Afrikalı nazir qızının “Yaguar”ında öldürülən azərbaycanlı
Lina elə qəzanın ertəsi günü atasının diplomatik əlaqələrindən
istifadə edərək Rusiyanı tərk edir; Moskvada isə onun barəsində 5 maddə üzrə iş
qaldırılır
Lina elə qəzanın ertəsi günü atasının diplomatik əlaqələrindən
istifadə edərək Rusiyanı tərk edir; Moskvada isə onun barəsində 5 maddə üzrə iş
qaldırılır
Moskvada 3 nəfərin
ölümü ilə nəticələnmiş avtomobil qəzasının üstü açılıb. Virtualaz.org xəbər
verir ki, afrikalı nazir qızının törətdiyi bu qəzada ölənlərdən biri azərbaycanlıdır.
Qəzaya düşən maşını isə nazir qızına başqa azərbaycanlı veribmiş. 2010-cu ildə baş vermiş bu səs-küylü qəzanın
kim tərəfindən və necə törədildiyi barədə istintaq artıq yekunlaşıb. Həmin əhvalat
barədə “Moskovskiy Komsomolets” qəzeti
yazır. Müstəntiqlər qəzanı kimin törətdiyini “Zoluşka” nağılında olduğu kimi,
maşında qalan qırmızı tufli vasitəsilə aça biliblər. Bildirilir ki, sözügedən qəza 2010-cu ilin
payızında Moskvanın Lenin prospektində baş verib. İçərisində Rusiya Xalqlar
Dostluğu Universitetinin tələbələri olan “Yaguar S-Type” avtomobili yüksək sürətlə
hərəkətdə olarkən işıq dirəyinə dəyib. Avtomobildəki dörd nəfərdən üçü yerindəcə
ölüb, möcüzə sayəsində Qana Respublikasının vətəndaşı, atası bu ölkənin yüksək
rütbəli diplomatı və naziri olan Lina Ahmed sağ qalıb.
Əslində isə
istintaq müəyyən edib ki, avtomobili idarə edən də Lina olub. Lakin 3 nəfərin
öldüyü qəzadan sonra o, hadisə yerinə gələn polislərə bildirib ki, sükan
arxasında yox, sərnişin kreslosunda oturmuşdu. Polislər buna inanaraq Linanı
buraxıblar, sonradan onun yalan dediyi üzə çıxanda isə artıq gec olub. Məlum
olub ki, Lina artıq Rusiyada yoxdur.
Qəzetin
yazdığına görə hadisə Hellouin bayramı günündə, oktyabrın 30-da baş verib.
Universitetin tələbələri, Qvineya-Bisaudan olan Osvaldo Korreya, qanalı Bernard
Antvi-Boasikao, azərbaycanlı Elbrus Seyidov və Lina Ahmedin olduğu kampaniya
yaxşıca əylənib. Gecə yarısı Lina əyləncəni davam etdirmək üçün bara getməyi təklif
edib. Dəbdəbəli “Yaguar”ı isə ona azərbaycanlı tanışı Orxan İsmayılov verib. Lakin
afrikalı qıza maşını idarə etmək üçün etibarnamə verməyi “unudub”. Bu cür xırda
məsələ isə afrikalını narahat etməyib. Axı onun vətənində qayda-qanunla maşın
sürən kimdir? Hər il Qanada avtomobil qəzalarında 2 mindən çox adam ölür. Üstəlik
Linanın atasının diplomatik immuniteti var. Onun atası Mustafa Ahmed yüksək
rütbəli diplomatdır, ölkəsinin əsas nazirliklərindən birinin rəhbəridir. Azərbaycanlı
anası Sabina isə biznesvuməndir. Linanın atası da vaxtilə Moskvada oxuyub.
Ərköyün afrikalı
balası Lina ziyafət paltarında və dikdaban qırmızı tuflidə “Yaguar”ın sükanı
arxasına keçir. Yanında Osvaldo oturur, Bernard və Elbrus isə arxa oturacaqda əyləşirlər.
Lina qaza basan kimi “Yaguar” komet kimi şığıyır. Gecə saat 1.40 olduğu üçün
küçələr boş olur, ancaq “Yaguar” yolda idarəetməni itirir və saatda 91 kilometr
saat sürətlə işıq dirəyinə çırpılır. Sürücü möcüzə sayəsində sağ qalır, sürücü
tərəfin qapısı yerindən çıxır və zərbə Linanı qazonun üstünə atır. O, yüngül
sıyrıqlarla canını qurtarır, üç tanışı isə yerindəcə ölür.
Lina əvvəlcə
özünü itirir, ancaq dərhal başına möhtəşəm ideya gəlir: “Yaguar”ın sürücüsü
kimi artıq ölmüş dostu, qvineyalı Osvaldonu qələmə versin. Axı ölüdən kim nə
soruşub dəqiqləşdirə bilər? Qanalı nazir qızı tanışı Orxana zəng edir. Orxan
afrikalı dostu ilə Linanın köməyinə gedir, hadisə yerinə polislər də gəlir.
Lina göz yaşları içində polisləri əmin edir ki, sükan arxasında Osvaldo idi,
Orxan və digər afrikalı isə bir ağızdan bunu təsdiq edirlər, Osvaldonun sükan
arxasında olduğunu öz gözləri ilə gördüklərini deyirlər.
Bəlkə də Linanın
danışdıqlarına hamı inanardı. Ancaq Zoluşka kimi qırmızı tuflisinin birini
maşında, sürücü kreslosunun altında unutmasaydı. Daha sonra ekspertiza
araşdırır ki, gombul Osvaldo heç sürücü kreslosuna yerləşməzmiş. Çünki sürücü
kreslosu sükana çox yaxın nizamlanıb və onun ölçülərinə uyğun olmayıb. Nəhayət
ekspertiza maşını Linanın idarə etdiyini sübuta yetirir.
Ancaq gec olur.
Lina elə qəzanın ertəsi günü atasının diplomatik əlaqələrindən istifadə edərək
Rusiyanı tərk edir. Moskvada isə onun barəsində 5 maddə üzrə iş qaldırılır.
2011-ci ildə afrikalı nazir qızı beynəlxalq axtarışa verilir və nəhayət
İnterpol müəyyən edir ki, o, Qananın paytaxtı Akkrada yaşayır. Lakin Rusiya ilə
Qana arasında qarşılıqlı ekstradisiya haqda razılaşma olmadığından onun
Rusiyaya təhvil verilməsi mümkün deyil. Hazırda Rusiya hüquq-mühafizə orqanları
Linanın Qanada həbs olunmasına çalışır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3836