Soçi olimpiadaya hazır deyil
Qərbli jurnalistlər bu şəhərdəki biabırçı vəziyyətdən yazdı
“Soçinin fevralın 7-də başlayacaq 2014-cü il Qış Olimpiya Oyunlarını qəbul etməyə hazır olub-olmadığı haqda müzakirə və mübahisələrin davam etdiyi bir vaxtda dünyanın hər yerindən Rusiya otellərinə jurnalist axını davam edir”. Bu barədə nüfuzlu “Washington Post” nəşrinin Soçidən hazırladığı reportajda qeyd olunur.
Məqalədə deyilir ki, hazırda Soçidə olan qərbli jurnalistlərin bir çoxu oradakı vəziyyətin dəhşətli dərəcədə bərbad olması barədə xəbərlər yayıblar. Belə ki, mətbuat nümayəndələri üçün nəzərdə tutulmuş 9 oteldən yalnız 6-nın qonaqları qəbul etməyə hazır olduğu bildirilir. Digər otellərdə isə hələ də tikinti və təmir-quraşdırma işlərinin getdiyi vurğulanır. Alman fotoqraflarından biri bildirib ki, onun qaldığı oteldə fəhlələr və sahibsiz itlər dolaşır, onlar bir otaqdan digərinə girib-çıxırlar.
Əksər qərbli jurnalistlər isə otel otaqlarında nəinki isti, heç soyuq suyun da olmamasından şikayətləniblər. Otelin su təshizatı qaydaya salınanda isə “Chicago Tribune” qəzetinin xanım müxbiri Steysi Sen su kranlarının fotosunu çəkərək onları twitterdə paylaşıb. Həmin fotolardan da görünür ki, su boruları dəlmə-deşikdir və onlardan, kranlardan hər tərəfə su axır.
Böyük Britaniyanın “Guardian” qəzetinin Moskva müxbiri Şon Uoker jurnalistlər üçün ayrılan oteli “başdan-ayağa biabırçılıq” adlandırıb.
“Mən otelə qayıtdım. Lift işə salınandan yarım gün sonra xarab oldu. Otağıma pilləkənlə qalxmalı oldum. Burada isə məlum oldu ki, mənim otağımın yerləşdiyi mərtəbəyə qalxmaq mümkün olmayacaq, çünki pilləkənin başındakı qapı bağlıdır” – deyə Ş.Uoker şikayətlənib.
Fransadan olan jurnalistlərin biri isə oteldə öz otağının qapısını açmaq istəyəndə qapının dəstəyi sınaraq yerə düşüb.
“CNN” telekanalının müxbiri Harri Riki bildirib ki, həmkarları ilə birgə hələ 5 ay əvvəlcədən bronladıqları 11 otel otağından yalnız biri qonaqları qarşılamağa hazır vəziyyətdə olub: “Mən özüm isə otağımın yaşayış üçün normal hala gətirilməsini düz bir gün gözləməli oldum”.
Qərbli jurnalistlər bildiriblər ki, Soçinin küçələrində də hər şey qaydasında deyil, hətta bərbad vəziyyətdədir. Coan Barnas adlı xanım jurnalist bildirib ki, küçədə hara baxsan ağzı açıq kanalizasiya lükləri görərsən. O, həmkarlarını küçədə gəzərkən ehtiyatlı olmağa çağırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3901