“Azərbaycan ordusu təmas xəttində raket buraxır və təkər yandırır”

06.02.2014 - 00:37

Ermənistan rəhbərliyi danışıqlar prosesini baltalayan ritorikanı davam etdirir, həmsədrlərin daha bir missiyası iflasa uğraya bilərErmənistan rəhbərliyi danışıqlar prosesini baltalayan ritorikanı davam etdirir, həmsədrlərin daha bir missiyası iflasa uğraya bilər

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi regionuna bu dəfəki “N üstəgəl 1-ci” səfəri deyəsən növbəti dəfə iflasa uğrayır. Ən azından münaqişə tərəfindən verilən son bəyanatlar həmsədrlərin bu dəfəki missiyasının-prezidentlərin yeni görüşünün təşkilinin baş tutmayacağına dəlalət edir.
Belə ki, Ermənistan rəhbərliyinin yanvarın 20-dən etibarən bir tərəfdən təmas xəttində xüsusi aqressivlik nümayiş etdirməsi, o biri tərəfdənsə açıq-aşkar Azərbaycan ictimaiyyətini və hakimiyyətini qıcıqlandıran bəyanatlar səsləndirməsi danışıqlar prosesini baltalayır.
Ermənistan rəhbərliyindən belə bəyanatların növbəti porsiyası məhz həmsədrlərin səfəri zamanı səsləndirilib. ABŞ, Rusiya və Fransadan olan vasitəçi diplomatlar Bakıda müzakirələrə başlayanda Ermənistan prezidenti Serj Sərkisyanın Çexiyaya səfəri zamanı bu ölkə qəzetlərindən birinə verdiyi müsahibə yayımlandı. “Armenpress” agentliyi həmin müsahibədən sitatlara yer verərək göstərirdi ki, Sərkisyan növbəti dəfə Azərbaycan ordusunun “yanvarın 20-də təmas xəttində həyata keçirdiyi uğursuz diversiya” əməliyyatından bəhs edib. Təcavüzkar ritorikadan istifadə edən Sərkisyan erməni ordusunun “barıtı həmişə quru saxladığını” deyib.
Həmsədrlərin Bakıda prezident və xarici işlər nazirləri ilə müzakirələrinin necə keçdiyi məlum deyil. Lakin bu müzakirələrdən sonra xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, rəsmi Bakı danışıqlar xatirinə danışıqlar aparmaq istəmir. Konkret sülh şərtlərini müzakirə etmək istəyir və öz mövqeyini konkretləşdirərək həmsədrlər vasitəsilə İrəvana çatdırıb. Erməni tərəfinin buna cavabından asılı olaraq danışıqların davamı haqda danışmaq mümkün olacaq.
Həmsədrlər müzakirələri bu gün İrəvanda davam etdiriblər. Vasitəçilərin İrəvanda görüşlər keçirdiyi bir vaxtda Ermənistanın müdafiə naziri Azərbaycanı KTMT hərbi bloku ilə hədələyib. Ermənistanın hakim Respublika Partiyasından deputat Nairi Karapetyan Ohanyandan soruşub ki, təmas xəttində yaranmış son gərginliklə bağlı ölkənin yeni təhlükəsizlik sistemləri əldə etməsinə dair yayılmış informasiyalar nə dərəcədə doğrudur.
Ohanyan isə bir daha “yanvarın 20-də baş vermiş hücum cəhdi” barədə danışıb. Deyib ki, həmin insidentdən sonra gərginliyin artması müşahidə olunur. Ermənistan müdafiə nazirinin sözlərinə görə, gərginliyin artması təkcə Azərbaycan tərəfindən açılan atəşlərin artmasında özünü göstərmir: “Bu gərginlik gecələr təmas xəttində təkərlərin yandırılması, siqnal raketlərinin buraxılması və pilotsuz kəşfiyyat təyyarələrindən istifadə ilə müşayiət olunur”
Lakin Ohanyanın sözlərinə görə, narahat olmağa dəyməz.
“Zərurət yaranarsa, biz təkcə müdafiə olunmayacağıq, hücum əməliyyatı da keçirəcəyik” – deyə erməni nazir Ermənistan rəhbərliyinin davakar ritorikasını davam etdirərək bildirib.
Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşdən sonra deyib ki, təmas xəttindəki son gərginlik danışıqlar prosesini irəli aparmağa mane olur. Onun sözlərinə görə, təmas xəttində baş verənlər barədə Bakıda Azərbaycan müdafiə naziri, İrəvanda Ermənistan müdafiə naziri ilə danışıblar. Onların hərəsi hadisələrə dair öz versiyasını təqdim edib.
“Bu versiyalar üst-üstə düşmür. Buna baxmayaraq biz bu istiqamətdə işi davam etdiririk. Hesab edirik ki, istənilən tərəfdən istənilən itki böyük itkidir və danışıqlar prosesinə zərbə vurur” – deyə rusiyalı diplomat bildirib.
İqor Popov deyib ki, həmsədrlər tərəfləri atəşkəsə əməl etməyə çağırmaqla yanaşı münaqişənin nizamlanmasının əsas prinsipləri üzərində də işi davam etdirirlər. Onun dediyinə görə, xarici işlər nazirləri yanvarın 22-də Parisdə kifayət qədər konstruktiv diskussiya aparıblar və bu işi davam etdirmək lazımdır. Buna baxmayaraq Popov prezidentlərin növbəti görüşünün nə zaman baş tutacağı haqda danışmağın tez olduğunu deyib.
“Lakin biz bunu əsas götürürük ki, danışıqlar prosesi yüksək səviyyədə davam etməlidir. Bu haqda Vyanada razılıq əldə edilib. İki prezidentin görüşməsi üçün təkliflər paketinə adekvat və mühüm əlavələr olmalıdır. Bu istiqamətdə işləyirik” – deyə Popov bildirib.
Həmsədrlər İrəvanda onu da deyiblər ki, Bakıda olarkən bir daha snayperlərin təmas xəttindən çəkilməsinə çağırıblar. Məlumdur ki, Azərbaycan həmsədrlərin bu çağırışını çoxdan rədd edib.
Beləliklə, Ermənistan rəhbərliyinin bütün bəyanatları və hərəkətləri ancaq ona yönəlib ki, yüksək səviyyədə danışıqların növbəti raundu baş tutmasın. Axı psixoloji baxımdan Azərbaycan ərazilərini işğal altında saxlayan tərəfin özünü bu cür aparması və təcavüzkar, qıcıq doğuran ritorikanı artırması rəsmi Bakının bu danışıqlara razılıq verməsini psixoloji baxımdan çətinləşdirir. Ona görə də prezidentlərin fevral ayına planlaşdırılan görüşünün baş tutmayacağını artıq böyük yəqinliklə qeyd etmək olar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3925

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930