Rəsulzadə “Azadlıq” və “Yeni Müsavat”ı barışdırdı
İsa Qəmbər səsləndi, qəzetlər “atəşkəs” elan
etdi
Məlum olduğu kimi uzun
müddətdir “Azadlıq” və “Yeni Müsavat” arasında sözün həqiqi mənasında söz
müharibəsi aparılır. Oxucu elektoratı əsasən müxalif düşərgədən olan bu
qəzetlərin qarşıdurması cəmiyyətdə böyük təəssüf hissi yaratmışdı. Bununla
bağlı Müsavat başqanı İsa Qəmbər yanvarın 28-də “Facebook” sosial şəbəkəsində
belə müraciət yayıb:
“Hörmətli dostlar,
xanımlar və bəylər!
Media və sosial
şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat Partiyasının üzvləri
Milli Şuradan çıxdıqdan (6 yanvar) sonra daha da kəskinləşən söz savaşı bizim moratorium
qərarından (8 yanvar) sonra xeyli səngisə də, hələ bitməyib. Biz bu ili
Məhəmməd Əmin Rəsulzadə ili elan etmişik. Yubiley
tədbirləri il boyu davam edəcək, lakin bir sıra əsas tədbirlər məhz indiki
mərhələdə, 28-31 yanvarda keçiriləcək.
Mən ilk növbədə müsavatçılara və “Yeni
Müsavat”çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını
fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına
birdəfəlik son qoymağa çağırıram”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf
Arifoğlu Müsavat başqanı İsa Qəmbərin müraciətinə müsbət münasibət bildirib.
Baş redaktor “Musavat.com”a deyib: “Hadisələr bir daha sübut etdi ki, Müsavat
başqanı müdrik, təmkinli və böyük düşünən siyasətçidir. Bizim ona böyük
hörmətimiz və rəğbətimiz var. Onun bu müraciətini tarixi və həm də doğru
sayırıq. Biz başqanın bu çağırışına qoşulacağıq və 1 fevrala qədər çəkişmələrə
ara verəcəyik”.
“Azadlıq”
qəzetinə rəhbərlik edən baş redaktor müavini Rahim Hacıyev də Müsavat başqanı
İsa Qəmbərin 28 yanvar müraciətinə münasibət bildirib. O, “Media forum” saytına
deyib ki, İsa Qəmbər bu müraciəti çoxdan etməli idi: “Yeni Müsavat” qəzetində
bizə qarşı qara kampaniya aparıldı. Heç
bir ciddi əsas olmadan böhtan dolu xeyli yazı yazıldı. Biz də yalnız cavab
verdik. Təəssüf ki, bu kampaniya dövründə hər hansı ciddi səy göstərilmədi. İsa
Qəmbər bizə qarşı aparılan qara kampaniya ərzində belə bir müraciətlə çıxış
etmədi. İndi də bunu hansısa tarixlə əlaqələndirmək istəyir. Bunu əvvəl
düşünmək lazım idi. Bu, bizim üçün prioritet məsələ deyil. Bizə hücumlar davam
edəcəksə, biz də cavab verəcəyik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3783