Türkiyədə ARDNŞ-in 5 milyardlıq layihəsinə qarşı çıxdılar
Türkiyənin İzmir bölgəsinin Karşıyaka və Foça bələdiyyələri
ARDNŞ-in (SOCAR) bu bölgədə həyata keçirməkdə olduğu “Star” neftayırma zavodu
kompleksi layihəsinə qarşı çıxır. Bu barədə virtualaz.org saytına Türkiyə
qaynaqlarından məlum olub. Xəbərə görə, sözügedən bələdiyyələr Türkiyənin Ətraf
Mühit və Şəhərsalma Nazirliyi tərəfindən İzmirin Əliağa bölgəsində inşa ediləcək
istilik-elektrik stansiyası (İES) layihəsinə dəyişiklik etməsinə etiraz edib və
bu dəyişikliyin ətraf mühitə zərbə vuracağını bildirib.
SOCAR Türkiyə şirkəti tərəfindən İzmirin Əliağa bölgəsində
liman, İES, neftayırma zavodunun tikintisi, habelə mövcud neft-kimya
kompleksinin modernləşdirilməsi üçün 5 milyard dollardan çox investisiya
yatırmağa hazırlaşır. Bu layihənin həyata keçirilməsi üçün ayrılan ərazinin
1436 hektarlıq hissəsində Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən plan dəyişikliyi
həyata keçirilib.
Karşıyaka və Foça bələdiyyələri bildirir ki, bu dəyişikliklər
nəticəsində yaxınlıqda yerləşən 4 qəsəbədə hava və ətraf mühitin çirklənməsinə
yol açacaq. Həmin bələdiyyələr ərazidə istilik-elektrik stansiyasının
tikintisinin dayandırılması üçün İqtisad Məhkəməsinə şikayət ediblər. Əgər məhkəmə
bu iddianı təmin etsə, o zaman qərar ARDNŞ-in layihəsinə də şamil olunacaq. Bələdiyyələr
bildirir ki, nazirlik məhkəmənin qərarını gözləmədən yerli idarəetmə
orqanlarının etirazlarını nəzərə almalıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3894