Müxalifət prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq istəyir
Çərşənbə axşamı Ukrayna parlamentinin yeni mövsümü başlayarkən müxalif deputatların prezident səlahiyyətlərini azaldan qanunlar üçün səylər göstərəcəyi gözlənilir.
Ötən həftə Baş nazir Nikolay Azarov və onun kabineti istefa verib.
Bazar ertəsi Prezident Yanukoviçin parlamentdəki təmsilçisi AFP xəbər agentliyinə “digər çıxış yolu olmasa” prezidentin vaxtından əvvəl seçkilər təyin edə biləcəyini deyib.
Yuri Miroşnıçenko bildirib ki, ötən həftə prezident öz Regionlar Partiyasından olan parlament üzvlərilə danışarkən onlara deyib ki, növbədənkənar parlament və prezident seçkiləri mümkündür.
Ən böyük müxalifət partiyası olan Batkivşina (“Vətən”) partiyasının lideri Arseniy Yatsenyuk deyib ki, 2004-cü ilin konstitusiyasına qayıdış “prezidentin diktator hakimiyyətini ləğv edib ölkəni idarə etmək hüququnu Ukrayna xalqına verəcək”.
Cənab Yatsenyukun sözlərinə görə, onun müxalifət bloku konstitusiya layihəsi barədə səs verməyə çərşənbə axşamı da hazır olacaq.
Eyni zamanda müxbirlər deyir ki, partiyaların loyallığı dəyişkəndir və müxalifətin məsələ ilə bağlı çoxluq toplaya biləcəyi aydın deyil.
Müxalifət liderləri həmçinin digər güzəştlər, o cümlədən anti-hökümət etirazlarında həbs olunanlar üçün amnistiya əldə etmək istəyirlər.
İğtişaşlar noyabr ayında – Prezident Yanukoviç Rusiya ilə daha yaxın əlaqələr seçərək Avropa İttifaqı ilə siyasi və ticarət sazişindən imtina edəndə başlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3879