Bir ayda 15 azərbaycanlının öldüyü Suriyada baş verənlər…

30.01.2014 - 02:58

Azərbaycanlılar Suriyada kimə qarşı vuruşur
və niyə tez-tez ölürlər?

Soydaşlarımızın hədəfi 130 mindən çox
insanın qətlinə bais olmuş Bəşər Əsəddir, yoxsa elə onlar kimi məqsədləri
Suriyada şəriət rejimi qurmaq istəyən digər radikal qruplaşmalardan olan
yaraqlılardır?

Son
bir ayda Suriyada ən azı 15 azərbaycanlının öldüyü məlumdur. Bu statistika özlərini “mücahidlər” adlandıran radikal qruplaşmaların
saytında yerləşdirilmiş məlumatlar əsasında aparılıb.”Ən azı 15″ ifadəsi ona görə işlədilir
ki, üç ilə yaxındır qanın su yerinə axdığı ölkədə ölən Azərbaycan
vətəndaşlarının sayı əslində daha çox ola bilər. O cümlədən Suriyaya “cihad”a
yollanan Azərbaycan vətəndaşlarının da dəqiq sayını bilən yoxdur. Bəziləri bu
sayın yüzlərlə, bəziləri hətta minlərlə olduğunu deyir.

Fransanın Kəşfiyyat Araşdırmaları Mərkəzinin
direktoru qanın su yerinə axdığı ölkədən yazdı

Görünür,
vəziyyətin getdikcə təhlükəli xarakter almasının təsirindəndir ki, yanvarın 28-də
Qafqaz Müsəlmanları İdarəsi azərbaycanlıların radikal islamçı qruplaşmaların
tərkibində döyüşmək məqsədilə Suriyaya getməsini müzakirə etmək üçün xüsusi
toplantı keçirlib, müvafiq fitva verilib. Bəs azərbaycanlılar Suriyada kimə
qarşı vuruşur və niyə tez-tez ölürlər? Onların hədəfi 130
mindən çox insanın qətlinə bais olmuş Bəşər Əsəddir, yoxsa elə onlar kimi
məqsədləri Suriyada şəriət rejimi qurmaq istəyən digər radikal qruplaşmalardan
olan yaraqlılardır?

Fransanın Kəşfiyyat Araşdırmaları Mərkəzinin
direktoru, beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıq üzrə nüfuzlu
ekspert Alan Rodyenin “Atlantico” jurnalında dərc edilmiş analizi bu suallara
cavab tapmağa kömək edir.Suriyada “cihad”
adı verilən hərbi kampaniyanın son günlər Azərbaycanda da geniş müzakirələrə
səbəb olduğunu nəzərə alaraq Alan Rodyenin məqaləsinin tərcüməsini ixtisarlarla
oxuculara təqdim edir.

Səhnə arxasından ipi əlində saxlayan isə
“əl-Qaidə”dir

Suriyada
toqquşmalar üsyançıların silahlı dəstələri ilə hökumət qüvvələri arasındakı
qarşıdurmalarla yekunlaşmır. Hazırda ölkə ərazisində “İraq
və Şam İslam Dövləti” və “əl-Nusra Cəbhəsi” qruplaşmaları arasında da
asimmetrik müharibə gedir. Səhnə arxasından onların ipini əlində saxlayan isə
“əl-Qaidə”dir.

Yanvarın əvvəllərindən etibarən KİV-lər “İraq
və Şam İslam Dövləti” ilə Suriya
üsyançılarının digər qruplaşmaları, xüsusən də ötən ilin sonlarında Türkiyə,
Səudiyyə Ərəbistanı və İordaniya xüsusi xidmət orqanlarının dəstəyi ilə
yaradılmış İslam Cəbhəsi koalisiyası arasında şiddətli döyüşlərin getdiyini
xəbər verir. Bu döyüşlərdə müxtəlif mənbələrin məlumatlarına görə, 1000-dən çox
adam ölüb. Necə də olsa bu informasiyaya
ehtiyatla yanaşmaq lazımdır, çünki onlar müstəqil və mötəbər hesab edilməsi
çətin olan mənbədən daxil olur. Bununla belə “əl-Qaidə” rəhbəri Ayman
əs-Zəvahirinin bəyanatından Suriyada baş verənlər haqda müəyyən qənaətlərə
gəlmək mümkündür. Məsələn, əs-Zəvahiri bu günlərdə audiomüraciətlə çıxış edərək
tərəfləri qardaş qırğınını dayandırmağa və ümumi düşmənə – Bəşər Əsəd rejiminə
qarşı döyüşməyə çağırıb. Həmçinin bəllidir ki, İslam Cəbhəsi, “İraq və Şam
İslam Dövləti” və “əl-Nusra Cəbhəsi” Suriya böhranına dair “Cenevrə-2” prosesində iştirak etmir. Bu üç hərəkatın hər biri qarşısında belə vəzifə qoyub: şəriət
qanunlarına söykənən İslam dövlətinin yaradılması.

