
əhali Kəlbəcəri tərk edəndən sonra şəhəri ruslar qoruyub: “Ruslar sonadək döyüşüb hamısı qırılmışdı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3774