Dostu 55 il bir qadınla nikahsız yaşayan İslam Rzayev barədə: “Qızının dəfninə də getmədi…” – MÜSAHİBƏ

11.11.2015 - 13:48

rzayevBir bulağın iki gözü,
Biri sənsən, biri mən yar.
Bir almanın iki üzü,
Bu həm sənsən, həm də mən yar !

Qoşa simin titrəməsi.
Biri sənsən, biri mən yar.
Bir pərdənin iki səsi
Biri sənsən, yar!

 

Adətən, dünyasını dəyişən ustad sənətkarlar haqqında yazı yazmazdan öncə, onların lent yazılarını dinləyirəm. Bu dəfə də ənənəmə sadiq qaldım. Sevilən xanəndə, xalq artisti İslam Rzayevin doğum günündə onu öncə özünün ifasında çox sevdiym “Biri sənsən, biri mən” təsnifini dinləyərək andım. Hə, indi yazıya keçmək olar.

 

Qeyd edim ki, Müğam Teatrının yaradıcılarından olan xanəndə İslam Rzayev Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filormoniyasının solisti olub. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 120-ə yaxın gənc ifaçı yetişdirən xanəndə incəsənətin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. İslam Rzayev dünyanın 60-dan artıq ölkəsində qastrol səfərində olub.

 

Sağ olsaydı, dostlarını başına yığıb 81 yaşının dadını çıxaracaqdı. Ancaq artıq 7 ildir ki, bunu eləyə bilmir. Düz 7 ildir ki, dostları doğulduğu günü onsuz qeyd edir.

 

Biz də onu yaxın dostu, ustad xanəndə Canəli Əkbərovla birgə yad edəcəyik.

 

Xanəndənin Publika.az-a müsahibəsini təqdim edirik.

 

Onunla dostluğumuz başlayanda hələ məşhur deyildim…

 

– Canəli müəllim, bildiyim qədər İslam Rzayevlə yaxın dost olmusunuz. Gəlin onu birgə xatırlayaq, necə dost idi?

– İslamın yaxşı dostluğu da vardı, yol yoldaşlığı da. Biz tanış olanda, heç sənət aləmində deyildim. Bir qrup sənətkar Lənkərana konsert verməyə gəlmişdi. Separadi kəndinə hay-haray düşdü ki, bəs, İslam Rzayev, Gülağa Məmmədov, Tükəzban İsmayılova, Həbib Bayramov kənd klubunun qarşısında konsert verəcək. Onda cavan oğlanıydım, hələ tanınmırdım. Təzə kostyumumu geyinib konsertə getdim. İslam Rzayevin səsini o qədər dinləmişdim ki, mənə doğmalaşmışdı. Üzünü görməsəm də, onu özümə yaxın bilirdim. İslam orda da bir “Çahargah” oxudu ki, alqış səslərindən qulaq tutulurdu. Konsertdən sonra yaxınlaşıb onu qucaqladım. Üstündən illər keçəndən sonra Bakıya oxumağa  gəldim və İslamla dostluğumuz başladı. Yaxşı dost idi.

 

Elə zarafatları vardı ki…

 

– Adətən, sənət adamları kaprizli olur. İslam Rzayev xasiyyətcə necə adam idi?

– Çox baməzə, yumoru sevən, həm də nikbin adam idi. Elə zarafatları vardı ki, eşidəndə uğunub gedərdik.

 

Zarafatlarından inciyən olurdu?

– Ərki çatan adamla zarafatlaşırdı. Həm də bilirdilər ki, məclisdə İslam varsa, demək ki, şirin zarafatlar da olacaq. Onun zarafatlarından sizə də danışardım, amma yazılası deyil. Öz aramızda olan zarafatları indi danışsam, yaxşı çıxmaz, ruhu məndən inciyər.

 

Məni çağırmışdılar, yerimə İslamı göndərdilər…

 

– Məqsədimiz onun ruhunu incitmək yox, şad etməkdir. Doğrudurmu ki, dövlət tədbirlərinə ən çox dəvət alan xanəndə İslam Rzayev olub?

– Bəli, onu çox istəyirdilər. Özü də təkcə dövlət tədbirlərinə yox, elə xarici ölkələrə də ən çox dəvət olunan sənətkarlardan idi. Hətta bir dəfə məni Fransaya qastrola çağırmışdılar, sonradan yerimə İslamı göndərdilər. Amma bunu onun üzünə vurmadım. Tədbirlərə o qədər çox aparırdılar ki, ona həmişə zarafatla “akademik ifaçı” deyə müraciət edirdim.

 

Toya getməsinə icazə verilməyib?

 

Bildiyimə görə, o vaxt dövlət tədbirlərinə dəvət olunan sənətkarların toylarda iştirakına icazə verilmirmiş.

– İslamın qastrollardan və tədbirlərdən başı açılırdı ki, toya da getsin? Amma onu sevənlərin toyuna gedirdi.

 

Şərərəfinə qonaqlıq təşkil olunan sənətkarlardan idi

 

– Qastrollara birlikdə gedirdiniz. İslam Rzayevi necə qarşılayırdılar?

– O vaxt indiki kimi deyildi e, rayonların birinci katibləri sənət adamlarına o qədər hörmət edirdilər ki… Onların adına qonaqlıqlar təşkil olunurdu. İslam Rzayev də şərərəfinə qonaqlıq təşkil olunan sənətkarlardan idi. Mən bunun şahidiyəm.

 

Səsi Məcnuna uyğun gəlmirdi

 

Nə əcəb opera səhnəsində Məcnun olmayıb. Özü istəmirdi, yoxsa, dəvət etmədilər?

