Nurçular da Şeyxə qarşı kampaniya başlatdı
Gülən Camaatının “uşaqları” QMİ-nin ləğv olunmasını istəyirlər

Allahşükür Paşazadə Suriyada baş verənlərə münasibət bildirərkən,
azərbaycanlıların orada döyüşməsini yanlış addım adlandırmışdı. Bundan
əlavə Şeyx həmçinin bir sıra dini cərəyanları sərt formada tənqid
edərək, onların fəaliyyətlərini önləmək üçün tədbirlərin görülməsini
təklif etmişdi.
Paşazadənin bu açıqlamasının ardından mətbuata
QMİ sədri haqqında sensasiyalı məlumatlar yayıldı. Sözügedən şəxsin
vəhhabilərdən külli miqdarda pullar aldığı qeyd olunan məlumatlarda
həmin vəsaitlə məscidlərin tikiləcəyini bildirmişdilər.
Qeyd edək ki, bu məlumatın “nurçular” tərəfindən yayıldığı bildirilsə
də, işin içində başqa qüvvələrin olduğu aydın idi. Böyük ehtimalla həmin
məlumatları elə vəhhabilər yaymışdılar. Amma bütün bunlar heç də o
demək deyil ki, nurçular Şeyxə qarşı hər hansı bir kampaniyaya
qoşulmayıb. Əksinə, artıq onlar əllərindəki bütün təbliğat vasitələrinin
imkanlarından yararlanaraq, yeni təkliflərlə çıxış etməyə başlayıblar.
“Gülən Camaatı”nın “uşaqları”nın diliylə
səsləndirilən təklif isə QMİ-nin ləğv edilməsi ilə bağlıdır. Nurçular
bunu belə əsaslandırırlar ki, QMİ SSRİ zamanında qurulmuşdu və böyük bir
ərazini əhatə edirdi. Amma indi nə Şimali Qafqazda, nə də Gürcüstanda
qəbul edilmədiyindən onun ancaq Azərbaycana aid olduğu deyilir.
Nurçular deyirlər ki, belə olan təqdirdə QMİ-nin adı müvafiq qaydada
dəyişilməlidir. Hətta o da təklif olunur ki, Dini Qurumlarla İş Üzrə
Dövlət Komitəsi ilə QMİ-nin səlahiyyətlərinə yenidən baxılmalıdır.
Onların arqumentləri belədir ki, çünki QMİ faktiki olaraq “İdarə”
səlahiyyətlərinə sahib deyildir.Eyni zamanda, o da təklif olunur ki,
QMİ-nin adı ya “Müsəlman İcmalar Şurası”, ya da “Müsəlman İcmalar
Birliyi” olmalıdır.
Qeyd edək ki, sözügedən qurumun ləğvini təklif etmək və bunda israrçı
olmaq o deməkdir ki, illərdən bəri Azərbaycanın içində saatlı bomba kimi
əyləşmiş nurçular Şeyxə qarşı savaş elan ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3848