“Washington Post” Azərbaycanda seçkisonrası zorakılıqlardan yazdı

“Washington Post” qəzetində avtoritar ölkələrdə insan haqlarına
münasibət və seçkilərin saxtalaşdırılmasıyla bağlı maraqlı məqalə dərc
edilib. “Seçki zorakılığını yaradan səbəblər nədir?” başlıqlı yazıda
Azərbaycanın da adı çəkilir. Azərbaycanda söz mətbuat azadlığının
məhdudlaşdırılmasının və jurnalistlərin həbsə atılmasının adi hal olduğu
məqalədə vurğulanır. Yazını qısa ixtisarlarla diqqətinizə çatdırırıq:
“Demokratiya və insan hüquqları bir-birilə əl-ələ getməli dəyərlərdir.
Beynəlxalq hüquq normalarında hakimiyyətin idarəedilməsinin xalqın
iradəsinə əsaslanmalı olduğu vurğulanır. Xalqın iradəsinin ifadəsi isə
seçkilər vasitəsilə həyata keçirilir. Dünyada bir neçə ölkə istisna
olmaqla demək olar ki, bütün dövlətlər bu normalara riayət edir. Amma
reallıq ondan ibarətdir ki, bəzən seçkilər təhlükəli və zorakı hadisəyə
çevrilir. Bu cür ölkələrdə siyasi iqtidarı əldən verməmək üçün
hakimiyyətlər müxalifət partiyalarına, namizədlərə, hüquqlarını müdafiə
edən vətəndaşlara qarşı fiziki zorakılığa yol verirlər. Bəzi hökumətlər
seçkini qazanmaq üçün zorakılığa artıq seçkidən əvvəl başlayırlar.
Bu istiqamətdə çoxlu nümunələr var. Məsələn, seçki zorakılığı
Azərbaycandakı Yeni Azərbaycan Partiyasının ölkədəki idarəetməsi üçün
çox yaxşı tətbiq olunur. Bu partiya jurnalist və siyasi fəalları
müntəzəm olaraq həbs edir, müxalifətin təbliğat aparmasına, aksiyalar
keçirməsinə imkan vermir. Cəmiyyətdə seçki saxtakarlığına etiraz
edənlərin qarşısı isə hüquq-mühafizə orqanlarının köməyi ilə zor gücünə
alınır.
Seçkidən sonrakı zorakılıq İranda da uğurla tətbiq olunur. Bir neçə
il əvvəl prezident seçkilərinin nəticələrinə etiraz edənlərin qarşısı
məhz zor tətbiq olunmaqla alınmışdı. Hakimiyyətlərin zorakılığa əl
atmasının səbəbi kimi onların yalnız bu yol ilə siyasi iqtidarda qala
bilmələri göstərilir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3833