“İntiharlar Azərbaycanın sosial partlayış ərəfəsində olmasına sübutdur”

01.02.2014 - 15:03

“Ədalət tapa bilməyən, haqsızlıqlarla qarşılaşan insanlar çıxış yolunu intiharda görürlər”
“Ədalət tapa bilməyən, haqsızlıqlarla qarşılaşan insanlar çıxış yolunu intiharda görürlər”

 

Gözəl Bayramlı: “Azərbaycan hakimiyyəti “Maqnitski qanunu”nun ona qarşı tətbiq olunacağından narahatlıq keçirir”

Ölkədəki ağır sosial durumun, vətəndaşların hüquqlarının qorunmasını
təmin edə bilməməsinin nəticəsi olaraq haqsızlığa bir etiraz forması
kimi intiharların sayı artmaqdadır. 2013-cü ilin son günlərində Qarabağ
əlili Zaur Həsənovun özünü yandırması ilə başlayan bu üzücü olaylar
təəssüf ki, adi hal almaqdadır. Müvafiq orqanların isə bu tendensiyanın
qarşısının alınmasında aciz olduğu açıq görünür. Müsahibimiz AXCP
sədrinin müavini Gözəl Bayramlıya ilk sualımız elə bu məsələ ilə bağlı
oldu.

– Gözəl xanım, son günlər intihar hallarının artması nəyin
nəticəsidir və AXCP olaraq baş verən prosesləri necə dəyərləndirirsiniz?

– Intiharların bu cür geniş vüsət alması hakimiyyətin uzun illərdir
ki, apardığı siyasətin nəticəsidir. Illərdir ki, bu ölkədə insanlar
ədalətsizliklərlə qarşılaşır, sosial problemlərin həlli üçün qapılarını
döydükləri idarələrdə dərdlərinə çarə tapmırlar. Insanların heç bir
problemi həll olunmadığı halda, məmur özbaşınalığı, qudurğanlığı bu cür
nəticələrə gətirib çıxarmalı idi. Ölkə sosial partlayış ərəfəsindədir və
baş verən intiharlar da buna sübutdur. Heç bir yerdə ədalət tapa
bilməyən, haqsızlıqlarla qarşılaşan insanlar çıxış yolunu intiharda
görürlər. Azərbaycan hakimiyyətinin hazırkı intiharlara heç bir reaksiya
verməməsi də durumu bir qədər qəlizləşdirir. Bu da onun göstəricisidir
ki, insanların başına gələn fəlakətlər, ümumiyyətlə, Azərbaycan
hakimiyyətini maraqlandırmır. Bu, insanların taleyinə hakimiyyətin
biganə münasibətinin nəticəsidir. Hamının dövlət başçısı olacağına and
içən bir şəxs vətəndaşların taleyinə bu cür biganə qala bilməz. Hər gün
bu xəbərlər alınır. Bu ilin əvvəlindən hər gün səhər yeni intihar
hadisəsi ilə açılır. Insanlar Allahın onlara verdiyi həyatı sosial
problemlərin həll edilməməsi üzündən itirir. Bu dəhşətli faktlardır və
Azərbaycan hakimiyyətini ciddi düşündürməlidir. Hadisələrə biganə
yanaşma sosial partlayışa aparıb çıxara bilər.

– Ölkəni bürüyən intiharlar dalğasına görə məsuliyyəti ilk növbədə
hakimiyyət daşıyır. Amma AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə
paylaşdığı fikirlərində demokratik düşərgənin də baş verənləri adi hal
kimi qarşılamasının yolverilməz olduğunu bildirib. Onun fikrincə, bu
tendensiyanın qarşısının alınmasında müxalifətin də üzərinə məsuliyyət
düşür…

– Bəli, mən də bu fikirləri bölüşürəm. Demokratik düşərgə olaraq
Azərbaycandakı hazırkı durum da bizim prioritet məsələmiz olmalıdır.
AXCP, Milli Şura olaraq biz bu problemin müzakirəsinə daha çox önəm
verəcəyik. Bu istiqamətdə dinləmələr keçirəcəyik. Insanları intihara
sürükləyən səbəblər araşdırılacaq, bu barədə ictimaiyyətə məlumat
veriləcək. Bu intiharların qarşısının alınması üçün hakimiyyətə
tələblərimizi irəli sürəcəyik. Bu istiqamətdə bir araya gəlməyimizin
zəruriliyini dərk edirik. Demokratik düşərgə olaraq biz bu məsələyə
biganə yanaşa bilmərik. Bu məsələlər elə bir həddə gəlib çıxıb ki, ciddi
fəsadlar ola bilər. Demokratik qüvvələr olaraq ölkədə ciddi sosial
partlayışın baş verməsini arzulamırıq. Milli Şura bu istiqamətdə
müzakirələr keçirəcək. Çünki sosial problemlərin həlli Milli Şuranın
2014-cü il üçün qəbul etdiyi proqramın tərkib hissəsidir.

