Şübhəli “Xəzər adaları” layihəsində evlərin qiyməti açıqlandı
“Ağıla sığmayan, daha çox fırıldağa oxşayan “Xəzər adaları…”
Azərbaycanda “Khazar Island” (“Xəzər adaları”)
meqa-layihəsini həyata keçirən “Avesta” Konserni layihə çərçivəsində
satılacaq mənzillərin rəsmi qiymətini açıqlayıb.
“Avesta” Konsernindən “APA-Economics”ə verilən məlumata görə, Konsernin
prezidenti İbrahim Nehrəmli bildirib ki, hər 1 kv. metri 4 000 manatdan
satılacaq mənzillər müştərilərə 10 illik ipoteka krediti ilə də
veriləcək. Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, alıcılar
burada satılan mənzilləri ipoteka kreditindən əlavə, 2 illik faizsiz
kreditlə də əldə edə bilər.
İ.Nehrəmli bildirib ki, ilkin ödənişdən asılı olaraq, ipoteka kreditinin
faiz şərtləri də dəyişəcək: “Alıcı ilkin ödənişi çox etdiyi halda,
illik ipoteka faizi də xeyli aşağı düşəcək”.
İ.Nehrəmli ilkin ödəniş cədvəlini də açıqlayıb. Bu cədvələ əsasən, ilkin
ödənişdən asılı olaraq, ipoteka dərəcəsi 10% ilkin ödəniş edənlər üçün
illik 10%, ilkin ödəniş 20% olduqda – illik 8%, ilkin ödəniş 30% olduqda
– illik 6%, ilkin ödəniş 50% olduqda isə ipoteka dərəcəsi illik 4%
təşkil edəcək.
Həmçinin, mənzillərin dəyərinin 10%-i həmin mənzillərin təmirinə sərf
ediləcək. Nəticədə, bütün mənzillər alıcılara tam təmirli təhvil
veriləcək.
Qeyd edək ki, yerli mütəxəsisslər və media İbrahim Nehrəmlinin bu layihəsinə şübhə ilə yanaşır.
Məsələn, iqtisadçı ekspert Natiq Cəfərli bu gün “Khazar Island” şəhərciyində evlərin kvadrat metrinin qiyməti açıqlandıqdan sonra Facebook-da bunları yazıb:
“Son zamanların ən böyük “Ağ Fil” layihələrindən biri, sağlam
məntiqə, ağıla sığmayan, daha çox fırıldağa oxşayan “Khazar Island”
şəhərciyində satılan mənzillərin qiymətləri açıqlanıb: kvadrat-metri
4000 manat (5100 dollar)! Bu şəhərcik ekoloji tələblərə görə fəlakətli
bir yerdədir, Xəzərin ən çirkli bölgəsinin sahilində. Yaxınlıqda 2
sement zavodu, Səngəçal neft terminalı, yaxın zamanda tikiləcək
neftayırma və gəmiqayırma zavodları, daha nələr-nələr…
Dənizin içində olması daim külək səsinin altında olacağı deməkdir.
Bütün bunlardan sonra kv/m-i 5100 dollar. Təsəvvür edin ki, 150 kv/m
olan mənzil 765 000 dollara satılır. ABŞ-da, Mayami şəhərində ümumi
həyəti 1579 kv/m, yaşayış sahəsi isə 520 kv/m olan villa, elə az qala,
bu qiymətə satılır (İqtisadçı bu barədə elanın linkini də paylaşır: http://prian.ru/price/363850.html).
Özünüz baxın, fotolar da var, və deyin: hansı axmaq yatırımçı Bakıda,
sadaladığım ekoloji problemlərlə dolu olan bölgədə 150 kv/m-ə o qədər
pul verər? Bu ölkənin hökuməti qədər, hökumətlə əlaqədə olan, çox vaxt elə hökumət üzvlərinə aid olan biznesi də dolayıb camaatı…”
Short URL: http://www.cumhuriyyet.net/?p=3806