Suriyada “əl-Qaidə”nin yeganə rəsmi
təmsilçisinin “əl-Nusra Cəbhəsi” olmasına baxmayaraq ən yaxşı hazırlıq keçmiş
döyüşçülər “Şamın azad insanlarının İslam hərəkatı”, yaxud qısaca “Əhrar
əş-Şam”ın üzvləridir. Bu qruplaşmaya “Hasan Addub” ləqəbli Əbu Abdulla əl-Həmavi başçılıq edir.

Daxili qarşıdurmada kim kimdir?

Bundan
əlavə, 2013-cü ilin noyabrında yaradılmış “İslam Cəbhəsi” koalisiyasının
formalaşdırdığı siyasi kabinetə də o rəhbərlik edir. İslam
Cəbhəsini Bəşər Əsədin devrilməsinə və Suriyada demokratik rejim qurulmasına
çalışan Azad Suriya Ordusu ilə qarışdırmaq lazım deyil. İslam Cəbhəsi
alyansının hazırda 45 mindən çox döyüşçüsü var.

İslam Cəbhəsinin koordinatoru rolunu Muhammed
Bəhayya (Əbu Xalid əs-Suri) oynayır. O, “Əhrar əş-Şam” qruplaşmasında
rəhbərlərdən biridir. Muhammed Bəhayya “əl-Qaidə”nin keçmiş lideri Üsamə bin
Ladenin yaxın adamlarından biri olub və Ayman əs-Zəvahiri ilə yaxşı tanışdır.

İspaniya xüsusi xidmət orqanları onun
“əl-Qaidə”yə mənsub olduğunu hələ ötən əsrin 90-cı illərindən müəyyən ediblər.
Muhammed Bəhayya 2004-cü ilin martında Madriddə və 2005-ci ilin iyulunda
Londonda törədilən terror aktlarının təşkilatçılarından olan Mustafa Setmariam
Nazarın yaxın tərəfdaşıdır.

Bəşər Əsəd rejimi Suriyada etirazların
başlamasından sonra onu həbs edib, ancaq 2011-ci ildə azadlığa buraxıb. 2013-cü
ilin aprelində Ayman əs-Zəvahiri Muhammed Bəhayyaya tapşırıq verib ki,
“əl-Nusra Cəbhəsi” nin əmiri Əbu Muhammed əl-Culiani ilə “İraq və Şam İslam
Dövləti”nin lideri Ömər əl-Bağdadi arasında yaranmış düşmənçiliyi dayandırmaq
üçün vasitəçilik etsin.

Həmçinin Amerika kəşfiyyatının əldə etdiyi
məlumatlara görə, Bəhayya “əl-Qaidə”nin Qətərdə mənzillənmiş maliyyəçisi Əbd
ər-Rəhman bin Umayr ən-Nuyamidən Suriyadakı qruplaşmaları maliyyələşdirmək üçün
milyonlarla dollar pul alıb.

Bu il yanvarın 3-də islamçı müxalifət “İraq və
Şam İslam Dövləti”inə iki səbəbə görə müharibə elan edib. Birincisi, bu
qruplaşma ən müxtəlif qəddarlıqlarda və soyğunçuluqda günahkardır (tamamilə
doğrudur). İkincisi, Əsəd rejimi ilə əlbirdir (neft qaçaqmalçılığı istisna
olmaqla bu iddia yalandır).

Cavab olaraq yanvarın 8-də “İraq və Şam İslam
Dövləti” Suriya İnqilabi Qüvvələrinin Milli Koalisiyasını və onların Ali Hərbi
Şurasını “xainlər və düşmənlər” elan edib.

“İraq və Şam İslam Dövləti”nin düşmənləri
bildirir ki, onlar hərəkata bir neçə dəfə ciddi zərbə vura biliblər. Hansı ki,
bu, şübhəlidir. “İraq və Şam İslam Dövləti” ilə eyni vaxtda iki koalisiya
döyüşür: İslam Cəbhəsi və 8 radikal islamçı hərəkatın koalisiyasından ibarət
Mücahidlər Ordusu.

Əslində Suriyada belə koalisiyalar tez-tez
formalaşır və dəyişir. Yaranır, dağılır və qısa müddət sonra adlarını dəyişir.
Elə hallar da olur ki, bir hərəkat eyni vaxtda bir neçə ittifaqda yer alır.

Əgər bunlardan İslam Cəbhəsi qismən
məlumdursa, Mücahidlər Ordusu haqda bunu demək olmaz. Yanvarın əvvəllərindən
etibarən bu qruplaşmalar arasında Hələb, İdlib, Rakka, Hama və digər şəhərlərdə
toqquşmalar olub, lakin irimiqyaslı döyüşlərdən söhbət getmir.

“İraq və Şam İslam Dövləti”nin mövqeləri
qismən zəifdir və onların döyüşçülərinin sayı azdır. Ona görə də “İraq və Şam
İslam Dövləti”nin döyüşçüləri düşmənin sayca onları üstələdiyini görəndə
döyüşsüz geri çəkilməyə üstünlük verir. Lakin daha sonra nisbətən sakit
rayonlarda möhkəmlənərək əks-hücuma keçirlər. Hər iki tərəf belə döyüşlərdə
əsir düşənləri yerindəcə güllələyir, yaxud başlarını üzür.