“Qarabağ probleminin həllindəki uğursuzluğun nəticəsi”

– Azərbaycan hakimiyyəti Qarabağ əlillərinə, qazilərə qayğı
göstərdiyini bəyan edir. Amma bunun bəyanatlardan o yana keçmədiyi yaxşı
məlumdur. Yalnız bir ayın ərzində 3 Qarabağ əlili dərman
çatışmamazlığından dünyasını dəyişib, ikisi isə intihar edib. Müharibə
olan bir ölkədə Qarabağ qazilərinə, əlillərinə qarşı bu cür münasibət
hansı ciddi fəsadları yarada bilər?

– Azərbaycan hakimiyyətinin Qarabağ qazisinə, əlilinə olan münasibəti
Qarabağ probleminin özünə münasibətdən irəli gəlir. 93-cü ildən bu günə
kimi ölkədə bir ailə hakimiyyətdədir. Bu hakimiyyət Qarabağ probleminin
həlli istiqamətində indiyə kimi irəliyə doğru bir addım belə ata
bilməyib. Bu uğursuzluq Qarabağ qazisinin, əlilinin durumunda göz
önündədir. Əgər bu gün Qarabağ əlili öz dərman problemini
ictimailəşdirməyə məcburdursa, problemlərini həll edə bilmədiyinə görə
intihar edirsə, hakimiyyət bu barədə ciddi düşünməlidir. Bu gün vətən
uğrunda canını fəda etməyə hazır minlərlə insan var. 

Amma hakimiyyətin vətən uğrunda həlak olan şəxsin ailəsinə, qaziyə
olan münasibəti çox ciddi fəsadlar yarada bilər. Sabah insanlar Qarabağ
uğrunda savaşda iştirak etməkdən, vətəni qorumaqdan imtina edə bilərlər.
Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin siyasəti buna gətirib
çıxara bilər. Hakimiyyət bu siyasəti ilə insanlarda torpaqların
qaytarılmasına olan ümidin üstündən xətt çəkir. Hakimiyyətin apardığı
siyasətə başqa ad vermək olmur.

– Hakimiyyətin canlarına qəsd edən Qarabağ əlillərinin
problemini maddi vəsait yolu ilə həll etməsini necə qarşılayırsınız. Bu
cəhdlər hər iki Qarabağ əlilinin canına qəsdi zamanı baş verdi.
Hakimiyyətin bu cür münasibəti intiharları daha da stimullaşdırmırmı?

– Azərbaycan hakimiyyətinin əgər Qarabağ əlillərinin, qazilərinin
problemlərinin həlli üçün vahid bir proqramı yoxdursa və yalnız özünə
qəsd edən şəxslərin probleminin həlli görüntüsü yaradılacaqsa, böhran
daha dərinləşəcək. Problem köklü şəkildə həll olunmalıdır. Azərbaycan
hakimiyyətinin şəhid ailəsinə, Qarabağ əlillərinə, qazilərinə olan
münasibəti köklü şəkildə dəyişməlidir. Bu kəsim üçün müəyyən imtiyazlar
tanınmalı, dövlət sosial dəstək verməlidir. Yoxsa ayrı-ayrı səslərini
çıxaran şəxslərin problemləri həll edildiyi halda digərlərinə diqqət
göstərilməyəcəksə, bir nəticə əldə etmək mümkün olmayacaq. Azərbaycan
dövləti Qarabağ uğrunda vuruşanlara sahib çıxmalıdır. Bu insanlar
Qarabağ uğrunda vuruşub, səhhətlərini qurban veriblər. Biz hər gün
şahidi oluruq ki, Qarabağ qazilərinin, şəhid ailələrinin çoxlu sayda
problemləri var. Amma onların həlli istiqamətində heç bir addım atılmır.
Problem köklü şəkildə həll olunmalıdır.

“Rəsulzadə barədə sərəncam, gözlənildiyi kimi, kağız üzərində qaldı”

– Azərbaycan xalq cumhuriyyətinin banisi Məmməd Əmin
Rəsulzadənin 130 illik yubileyi arxada qaldı. Yubileyin yüksək səviyyədə
qeyd edilməsi üçün dövlət başçısının sərəncamı da oldu. Bu sərəncamın
yerinə yetirilməsinin şahidi oldunuzmu?