– İslamın gözəl səsi vardı, amma opera səhnəsinin qocaman Məcnunu kimi deyə bilərəm ki, onun səsi Məcnun obrazı üçün uyğun gəlmirdi.

 

– Niyə ki?

– Məcnun üçün şaqraq, zənguləli səs lazımdır. İslamın səs tembri fərqli idi. Məcnun üçün axı, gözəl səs yetmir?

 

– Xarici görünüşü də uyğun gəlmirdi?

– Yox, gözəgəlimli insan idi, sadəcə olaraq, səsi opera səhnəsi üçün deyildi. Amma muğamlarımızı, xalq musiqilərini məlahətlə oxuyurdu. Şirin səsi vardı.

 

– Heç yanınızda demirdi ki, kaş Məcnun olardım?

– Bəlkə də ürəiyndən keçirib, amma bilməmişəm.

 

O qədər də xoşbəxt deyildi

 

– Sənətkar kimi xoşbəxt idi. Bəs, insan kimi, bir kişi kimi də özünü xoşbəxt hiss edirdi?

– Nikbin adam idi, dərdini danışmağı sevməzdi. Amma mən bilən, o qədər də xoşbəxt deyildi.

 

– Deyəsən ikinci dəfə evlənmişdi?

– Hə, ilk evliliyi uğursuz olmuşdu. Birinci xanımından ayrılmışdı. Həmin evliliyindən Pərvanə adlı bir qızı da vardı. O qız da dünyasını erkən dəyişdi.

 

Öz qızının dəfninə gəlmədi…

 

– Qızı dünyasını dəyişəndən sonra ikinci dəfə evləndi?

– Yox, hələ qızı sağ ikən ayrıldılar. O, başqa qadınla yaşamağa başladı. Öləndə heç qızının dəfninə də getmədi.

 

İkinci xanımı qoymadı?

Yox, ayrıldıqdan sonra münasibətləri pis idi. Əslində, ikinci xanımı  ilə qohum idi. Tamara xanımı deyirəm. O ərəfədə Tamara xanımın həyat yoldaşı  dünyasını dəyişəndən sonra İslam onunla yaşamağa başladı. Qadının əvvəlki kişidən iki uşağı vardı.

 

Başqasının uşaqlarına atalıq etdi

 

– Belə çıxır ki, Tamara xanımla əvvəldən sevgili olublar? Bəlkə elə həyat yoldaşından ona görə ayrılıb?

– Daha o incəlikləri bilmirəm.

 

Bəs, İslam Rzayevin Pərvanədən sonra övladı olmadı?

Yox. Tamaranın övladlarına atalıq etdi. Onları öz balası kimi böyütdü. Uşaqlar da ona ata deyirdilər.

 

Tamara xanımdan eşitmişdim ki, İslam Rzayevin qohumları bu evliliyin əleyhinə olub və buna görə də  xanəndə dünyasını dəyişənə qədər 55 il nikahsız yaşayıblar…

– Sənət aləmində hamı Tamara xanımla onu ər-arvad bilirdi, bütün məclislərə qoşa gedirdilər. İslam ağır xəstə yatdığı vaxtlarda Tamara xanım onun yanından ayrılmayıb. Rəsmi nikahda olublar, ya olmayıblar, bunu bilmirəm. Əsas odur ki, bir-birinə sədaqətli olublar, bir-birinin qədrini biliblər. Kağız üzərində olan elə evliliklər var ki, heç bir il çəkmir, ayrılırlar.

 

Onunla ölümündən əvvəl sonuncu dəfə nə vaxt görüşmüşdünüz?

– İndiki Neftçilər Xəstəxanasında yatırdı, yanına getdim. Vəziyyəti çox pis idi. Amma nikbinliyini itirməmişdi. İslam, əslində, çoxdan insult keçirtmişdi. Həmin ərəfədə Mədəniyyət və İncəsənət  Universitetinin muğam şöbəsində dərs deyirdi. Qeyd edim ki, onu kafedra müdiri kimi instituta mən dəvət etmişdim. Yadımdadır ki, bir gün dərsdə vəziyyəti pisləşdi. Tez xəstəxanaya apardım.

 

İstəmirdi qızlar onu xəstə, çarəsiz kimi görsün

 

İnsult keçirəndən sonra da müəllim kimi fəaliyyətini davam etdirirdi?

Bəli. Çox həssas adam idi. Bir dəfə institutda onun qolundan tutub yuxarı mərtəbəyə çıxardırdım. Xəstə idi deyə, qorxurdum ki, yıxılar. Elə bu vaxt qarşıdan bir dəstə tələbə qız gəldiyini gördü. Mənə işarə etdi ki, qolunu buraxım. İstəmirdi qızlar onu xəstə, çarəsiz kimi görsün. Sonra mənə irad tutdu ki,  qızların yanında niyə onun qolundan tuturam? “Kənardan baxanlar elə bilir ki, yeriyə bilmirəm” – dedi. Qürurlu kişi idi.

 

Heç sənət yoldaşları arasında paxıllığını çəkənlər vardı?

Bəs nə? Sənət adamı ola, paxıllığını çəkməyələr. Xüsusən, İslam kimi xarici qastrollara gedən bir sənətkarın…Etiraf edim ki, İslam sənətkar idi. O rəhmətə gedəndə yeddi gün evinə gedib-gəldim. Yas mərasimində təklif elədim ki, molla fatihələrini yığışdıraq, İslamın sənətindən danışaq, xatirələr söyləyək. Hər kəs məni dəstəklədi. İslamın yas mərasimində ancaq sənətdən danışdıq. Hesab edirəm ki, sənətkarları ölü kimi qəbul etmək olmaz.

 

Cəvahir Səlimqızı

 

Short URL: http://www.cumhuriyyet.net/?p=38694

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930