Eldar Əzizov məktəblilərə küçə süpürtdürür
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, sovet dövrünün alovlu komsomol fəalı Eldar Əzizov keçmiş əyyamları yadına salaraq sovet təhsil sisteminin bir məşhur ənənəsini “xortladıb”.
Sumqayıtdakı mənbələrdən əldə etdiyi məlumatlara görə, E.Əzizov şəhər məktəblilərini iməciliyə çıxarıb. Amma azyaşlı şagirdlər sovet dövründən fərqli olaraq ictimai faydalı əməklə məşğul olmağa cəlb edilməyiblər. Onlar bu dəfə Eldar müəllimin zövqünə görə “Elmar market” ticarət obyektinin yan-yörəsində təmizlik işləri aparmağa məcbur ediliblər.
Bundan əlavə, şəhərdəki 39 saylı məktəbin rəhbərliyi də “özünəməxsus” iməcilik təşkil edib. Özü də həftənin sonunda yox, dərslərin ən qızğın vaxtında, həftənin ortasında. Beləliklə də məktəb yaşlı uşaqlar və onların müəllimləri riyaziyyat öyrənmək, yaxud ədəbiyyat öyrətmək əvəzinə şana-kürəklə, bel-külünglə silahlanaraq ayrı-ayrı sahibkarlara məxsus dükan-bazarın qarşısında qar təmizləməyə, səliqə-sahman yaratmağa məcbur olunurlar. Eldar Əzizov “bazar iqtisadiyyatı”, “Boloniya sistemi” məsələlərini yəqin bu cür təsəvvür eləyirmiş…
Short URL: http://www.cumhuriyyet.net/?p=3905