ABŞ səfiri demokratiya mesajı verdi
“Səfirin açıqlamasında həm hakimiyyət, həm də cəmiyyət üçün ciddi mesajlar var”
“Bizim ölkəmiz öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşan
demokratik dövlətlərlə əlaqələrə üstünlük verir.Bu mənada demokratik və
iqtisadi islahatlar xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki,
Azərbaycan demokratik və iqtisadi islahatlar sahəsində irəliləyiş əldə
etdikcə ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcək”. Bu
sözləri mediaforum.az saytına müsahibəsində ABŞ-ın ölkəmizdəki səfiri
Riçard Morninqstar söyləyib.
O daha sonra bildirib ki, qeyri-enerji sektorunun inkişafı sahəsində
birgə əməkdaşlıq Azərbaycanın Dünya Ticarət Təşkilatından müsbət rəy
alması üçün önəmli haldır: “Bundan başqa, hesab edirik ki, gömrük, vergi
sahəsində islahatlar, eyni zamanda müxtəlif bazar yönümlü
fəaliyyətlərdə rəqabətliliyin daha da inkişaf etdirilməsi önəmlidir.
Azərbaycan iqtisadiyyatının qeyri-enerci sektorunun inkişafı vacibdir”.
Səfir müsahibəsində 9 oktyabr seçkilərinə də toxunub: “Bu sirr deyil
ki, ötən ilin oktyabrında keçirilən prezident seçkisindən sonrakı dövr
problemli və çətin oldu. Seçki prosesi məsələsində Azərbaycan hökuməti
ilə fikir ayrılıqlarımız da olub. Demokratiya ilə bağlı məsələlər
Azərbaycanla qarşılıqlı münasibətlərimizdə çox mühüm müzakirə mövzusu
olaraq qalacaq.
Biz güclü şəkildə inanırıq ki, Azərbaycanın gerçək və real
demokratiya yolunda öz irəliləyişini davam etdirməsi vacibdir. Buraya
real siyasi plüralizm, əsas hüquqların təmin olunması, real, gerçək
demokratiya şəraitində vətəndaşların faydalana biləcəyi imkanların
yaradılması, o cümlədən ifadə azadlığı, azad mətbuat, ədalət
mühakiməsinin müvafiq şəkildə, yəni qayda-qanuna uyğun şəkildə
keçirilməsi daxildir. Gömrük, vergi, rəqabətlilik sahəsində islahatların
aparılması vacibdir. Investisiyaların yatırılmasına şərait yaradan,
həvəsləndirən, proqnozlaşdırıla bilən biznes mühitinin yaradılması
önəmlidir”- deyə ABŞ səfiri bildirib.
Müsahibədən göründüyü kimi, ABŞ səfiri bütün hallarda demokratiya
mesajı verir və ABŞ üçün demokratiyanın prioritet olduğunu bildirir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ABŞ üçün demokratiya
məsələsinin ön planda olduğunu və ABŞ səfirinin açıqlamasında da bunun
əks edildiyini bildirdi: “Səfirin mövqeyi onu göstərir ki, iki ölkə
arasındakı münasibətlərin möhkəmliyi demokratik dəyərlərə münasibətdən
asılı olacaq. 9 oktyabr seçkilərindən sonra da ABŞ prinsipial mövqe
göstərdi və faktiki olaraq seçkilərin legitimliyini tanımadı. Bundan
sonra da həlledici məqamlarda sərt münasibət sərgilənəcək. Səfir də
səsləndirdiyi fikirlərlə öz ölkəsinin mövqeyini, yanaşmasını, siyasətini
ifadə edir. Eyni zamanda bu müsahibədə Azərbaycan hakimiyyətinə və
Azərbaycan cəmiyyətinə o mesaj çatdırılır ki, ABŞ öz prinsiplərinə
xəyanət etməyəcək və demokratiya iqtisadi maraqlara, enerji sektorundakı
əməkdaşlığa qurban verilməyəcək. Həm də Azərbaycan cəmiyyəti
anlamalıdır ki, insan haqları, demokratiya məsələsində tək deyil və bu
məsələ qlobal xarakter daşıyır, dünyanın əsas gündəmidir. Bundan öncə
ABŞ prezidenti Barak Obama da Konqresdə çıxış edərək, demokratiya
uğrunda mübarizə aparanların yanında olacaqlarını bildirdi. Ümumilikdə
səfirin müsahibəsin pozitiv qiymətləndirmək olar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3857