– Bu sərəncam verilən zaman da bəlli idi ki, bu, imitasiya
siyasətindən başqa bir şey deyil. Bu sərəncam sadəcə olaraq gözdən pərdə
asmağa xidmət edirdi. Heç kim onun yerinə yetiriləcəyinə inanmırdı.
Hakimiyyət Azərbaycan xalıqının Rəsulzadəyə olan sevgisinin, onun
ideyalarına hörmət etməsini gözəl bilirdi. Bu üzdən bir imitasiya
siyasəti gerçəkləşdirildi. Sadəcə olaraq sərəncam kağız üzərindən kənara
çıxmadı. Rəsulzadənin adına yalnız bir heykəl var. O da onun doğulduğu
Novxanı kəndində qoyulub. Biz dövlət xadimlərinin Rəsulzadənin heykəli
qoyulduğu yerə əziyyət çəkərək getdiyinin şahidi olmadıq. Amma Heydər
Əliyevin yubileyində bütün idarələrə tam fərqli göstəriş verilir.
Azərbaycan hakimiyyəti Rəsulzadə ilə bağlı sərəncam versə də, onu icra
etmədi. Bu istiqamətdə heç maraq da göstərilmədi. Rəsulzadənin 130 illik
yubileyi yalnız demokratik düşərgə qeyd etdi. Milli Şura bir neçə
tədbir düzənləndi.

– Gündəmdə olan daha bir mövzu AŞ PA-da “Maqnitski qanunu”nun
qəbulu zamanı Azərbaycandan olan nümayəndə heyətinin Rusiyadan olan
həmkarları ilə birgə qanunun əleyhinə səsverməsidir. Bunun səbəbi nə
idi? Hakimiyyəti bu qanunun qəbulundan çəkindirən nədir? 

– Azərbaycan nümayəndə heyətinin bu qanuna qarşı çıxacağı əslində
gözlənilən bir addım idi. Çünki Azərbaycan hakimiyyəti yaxşı bilir ki,
Azərbaycanda insan haqları adına heç bir dəyərə hörmət edilmir.
Azərbaycanda insan haqlarının kobud şəkildə pozulmasına dair yüzlərlə
hesabat var. Ölkəmiz bu istiqamətdə Avropa Şurasına edilən müraciətlər
baxımından liderdir. Azərbaycan hakimiyyəti gözəl bilir ki, insan
haqlarını pozan məmurlara qarşı sanksiyaların tətbiqi gözləniləndir. Ona
görə rusiyalı həmkarları ilə birgə bu qanunun qəbuluna qarşı səs
veriblər. Demokratik, insan haqlarına hörmət edən ölkənin nümayəndə
heyətinin ağlına belə bir addım atmaq fikri gələ bilməz. Hakimiyyət bu
qanuna qarşı getməklə Azərbaycanda insan haqlarının qorunmadığını bir
daha sübut etmiş olur. Normal ölkələrdəki hakimiyyətlər insan haqlarının
pozulmasını qəbul etmədiklərindən bu qanuna qarşı çıxmayıblar. Yalnız
Azərbaycan hakimiyyətinin bu istiqamətdə problemi olduğundan bu cür
fəaliyyət göstərir. Azərbaycan hakimiyyəti bununla açıq şəkildə
“Maqnitski qanunu”nun ona qarşı tətbiq olunacağından narahatlıq
keçirdiyini göstərdi. Belə bir qanunun qəbul olunmasını biz təqdir
edirik. Əminik ki, bir çox azərbaycanlı məmurlara qarşı bu qanunun
tətbiq olunmasının şahidi olacağıq.

“Hakimiyyət Ukraynadan sonra növbənin Azərbaycana çatacağından narahatdır”

 – AŞ PA-da Ukraynada baş verənlərlə bağlı bu ölkəyə qarşı
sanksiyanın da tətbiq olunması gündəmə gəlib. Qərara alınıb ki,
vəziyyətin normallaşdırılması üçün Ukrayna hakimiyyətinə 2 ay vaxt
verilsin. Amma Azərbaycan hakimiyyəti bu qanun layihəsinin də əleyhinə
çıxıb. Bunu necə izah etmək olar? Bir çox ekspertlər Azərbaycan
hakimiyyətinin bu mövqeyini Ukraynadakı hadisələrin Azərbaycanda
təkrarlanacağından çəkinməsi ilə izah edir…

– Bəli, bir çox siyasi ekspertlər hesab edir ki, Ukraynadan sonra
Azərbaycan Avropa Birliyinin gündəminə gələcək. Bu zaman dünya
birliyinin diqqətinə məhz Azərbaycanın Avropa ailəsinə tam hüquqlu üzv
kimi qəbul olunması çatacaq. Hakimiyyəti də məyus edən o məqamdır ki,
Ukraynadan sonra Azərbaycan birmənalı şəkildə gündəmə gəlir. Bu zaman
isə Azərbaycanda da Avropa Birliyi ilə əməkdaşlıq problemlərinin
həllinin gündəmə gəlməsi reallığa çevriləcək. Ona görə də Azərbaycan
hakimiyyəti demokratik dünyanın ağlına gəlməyən məsələlərə qarşı çıxır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3855

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829