Binəqədidə torpaq və tikinti alveri
Xaləddin İsgəndərov rayon ərazisində öz
qiymətlərin diktə edir
Bir
müddət öncə Binəqədi rayonuna icra başçısı təyin olunmuş Xaləddin İsgəndərov
artıq öz qohum və yaxınlarını rayondakı rəhbər postlara təyin etməyə başlayıb. Yeni
başçının yaxınları artıq rayonda sürətlə təşkilatlanır. Bu barədə “Yeni Cumhurriyyət”ə Binəqədidəki
mənbələrdən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, yeni başçı artıq
əvvəlki icra başçılarının dövründə satılan torpaqların təftişinə göstəriş
verib. Bunun artıq həmin torpaqlarda məskunlaşan sakinlər və iş adamları üçün
ciddi problemlər yaradacağı qaçılmazdır. Çünki artıq həmin torpaqlarda evlər və
obyektlər tikilib. Bununla da yeni başçı həmin torpaqların bir hissəsinin geri
alınması, bir hissəsindən isə yenidən pul yığmaq niyyətindədir. Yəni torpaq
sahibləri “toxunulmazlıq” qazanmaq üçün xərac ödəməyə məcbur ediləcək.
Bununla
bağlı “Yeni Cumhuriyyət”ə daxil olan şikayət məktubunda deyilir:
“Xaləddin İsgəndərov özünü Binəqədidə bir vergi işçisi kimi aparır. Sanki bütün
rayon onun obyektidir. Hər kəsdən vergi yığır kimi davranır”. Yada salaq ki,
X.İsgəndərov bu təyinata qədər Bakı Şəhər Vergilər Departamentinin rəis müavini
vəzifəsini daşıyıb. O, vergilər naziri Fazil Məmmədovun çox yaxın qohumudur.
Adının
çəkilməsini istəməyən Binəqədi rayon icra hakimiyyətindəki mənbənin “Yeni
Cumhuriyyət”ə bildirdiyinə görə yeni ev tikməyə başlayanlar icra başçısının bir
nömrəli hədəfidir: “Bu barədə yuxarı orqanlara göndərilən şikayətlər icra
hakimiyyətində qalaq-qalaq yığılıb. Binəqədi rayon ərazisində istənilən tikinti
işini görmək üçün konkret məzənnə müəyyənləşib. Təsəvvür edin, təkcə hasarın
çəkilməsi üçün 2000 manat pul tləb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər
əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu 1000-1500, Biləcəridə 1500-2000,
Rəsulzadə qəsəbəsində 2000-3000 kimi müəyyənləşib”..
Binəqədi
rayon sakinləri arasında apardığımız araşdırmalar da mənbəmizin məlumatların
təsdiq edir. Sakinlər bizimlə söhbətdə ayrıayrı ərazilərdə icra hakimi adından
bazarlıq edən şəxslərin də adını çəkdi. Onların dediyinə görə, Xocahəsən,
Sulutəpə ərazisində bu işi Mirpaşa, Rövşən və Çingiz, Biləcəridə Nicat,
Rəsulzadə qəsəbəsində isə Rəfael adlı şəxs həyata keçirir. Sakinlər bildirir
ki, adları çəkilən şəxslər Xaləddin İsgəndərovun adından rəsmən bazarlıq
edirlər: “Bu adamlar bəlkə də Azərbaycan dövlətinin qanunlarından xəbərsizdir.
Rəsmən bazarlıq edirlər. Hətta dəfələrlə xəbərdarlıq etmişik ki, etdiyi əməl
qanunsuzdur. Amma bizə cavabı o olub ki, bütün əməllərinin arxasında kimsə yox,
birbaşa olaraq icra başçısı Xaləddin İsgəndərov dayanır”. Sakinlərin sözlərinə
görə, açıq şəkildə onlardan pul tələb edən icra hakimiyyətinin nümayəndələrinə
rədd cavabı veriblər: “Amma son söz onlarındır. Biz pul verməsək, deməli:. Ya
inşaatımız yarımçıq qalacaq, ya da tikdiyimiz ev söküləcək. Bu gün Binəqədi
rayonunda məhz bu şəkildə bir özbaşına mühit yaradılıb”.
Başqa
bir mənbədən “Yeni Cumhuriyyət”ə daxil olan məlumata görə isə X.İsgəndərovun
yaxınları hər axşam Sumqayıt yolunun üstündə olan “Neapol” restoranına yığışır,
gündəlik işləri planlaşdırırlar. Bəzi məlumatlara görə, restoran elə
X.İsgəndərova məxsusdur. Gecə saatlarına qədər davam edən məşvərətlər sonda
səs-küylü ziyafətlərlə sonuclanır. Yeni başçı belə ziyafətləri çox xoşlayır.
Mövzu
ilə bağlı araşdırmalarımız davam edəcək…
Short URL: http://www.cumhuriyyet.net/?p=3867