Pensiyalara iki manatlıq artım
“Gözləntiləri qarşılamayan bu artım əhalidə kəskin reaksiya doğura bilər”

Məlum olduğu kimi, dövlət başçısı əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2014-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin edilməlidir. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,8 milyon manat, il ərzində isə 21,6 milyon manat əlavə vəsait tələb olunacaq. Qeyd edək ki, ölkədə bir miylondan bir qədər artıq pensiyaçı var.
Rəsmi məlumatlara görə, ötən müddət ərzində inflyasiya 2,4 faiz təşkil edib. Ancaq müstəqil ekspertlərin hesablamasına görə, bu göstərici bir neçə dəfə artıq olub. İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda həmişə hökumətin istədiyi kimi rəqəmlərlə oynadığını və rəsmi statistik rəqəmlərin həmişə reallıqdan xeyli aşağı olduğunu deyir. Qeyri-rəsmi hesablamalara görə, ötən ilin inflyasiyası rəsmi rəqəmlərdən ən azı iki dəfə yüksək idi. İndeksləşmə də ona uyğun olmalı idi. Rəqəmlərə gəldikdə, təxminən bir milyon nəfəri əhatə edəcək artım iki manat civarında olacaq. Bu isə yaşlı nəsli ciddi xəyal qırıqlığına uğradacaq. Qanunları yaxşı bilməyən insanlar pensiyalarınartımı xəbərini eşidəndə çox güman ki, seviniblər. Ancaq real olaraq pensiyaları alanda bu artımın ən yaxşı halda cəmi iki manat olacağını görəcəklər.
Ekspertin sözlərinə görə, gözləntiləri qarşılamayan bu artım əhalidə müəyyən kəskin reaksiya da doğura bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3912