Orxan Pamukla müsahibə
“Kimin
iqtidara gəlməsi məni maraqlandırmır”
“Kimin
iqtidara gəlməsi məni maraqlandırmır”
Nobel mükafatlı türk yazarı Orxan Pamuk ABŞ-ın “New
Perspectives Quarterly” dərgisinə müsahibə verib. Müsahibədən bir parça “Oxu
zalı”nda.
– Türkiyədəki modernləşmiş, şəhərli,
elit sinfin yerini Anadoludan gələn, müsəlman, orta sinif tutmaqdadır. Hazırda
mühafizəkar bir partiya iqtidardadır.Bu durumun Türkiyənin modernləşməsi layihəsinə
indiyəcən nə kimi təsiri olub?
– Türkiyəli intellektuallar mövcud durumu İstanbul burjuaziyası ilə Anadoludan
gələn yeni burjuaziya arasında savaş kimi yozurlar. Artıq bu bir klişeyə
çevrilib. Bəlkə də bunda həqiqət payı var, amma mən duruma sosioloji deyil,
etik yöndən baxıram. Mənim üçün köhnə İstanbulun puluyla Anadolunun yeni parası
arasında fərq yoxdur. Əslində baş verən odur ki, daha müstəqil, açıq,
daha demokratik və bərabərlik tərəfdarı olan cəmiyyətlə köhnə, mühafizəkar
modernist bir cəmiyyətlı kəllə-kəlləyə gəlir. Mənim narazılığım Türliyədə
siyasi mədəniyyətdəki dözümsüzlükdəndir. Fərqi eləməz, bunu edən köhnə
qvardiyadı, yoxsa təzə. Bu təkcə paytaxtdakı dünyəvilik tərəfdarlarına xas
deyil, həm də əyalətlər üçün xarakterikdir, həmçinin islamçılar üçün. Ən mühüm
məsələlərdə onlar bir-birinə qarşı dözümsüzlük göstərirlər… Mənim üçün qərbləşmə
gözoxşayan mallara sahiblənmək deyil. Qərbləşmə ifadə azadlığı, demokratiya,
hüquq bərabərliyini dəstəkləyən və insanların hüquqlarına, ləyaqətinə hörmət
qoyan bir cəmiyyət deməkdir. Mənim üçün əyalətdən, Anadoludan gələnlərin, yoxsa
istanbullu dünyəvilik tərəfdarlarının hakimiyyətə sahiblənməsinin elə bir fərqi
yoxdur. Mən onların heç birinə yaxın deyiləm. Məni maraqlandıran – fərdə verilən
qiymətdir.
– Düşüncələriniz Dostoyevski
ilə səsləşir. O Dostoyevski ki, öz dövründə Qərbə, sadə ruslara öz ölkələrində
yuxarıdan aşağı baxan qərbləşmə tərəfdarlarına acıqlanardı. Siz ona “qərbyosunlu,
Qərbin nailiyyətlərindən ağızadolusu danışan nəsihətbaz, dayaz yazarlara qarşı
savaş açdığına görə” heyransınız.Bundan o nəticə çıxırmı ki, siz qərbli,
yaxud qeyri-şərqli yazarsınız?
– 35 il ərzində mən bu cür bölgüdən qaçmağa çalışmışam. Dostoyevski həm qərbli,
həm də qeyri-qərbli yazar idi. O yalnız, öz xalqını aşağılayan qərbləşmə tərəfdarlarını
aşağılayırdı. Dostoyevski də mənim kimi düşünürdü ki, qərbləşmə, yaxud indiki
qloballaşma qaçılmazdır, amma bu, keçmişdən imtina olunmasına, sadə insanların,
onların mədəniyyətinin aşağılanmasına aparıb çıxarmamalıdır. Qərbləşmə ilə
bağlı yuxarıdan gəlmə (Rusiya və Türkiyədə qərbləşmə bu cürdür) yanaşmanın
qüsuru ondadır ki, o, insanları zövqlü, şık “alafranga”lara və gerizəkalı və
bayağı “alaturka”lara bölməyin rəmzinə çevrilir. Yuxarı təbəqədəkilər yeni
üzqırxan maşına ilk sahib olmalarından elə məmnundurlar ki, sanki bu onların qərbləşməsini,
başqalarından üstün olduqlarını sübut edir! Mən romanlarımda bununla bağlı o qədər
nümunələr gətirirəm ki. Mənim o biri romanlarım, məsələn “Bəyaz qala” və “Mənim
adım qırmızı” kimi bu roman da (“Məsumiyyət muzeyi”ndən söhbət gedir – Oxu
zalı) adına “Şərq-Qərb romanı” dediyimiz və son 200 ildə Türkiyənin kimlik
axtarışlarından doğan janrda yazılıb. Bütün bu romanlar üçün kimlik məsələsi ilə
bağlı gərginlik və ənənə ilə xaricdən və yuxarıdan gələn müasirliyin toqquşması
xarakterikdir. Bu kitabların bəzilərində qəhrəmanlar vasitəsilə Qərb sərt tənqid
edilir, məsələn, rəqs etmək istəyən, amma sonda fahişəlik yoluna düşən qız
vasitəsilə. Bəzilərində isə qəhrəman Qərb dəyərlərinə qucaq açır və axırda müstəqil,
özündən arxayın və bərabərlik tərəfdarı olur.
– Yəni siz “orta mövqedə” dayanan yazarsınız…
– Mən bunu kompliment kimi qəbul edirəm. Amma mən bu mövqeyi özüm seçməmişəm.
Sadəcə, belə alınıb.
Hazırladı: R.Qəmbərov
Short URL: http://www.cumhuriyyet.net/?p=3817