Yevlaxda sosial partlayış
Yevlaxda əlil Nizami Kərimovun özünü yandırmasından sonra Yevlax
rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rövşən Məhərrəmov
işdən azad edilib.
Mərkəzin direktor əvəzi Natiq Məmmədov isə təcili Bakıya – Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırılıb. Yevlax ƏSMM-nin
əməkdaşları dedilər ki, direktor əvəzi yeni təyin olunub, o da paytaxta
yola düşüb, vəziyyət gərgindir. Odur ki, idarədə ara qarışıb, məzhəb
itib.
“Anam pensiya aldığı üçün mənə yardım vermirlər”
Mərkəzdə vətəndaşların qəbulu və idarəçilik ilə bağlı xaotik vəziyyət
yaranıb. Yevlax ƏSMM-də isə əlilin özünü yandırmasından sonra
süründürməçilik, qanunsuzluq halları davam etməkdədir.
Mərkəzin qarşısında şikayətini dinlədiyimiz yerli sakin Nəzər Məmmədovun dediklərindən:
“Mən Xaldanın Quşçu kəndində yaşayıram. Füzulidə döyüşmüşəm,
yaralanmışam və başımda qəlpə var. Üç yerdən əməliyyat olunmuşam və əmək
qabiliyyətim yoxdur. Bu günə kim pensiya alırdım. Son artımdan sonra
128 manat pensiya alıram. Üç övladım var. Aldığım travmalardan sonra
hələ indi gəzməyə başlayıram. Bu 20 ildə indi ayağa qalxmışam. Ona görə
də gəlmişəm ki, mənə sosial yardım ayırsınlar”.
Mahmud Süleymanov adlı Köyük kənd sakini isə haqsızlıqla üzləşdiyini deyir: “Mənim 90 yaşlı anam var. Anama görə mənə sosial müavinət verməkdən
imtina ediblər. Qardaşım Əli Süleymanov Füzulidə şəhid olub. Burada
Rövşən Məhərrəmov məni get-gələ salıb. Deyir ki, sənə imtina düşür. Guya
anamın pensiyası yaşayışıma bəs edir. Əvvəla 6 baş külfətim var. Anamın
pensiyası bizə necə çata bilər? İkincisi də anamın pensiyasının mənə nə
aidiyyatı var, axı..? Arvad o pensiyanı alırsa, mən sosial yardım ala
bilmərəm? Hardansa bir qəpik gəlirimiz yoxdur. Rövşən
müəllim haqsızlıq edir, bizə düşən müavinəti təyin etmir. Prezidentə,
Mehriban xanıma məktublar yazmışam. Rövşən müəllim deyir ki, get, kimə istəyirsən, şikayət elə…”
“Göldə balıq saxlayanlara, bahalı maşını olanlara müavinət verilir”
Yevlaxın Nəmərli kəndindən ƏSMM-nə növbəti dəfə üz tutan Aynurə Xalqverdiyevanın həyat yoldaşı vəfat edib, üç övladı var. Hazırda 87 yaşlı atasının evində yaşayırlar.
“Atam uzun illər məktəbdə müəllim işləyib. Bizə də sosial yardım üçün
imtina cavabı yazıblar. Qazımız, işığımız, gəlirimiz yoxdur. Bizə
deyirlər ki, atamın varlığını gizlətmişik. Amma “sovetlik”dən aldığım
sənəddə atamın bizimlə yaşadığı qeyd olunur. Sənədi də Sosial Müdafiə
Mərkəzinə təqdim etmişik. Atam cəmi 120 manat pensiya alır. Deyirlər ki,
guya onun pensiyasını yeyirik. Heç o pul atamın dərmanlarına, çörəyinə
çatmır. Qışın günüdür, bax görürsüz, əynində qalın bir paltarı da
yoxdur. Almağa imkanımız yoxdur, nə eləyək? Atam müəllim olub, canını bu
millətin yolunda qoyub. Ona pensiyanı bizə görə kəsməyiblər, 33 il
işlədiyinə görə verirlər. Mənə niyə sosial yardım düşməməlidir?” – deyə
şikayətçi qəzəbli şəkildə sual edir.
Onun sözlərinə görə, qəbula gedirkən, deyirlər ki, imtina kağızı
yazmışıq, hara istəyirsən, şikayət elə: “O kağız parçasını qazana atıb,
qaynadıb, yemək olmur, axı..? Düz bir ildir ki, bu idarəyə ayaq döyürəm.
