Ağdam prokurorluğuna etiraz
Ağdam rayonunda mərhum Nuşirəvan Aslanovun ölümü ilə bağlı hadisə baş verəndən bu günə kimi bir sıra yazılar dərc edilib.Mərhumun doğmaları iddialarından bir addım da olsa geri çəkilmək niyyətlərinin olmadığını qeyd edirlər. Mərhumun oğlu Bəhruz Aslanov yenidən cumhuriyyət.az üçün müsahibə verərək fikirlərinin kiv-də ictimailəşdirməsini xahiş etdi.Bəhruz Aslanovun qeydlərini olduğu kimi dəyərli oxucularımızın diqqətinə təqdim edirik:
“Mən artıq ölkənin baş prokuroruna etdiyim şikayətlərin sayını itirmişəm. Dəfələrlə atamın ölümü ilə bağlı bir sıra KİV-lərdə çıxışlarım olub.Ancaq nələrin baş verdiyi də göz önündədir. Sanki ölkəmizdə qanunlar deyil,məmurların iradəsi qanun yerində çıxış edir. Axı nədən ölkəmizdə insanın zərrə qədər dəyəri yoxdur?Bu sual məni çox düşünməyə vadar edir. Demokratiya, insan azadlıqları budurmu? Niyə ölkəmizdə pul hər şeydən, hətta insan həyatından da üstün tutulur? Atamın ölümü üzərində bir neçə ay da fikirlərə qərq olsam,artıq tam məsuliyyətlə deyə bilərəm ki,filosof olacam. Çünki mövcud vəziyyət insanları,cəmiyyəti daha dərindən öyrənməyə stimul verir.Artıq mənə aysberqin görünməyən tərəfləri də məlumdur.Bu hadisə iyul ayının 24-dən 25-nə keçən gecə baş verdi. Bu haqda kifayət qədər informasiya vermişəm.Ağdam səhiyyəsində baş verənlərlə bağlı ailəmizin şikayətinə əsasən maliyyə nazirliyinin nəzarət yoxlama briqadası xeyli vaxt idi ki,rayon xəstəxanasında beş illik yoxlamalar aparırdı.Artıq bir müddətdir ki, yoxlama öz işini bitirib rayonu tərk edib. Məlum hadisə ilə bağlı nazirliyin yoxlamasında iştirak edənlərin soyadları yadımda deyil, Salman və Akif müəllim rayon təcili yardım məntəqəsində bizim şikayətimizə uyğun olaraq,iştirakımızla yoxlama həyata keçirdi.Yoxlama nəticəsində müəyyən edildi ki,hadisə baş verən gecə məntəqədə heç bir həkim və tibb bacısı olmayıb.Təcili yardım şöbəsinin baş həkimi Şahlar Cəfərov etiraf etdi ki,ona məlum olmayan səbəblərdən növbədə olmalı həkim işə gəlməyib.Şahlar Cəfərov bu etiraflarını yoxlama aktında qeyd edib.Yoxlama müəyyən etdi ki,çağırış kitabına müdaxilə olunub.Kitabda ağardılaraq başqa vaxtlar yazılıb.Bu məsələ də şikayət ərizəmlə birlikdə aktın içinə tikildi.Müəyyən olundu ki,məntəqədə 4-ədəd xidməti avtomobil ola-ola həkim nədənsə iddia etdiyi çağırışa şəxsi avtomobili ilə gedib.Hansı ki,bu qeyri-qanunidir.Müəyyən olundu ki,xidməti avtomobillərin yanacaq çənində yanacaq olmayıb.Bu məsələ ilə bağlı rayon maliyyə idarəsi bizim iştirakımızı təmin etmədən yoxlama aparmışdı və bütün bu olanları müəyyən etməmişdi. Baxmayaraq ki,maliyyə nazirliyi bütün olanları müəyyən etdi,ancaq rayon prokurorluğu yenə də yerli maliyyə yoxlamasını əsas tutaraq işə xitam verdi.Maliyyə nazirliyinin yoxlamasının aktı bizə verilməsə də diqqətimizə çatdırıldı ki,bu sənədlər baş prokurorluğa təqdim ediləcək.Mən həmin vaxt nazirlik əməkdaşlarının apardığı araşdırmanı alqışlamışdım.Çünki hər şey obyektiv aparılaraq düzgün nəticəyə gəlinmişdi.Ancaq yekunda bu akt ya dəyişdirilib,ya da ümumiyyətlə,işə əlavə edilməyib.Bu məsələ məni bərk narahat edir.Həkimlər çağırış kitabına elə düzəliş ediblər ki,qaş düzəltmək əvəzinə vurub gözü də çıxarıblar.Onların yazdığı vaxta istinad etsək belə çıxır ki,biz həkim üçün zəng vurduğumuz vaxt onlar orada olublar,sadəcə çağırışa gəlməyiblər.Yəni bizim dediyimiz və onların yazdıqları vaxt arasında böyük fərqlər var.Heç biri düz gəlmir.Bütün bunlar sübut edir ki,atam məhz həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib.Mən başqa nə istəyirəm ki?Mən haqqımı tələb edirəm.Mən deyirəm ki,kim ki,atamın ölümünə baiskar olub,qanun qarşısında cavab versin.Ancaq çox təəssüf ki,rayon prokurorluğu maliyyə nazirliyinin üzə çıxardığı həqiqəti deyil,yerli maliyyə idarəsinin saxta qərarını əsas tutaraq işi xitama verib.Həmin dövrdə rayon prokuroru olmadığı üçün işi prokuror köməkçisi Babək müəllim aparırdı.Mən Ağdam rayon prokurorluğunun qərarına qəti şəkildə etiraz edirəm.Bəyan edirəm ki,bu qərar ədalətsizdir və baş prokuror cənab Zakir Qaralovdan xahiş edirəm ki,bu iş Ağdam rayon prokurorluğundan götürülərək baxılması üçün başqa rayona verilsin.Mənim ikinci şikayətim maliyyə nazirliyinin yoxlamasının nəticəsində tərtib olunmuş aktın yoxa çıxması ilə bağlıdır.Mən tələb edirəm ki,həmin akt tapılaraq prokurorluq orqanlarına təhvil verilsin.Onsuz da atamın ölümünün ört-basdır edilməsinə imkan verməyəcəm.Yaxşı olardı ki,sələhiyyətli orqanlar qanunu ali bilib,işə ədalət çərçivəsində baxsınlar.
Redaksiyadan:Ağdam rayonundan aldığımız qeyri-rəsmi məlumata görə maliyyə nazirliyinin məlum yoxlaması nəticəsində rayon səhiyyəsində külli miqdarda yeyinti,mənimsəmə və israf etmə aşkarlanmışdır.Ancaq bütün bu faktlar baş prokurorluq və digər instansiyalardan gizlədilir.Məlumatı dəqiqləşdirmədiyimiz üçün rəqəmləri dərc etmədik.Ancaq bu məlumatı dəqiqləşdirən an hörmətli oxucularımıza təqdim edəcəyik.Mövzuda adı çəkilən digər şəxsləri də dinləməyə hazırıq.
Elçin İsmayıllı. Cumhuriyyət.az
Short URL: http://www.cumhuriyyet.net/?p=38962