“İraq və Şam İslam Dövləti”nin üzvləri əsasən
iraqlılardan ibarətdir. Onlar düşmənlərinə qarşı intiharçılar vasitəsilə terror
aktları törətmək taktikasından da istifadə edir. Bu taktikanı qruplaşma İraqda
yaxşı mənsimsəyib.

Hazırda qruplaşma bütün qüvvələrini keçmiş
müttəfiqlərinə qarşı yönəldib və Əsəd qüvvələri ilə döyüşmür. “əl-Nusra
Cəbhəsi” isə indiki qarşıdurmada ikibaşlı oynayır. Bu qruplaşma rəsmən “İraq və
Şam İslam Dövləti”nə qarşı çıxır. Eyni zamanda o, iki cəbhə arasında barışığa
nail olmaq istəyir və müntəzəm olaraq tərəfləri atəşi dayandırmağa çağırır.

Suriya hakimiyyətinin açıqladığı məlumatlara
görə, “əl-Nusra Cəbhəsi”nin lideri Əbu Muhammed əl-Culiani təxminən 40
yaşındadır. O, əvvəllər ərəb dili müəllimi olub. 2003-cü ildə əs-Zəvahirinin
İraqdakı qüvvələrinə qoşulub. 2006-cı ildə amerikalılar onu Livanda yaxalayıb.
2008-ci ildə azadlığa çıxıb, daha sonra Suriyada həbs edilib və 2011-ci ildə
həbsdən buraxılıb. əl-Culiani “əl-Qaidə”yə sədaqət andı içib.

“əl-Qaidə”nin özünə gəldikdə isə bu təşkilatda
da hazırda ciddi dəyişikliklər gedir. Köhnə liderləri nisbətən gənclər
əvəzləyir. Hazırda əs-Zəvahirinin və ona kömək edən Məsləhət Şurasının
Pakistanın Əfqanıstanla sərhəd bölgələrindən birində olduğu güman edilir.

əs-Zəvahiri
internetdən fəal istifadə edir. O, son müraciətlərinin birində Banqladeşin
“antiislam hökumətinə qarşı cihada” çağırıb. əs-Zəvahirinin “sağ əli” hesab
olunan Nasir əl-Vuxayşi Yəməndədir və “əl-Qaidə Ərəb yarımadasında” qruplaşmasına
başçılıq edir. “əl-Qaidə”nin İraq və Suriya üzrə qruplaşmaları eyni zamanda
Livanın şimalında da fəallaşır və Bəşər Əsəd rejiminə dəstək verən “Hizbullah”a
öz ərazisində zərbə endirməyə çalışır.

Bundan əlavə,
“əl-Qaidə” Misirin Sina yarımadasında da nüfuzunu genişləndirməyə çalışır və
bu, İsraili narahat edir. “əl-Qaidə”nin digər qolu olan
“əl-Qaidə İslam Məğribində” qruplaşması Fransa qoşunlarının müdaxiləsindən
sonra Malinin şimalından geri çəkilib və hazırda Liviyanın şimalında
möhkəmlənib. Onların dəstələrinin bir hissəsi Tunisə və Mərakeşə keçib.

Şimali Qafqazda fəaliyyət göstərən və Soçi
olimpiadası ərəfəsində fəallaşan “Qafqaz əmirliyi” də “əl-Qaidə”nin qollarından
biridir. Həmçinin Nigeriyadakı “Bako haram” və “Ənsar” qruplaşmaları, Uzaq
Şərqdəki “Əbu Səyyaf” beynəlxalq terroçu şəbəkənin bir hissəsidir.

***

Beləliklə, Suriyadakı müxtəlif qruplaşmalar
arasında qarşıdurmalara baxmayaraq onlar hökumət qüvvələrinə, ölkənin şimalında
muxtariyyət elan edən kürdlərə və ələvi şiələrə qarşı mübarizədə birləşməyə
çalışırlar.

“İraq və Şam İslam Dövləti”nin xeyli
zəiflədiyi deyilir. Lakin unutmaq lazım deyil ki, İraq və Suriya vahid cihad
cəbhəsi hesab olunur və İraq ərazisində Fəlluca əyaləti, Ramada əyalətinin bir
hissəsi dekabrın sonlarından etibarən cihadçıların əlindədir.

Amerikalılar Bağdada bu əraziləri geri
qaytarmaqda kömək etməyə tələsmir. Beynəlxalq ictimaiyyətin diqqəti Suriyadakı
vətəndaş müharibəsini dayandırmaq üçün “Cenevrə-2” prosesinə yönəldib. Bununla
belə həm İraqda, həm də Suriyada gedən mübarizənin ümumi adı sünnilərlə şiələr
arasında qarşıdurmadır.

Xatırlatmağa dəyərmi ki, ər-Riyadın, Dohanın
və Tehranın apardığı və uzaqdan idarə edilməklə gedən bu müharibədə ölənlər
praktiki olaraq yalnız müsəlmanlardır?!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3782

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930