Abutalıbovun rəqibləri arasında qarşıdurma
İqtidardaxili gərginlik yeni müstəviyə qədəm qoyur
2000-ci ildən 2001-ci ilə qədər baş nazirin müavini postunu tutmuş,
ardından da Bakı şəhər icra hakimiyyətinin başçısı postuna təyin edilən
Hacıbala Abutalıbov 13 ildir ki, paytaxtı idarə etməkdədir. Əslində
vəzifəsində o, kifayət qədər uğurlu bir kadr olaraq diqqətə gəldi. Ən
azından kiçik “budka”ların əsarəti altında qalan Bakının hazırki
durumunun ərsəyə gəlməsində Hacıbala Abutalıbovun müstəsna xidmətlərinin
olmasını hər kəs etiraf edər.
BŞİH rəhbəri keçəndən sonra təxminən
40 ticarət köşkünü Bakı küçələrindən təmizləyən Hacıbala Abutalıbov bu
gün bir çox məmurların maraq dairəsində deyil. Elə buna görə də iki
gündən-bir mətbuatda “Hacıbala Abutalıbovu vəzifəsindən alırlar”
başlıqlı xəbərlərə – sonradan təkzib olunan xəbərlərə rast gəlmək
mümkündür.
O isə duruş gətirir. Üzərinə edilən basqılara rəğmən
Hacıbala Abutalıbov hakimiyyətə olan sədaqətində sapmadığından bu gün də
məşhur “91-lər”in sonuncu nümayəndəsi kimi karyerasını davam etdirir.
Sonuncu
dəfə keçən ilin sonlarına yaxın onun görəvdən alınacağı ilə bağlı
xəbərlər yayıldı. Doğrudur, bu, yenə də baş vermədi. Hacıbala Abutalıbov
əvvəlki mövqelərini qorudu. Amma aldığımız məlumatlardan aydın olur ki,
sən demə, rəqibləri həmin ərəfədə Bakı meri postunda dəyişikliyə çox
yaxın imişlər. Yəni Hacıbala Abutalıbov vəzifəsini itirəcəkmiş. Sadəcə
olaraq hadisənin – planlanan olayların ictimailəşməsi, vaxtından əvvəl
məlumata çevrilərək ictimai diqqətə çatdırılması Bakı merinin işinə
yarayıb. Ona qarşı olanlar bir növ, ifşa olunublar…
Bu barədə danışan
məlumatlı mənbə qəzetimizə bildirir ki, hətta rəqibləri sonradan
məlumatın mətbuata hansı şəkildə, kimlərin aracılığı ilə ötürülməsini də
ciddi şəkildə araşdırıblar. Aydın olub ki, bu barədə Hacıbala
Abutalıbovun başqa bir düşməni müstəsna rol oynayıb: “Maraqlıdır ki, bu
gün Bakı meri postunu ələ keçirməyə çalışan bütün tərəflər plan cızır.
Və konkret olaraq iki iqtidarçi cinah bu işdə maraqlıdır. Və keçən ilin
sonlarına yaxın bu cinahlardan biri üstün mövqe qazansa da, əks cinah
baş verənləri sükutla qarşılamayaraq, hadisəni mətbuata ötürməsi ilə bir
növ Hacıbala Abutalıbovun mövqelərinin qorunmasına nail olur. Halbuki
həmin cinah da Hacıbala Abutalıbovla problem yaşayır. Lakin burada
vəzifənin başqa birisinin əlinə keçməsindənsə, Hacıbala Abutalıbovun
qorunub saxlanılması mövqeyi daha önəmli məqam kimi rol oynayır”.
Mənbəmiz
iddia edir ki, hələ də rəqabət davam edir: “Hacıbala Abutalıbov gec-tez
vəzifəsindən alınacaq. Amma onun yerinə təyinatla bağlı məsələlər
qaranlıqdır. Və bu, mübarizə aparan qüvvələrin mövqeyindən birbaşa
asılıdır”. Məlumata görə, yaxın günlərdə dəyişiklik qərarı verilə də
bilər…
Short URL: http://www.cumhuriyyet.net/?p=3807