Onlara verdiyim sənədləri geri tələb edirəm ki, aparıb, Bakıda
göstərim. Qoy, orda desinlər ki, sənə sosial yardım düşmür. Heç
sənədlərimi də vermirlər. Uşaqlarım qışın günündə “şəpit”də gəzirlər. Bu
rayonda 10 hektarlarla göldə balıq saxlayanlara, qara bahalı maşını
olanlara, qalstuklulara, kostyumlulara yardım düşür, amma bizim kimilərə
yox… Məcburam ki, mən də özümü onların bahalı maşınlarının altına
atım, bəlkə onda dövlət ayılar”.
A.Xalqverdiyeva bildirir ki, həyat yoldaşı Horadizdə ən qızğın döyüşlərdə iştirak edib: “Batalyondan cəmi 7 nəfər sağ qalmışdı. Sənədləri də elə orda qaldı. Hökumət onun müharibə iştirakçısı olmaslna görə, bir qəpik də bizə
yardım vermir. Sabah müharibə olsa, elə bilirsiz, burda oturanları
döyüşə çağıracaqlar ölməyə..? Xeyr, yenə bizi, ac-yalavac yaşayanları
çağıracaqlar. Elə vəziyyətə salıblar ki, Azərbaycan vətəndaşı olmaqdan
utanırıq. Bu qədər neft-qazın içərisində yaşadığımız günə bax…”
Aynurə xanımın yaşlı atası Rövşən Xalqverdiyev də
bildirir ki, kürəkəni rəhmətə gedib, ona görə də qızını və nəvələrini öz
evinə gətirib: “Bir daxmam var, ora yığışmışıq. Onları qovmayacağam
ki..? Oturublar, yanımda… 87 yaşımda nə işlə məşğul olum, nə edim ki,
bu yetimləri saxlayım? Mənim pensiyamı bəhanə edib, sosial yardım
ayırmırlar. Belə qanun olmaz”.
“Başçının sübutu var, “psix” deməyə..?”
Yevlaxda özünü yandıran əlil Nizami Kərimovun
vəziyyəti ağırlaşıb. Hazırda 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsində
müalicə alan əlilə baş çəkən interpress.az-ın əməkdaşına verilən
məlumata görə, onun yanına heç kəs, hətta həyat yoldaşı belə
buraxılmır.
Xəstəxananın yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov
Modern.az-a xəstənin vəziyyəti haqqında məlumat verib: “Xəstənin
vəziyyəti ağırdır. Bədəninin yuxarı hissəsinin təxminən 65-70 faizi
yanıb. Hər iki yuxarı ətraflar tamamilə 3-cü dərəcəli yanıq xəsarəti
alıb”.
Özünü yandıran əlilin xanımı Zülfiyyə Kərimova isə
saytın əməkdaşına deyib ki, 2013-cü ilin son aylarından etibarən sosial
yardım ala bilməyiblər: “4 ay idi ki, sosial yardım bağlanmışdı. Bütün
ailə gözünü dövlətin verdiyi sosial yardıma dikib. Bir-iki ay səsimizi
çıxartmadıq. Nəhayət, yoldaşım qərara gəldi ki, rayon mərkəzində
yerləşən sosial yardım şöbəsinə müraciət etsin. Yoldaşım ora gedərkən
ona orada deyiblər ki, “Gərək sosial yardımın 6 ayını biz alaq, 6 ayını
da siz…”
Z.Kərimova sosial durumlarının çox ağır olduğunu vurğulayıb: “3
uşağımız var. Böyük qızım ailəlidir. Yerdə qalan ikisi məktəblidir.
Uşaqlarım hər dəqiqə zəng edib, atalarını soruşurlar. Həqiqəti deyə
bilmirəm. Uşaqlarım evdə gözüyaşlı qalıb. Yoldaşımın vəziyyəti yaxşı
deyil, yanıq onun sifətini pis hala salıb. Amma ümid edirəm ki,
sağalacaq. Bu oyunu bizim başımıza açanlardan əl çəkən deyiləm”.
O, icra başçısına da cavab verib: “Məni yandıran əsas məsələ Yevlax
rayonu İcra Hakimiyyəti başçısının yoldaşıma “psix” damğasını
vurmasıdır. Bu sözü hansı əsasla deyib? Sübutu var, o sözü işlətməyə..?
İcra başçısının yoldaşıma “psix” deməsi bütün qohumlarımızı ayağa
qaldırıb. Onun ayağı əlildir, başı isə əlil deyil. Ona deyiblər ki,
“Kişi deyilsən, özünü yandırmasan”. Yoldaşımı özündən çıxarıblar.
Haqqını tələb edəndə adam “psix” olur, bəyəm..?”
Short URL: http://www.cumhuriyyet.net/?p=3778