“Kəssə hər kim tökülən qan izini…”
Öncə Söz yarandı… Bəlkə elə sonda da Söz məhv olacaqmış. Çünki Sözün dəyərdən düşdüyü bir zamandayıq. Sözün dəyərsiz olduğu vaxt yalanı gerçəkdən, şəri həqiqətdən ayırmaq da çətin olur. Sözün dəyərsizliyi elə bir həddə çatıb ki, Tanrı kəlamlarının ifadə olunduğu bu İnsan qüdrəti ilə (Söz axı həm də insanı digər yaradılışlardan fərqləndirən bir haldır) yalan uydurulur, ləkə yaxılır. Bu təxminən işıqla qara rəng yaratmaq cəhdi kimi bir şeydir. Nə yazıqlar ki, günümüzdə bunu da gördük və bu yazımız da həmin təəssüfdən yaranıb.
Həm də bu yazını bir vicdan borcu olaraq qələmə aldıq. Zülmə susan zalımın özü qədər günaha batdığı kimi, haqsızlığa, yalana, böhtana da susmaq eyni dərəcədə günah sayıla bilər. Bu səbəbdən susa bilməzdik. Bütün elmi, pedaqoji və inzibati titullarını bir kənara qoyaraq bir elin, obanın AĞSAQQALI kimi tanıdığımız İsmayıllı rayon icra hakimiyyətinin başçısı, professor Mirdamət Sadıqov haqda son günlər mediada yer alan uydurmalara laqeyd qala bilmədik.
Yalana bükülüb ləkə kimi atılan yazılarda yer alan məqamlardan biri “brilliant”, “ləl cəvahirat” dedi-qodusudur. Adamlara gülməkdən başqa yol qalmır. Gəlin sizlərə gerçək olanı deyək. Bəli, Mirdamət Sadıqov təsəvvürünüzə gətirmədiyiniz qədər zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın pedaqoji stajı sizin ömür yolunuzdan artıq, 45 ilə yaxındır! Bu illərin hər birində ən azı 40 tələbənin yetişdirilməsini və bu tələbələrin də sonradan özlərinin müəllim olaraq kadr hazırlamasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya M.Sadıqovun elmi əsərlərini və ixtiralarını artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə sizin yanınızda “Mirdamət Sadıqovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə siz hər şeyi baş-ayaq anlamısız…
Yazılarda qərəz və uydurma motivlərindən biri də sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovla əlaqələr filan kimi məsələlərə aiddir. Bu media mənsublarının zamanında E.Mahmudovun adını belə oxuyarkən hansı hallara düşdüyü haqda söhbət açmaq istəmirik. Amma bu adamlar dövlətlə şəxs kateqoriyaları arasındakı fərqdən belə xəbərdar deyillər. Mirdamət müəllim zamanında ADAU rektoru olarkən xeyli sayda yubleylər keçirib və yəqin bu müddət ərzində bir neçə tarixi şəxsiyyətlərlə bağlı adlar da verib. Bunlar vəzifə bürokratiyasının tələbləridir. İstər rektor, istər icra başçısı postunda olarkən Mirdamət Sadıqov üçün xidmət ünvanı dövlətdir. Eldar Mahmudov və ya digər bir vəzifə sahibi məhz dövlətin görəvlisi olaraq tanınır. Qalıcı olan dövlətdir. Şəxslər gəldi gedərdi. Mirdamət müəllimin də sadiq olduğu məqam dövlətin məqamıdır. O öz fəaliyyətində şəxslərə deyil, dövlətə və xalqa xidmətdə olub. Buna görə kimlərin vəzifədən alınmasından asılı olmayaraq M.Sadıqov yenə də öz yolundadır. Yolunu dəyişənlər isə göz önündədir. “Görünən dağa bələdçi lazım deyil”- deyiblər. Mirdamət müəllim də bu mənada bir dağ timsalıdır, həm pedaqoq, həm alim, həm də məmur kimi onun bütün fəaliyyəti göz önündədir. Yetər ki, bu fəaliyyətə qərəzsiz, şüurlu baxış olsun.
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqaq bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə İsmayıllı Rayon İcra Başçısı kimi Mirdamət Sadıqovun fəaliyyətindən yazmırlar? Axı icra başçılarının xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Amma indiki halda nala mıxa vurub ismayıllını sanki yaddan çıxarırlar. Cənablar, Mirdamət Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısıdır. O rayonun ki, burda məmur özbaşınalığının və harınlığın nəticəsi olaraq baş verən olaylar hər kəsin yadındadır. M.Sadıqov icra baçılığına rahat həyat sürmək üçün gəlməyib. O sakit alimlik həyatından od-alov içində olan bir rayona göndərilib. Həm də var dövlət toplamaq üçün yox. Çünki Mirdamət müəllimin alim kimi həm maddi, həm də mənəvi xəzinəsi bir çox məmurlardan üstündür. O, bir Ağsaqqal olaraq, bir elin, obanın qəbul etdiyi Lider olaraq İsmayıllıya təyinat aldı. Böyük Cavidin bu misrasını təkrarlamaq yerinə düşər:
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü…”
Mirdamət Sadıqov İsmayıllıda odu söndürüb firavan həyatın əsasını qoydu və bir vaxtlar məlum qrupun at oynatdığı rayonda bu gün insanların həyat tərzini görmək üçün İsmayıllıda bir neçə saat da olmaq yetər.
Bu yazını yazmayacaqdıq, əgər bir neçə saytda Mirdamət Sadıqov haqda həqiqətə uyğun olmayan materiallara rast gəlməsəydim. Yazdım, özümə dost, ağsaqqal saydığım, doğma rayonu üçün mümkünsüzü belə mümkünə çevirməyə çalışan icra başçısını tanımayanlar da tanısınlar deyə. Bir jurnalist bundan artıq daha neynəyə bilərdi ki, bacardığımı elədim….
Nəsimi
Short URL: http://www.cumhuriyyet.net/?p=38084