Xəstəxanalarımızda ağxalatlı qatillər dolaşır
“Əvvəcə pulu göstər, sonra yaşa”

Bu, tibbin atası, həmçinin tibb elminin banisi sayılan qədim yunan həkimi Hippokratın yazdığı iddia edilən, tibb məzunlarının bəzi dəyişikliklərlə oxuduğu peşə andıdır…
Səhiyyə sisteminə müraciət edən qadın daha ağır xəstəliyə düçar oldu
Şəlalə 20 yaşında ailə qurub. Orta məktəbi yarımçıq buraxıb, heç attestat da almayıb. Deyir ki, qızı beyin qansızması ilə dünyaya gəlib. Türkan 5 aylıq olanda yenidən hamilə qalıb. Dediyinə görə, sosial vəziyyəti ağır olduğundan və qızının sağlam olmadığını nəzərə alıb abort etməyə məcbur qalıb. Kontraseptivlər barədə xəbərsizmiş. Sonradan bir neçə dəfə də abort etdirib. Soruşuram ki, bəs abort ağrılı deyildi, necə buna yol verirdin? Deyir “yox, elə gedirdim, gəlirdim”. İstəmədiyi hamiləliklərdən abortla qurtulurmuş. Sonuncu uşaq da istəmədən olmuşdu, planlanmış deyildi.
Doğum evində uşaqlığını zədələyiblər
Lakin, bir gün ər-arvad yenidən uşaq dünyaya gətirmək qərarına gəliblər. Bu dəfə yoldaşı Rahib oğlan “sifariş verib”. Lakin, Şəlalənin hamiləliyi uzun sürməyib: “40-cı günündə uşaq turbalığa düşdü, turbalığı partlatdı. Məni Qara Qarayev adına 7 nömrəli doğum evinə götürdülər. Həkimlər ölmüş uşağı əməliyyatla çıxartdılar”.
Gənc qadın turbalığın birindən məhrum olub. Deyir, ikincisi qaldığına görə həkimlər ona yenidən ana ola biləcəyini deyiblər. Yoldaşı artıq israrla oğlan istəməyə başlayıb: “Birinci övladımız qız olduğu üçün, o, indi də oğlan istəyirdi. 2010-cu ildən müalicə almağa başladım. Yenə hamilə oldum. 3 aylığında uşaq inkişafdan qaldı. Həkimim 10 nömrəli poliklinikada işləyən Gülər Qarayeva dedi ki, abort zamanı uşaqlığı zədəliyiblər. O, məsləhət gördü ki, yoldaşımla bütün mikroblara qarşı müalicə alaq. Əgər yenə də uşaq inkişafdan qalsa, əməliyyat zamanı zədə aldığım təsdiqlənəcək. Yoldaşımla bir ilə yaxın müalicə kursu keçdik. Hamilə qaldım. Gülər həkimin dediyi kimi, bu dəfə də uşaq eyni vaxtda – 12 həftəliyində inkişafdan qaldı. Və yenə əməliyyat keçirməli oldum. Gülər xanım dedi ki, artıq müalicələri dayandırım, çünki, uşaqlıq zədələndiyinə görə yenidən uşaq dünyaya gətirə bilməyəcəm”.
“Artıq ana ola bilməyəcəm”
Sonradan yeni həkimi Zəkiyyə Hüseynova qadına Qarayevanın dediklərinin doğru olmadığını, özünün etdiyi müalicədən sonra yenidən sağlam uşaq dünyaya gətirə biləcəyimi deyib: “İnandım. Yenə bir ilə yaxın müalicə olundum. Hər ikimizdə mikrob olduğuna görə, eyni vaxtda yoldaşım da müalicə alırdı. Eyni dərmanları qəbul edirdik. Bu müddətdə dayanmadan müalicə almışıq, cürbəcür dərman qəbul etmişik. Heç həkim də demirdi ki, bir az fasilə ver, orqanizmin dincəlsin. Əsasən xarici firma dərmanları yazırdı. Amma nəticə eyni oldu. Körpənin ürəyidə birinci dəfədəki kimi yüksək döyünmə başladı. Həkim onun qalmayacağını dedi. Və uşaq bu dəfə də inkişafdan dayandı. Yenə də üç aylığında. Bu dəfə daha ağır vəziyyətdə idim. Diaqnostika Mərkəzində işləyən həkimim Zəkiyyə xanım məni özü əməliyyat etdi. Dedi “gələrsən, müalicə edərəm yenidən hamilə qalarsan”. Mən isə daha getmədim. Birinci həkimim Gülər xanımın söylədiklərinə inandım. O, doğru deyirmiş. Uşağın inkişafdan dayanması hər dəfə 3 aylığında baş verirdi. Uşaqlığımı həqiqətən həkimlərin zədələdiyini başa düşdüm. Artıq ana ola bilməyəcəm”.
“Həkimim bahalı dərmanlar yazırdı”
Qəbul etdiyi saysız-hesabsız dərman preparatlarının, iynələrin siyahısına baxıram. Soruşuram “nə ehtiyac vardı bu qədər dərman qəbul etməyə, axı bir uşağınız var”. Deyir “yoldaşım uşaq istəyirdi, ona görə”. Hər müalicəsi 8 ay, bir il davam edirmiş. 4 ildə müalicəni heç dayandırmayıb, davamlı dərman, iynə qəbul edib: “Yazılan reseptlərin çoxunu saxlamıram, atıram. Hər ay həkim 5-6, bəzən 10-11 adda yeni, bahalı firma dərmanları yazırdı. Hamısını da almağa məcbur idim. Apteklərdə adi şamların qiyməti 20-30 qəpik idisə, həkimim mənə 11-12 manatlıq bahalı şamlar yazırdı. Halbuki, heç bir keyfiyyət fərqinin olmadığını deyirlər. Dərmanlara pul çatdırmaq olmur. Sonralar aptekçi ilə məsləhətləşib nisbətən ucuz, amma eyni tərkibli dərmanlar alırdım. Bununla belə, hər dəfə dərmanlar 90-100, bəzən də 200 manat tuturdu. Təkcə follekulun partlaması üçün bir ampula 40 manatdır. Hər dəfə iki ampula lazım olurdu. Bu isə 80 manat edir. Ultrasəs müayinəsi 20 manat, həkimin qəbulu yenə 20 manat idi. İndiyə qədər iyirmi dəfədən çox ultrasəs müayinə aparatına düşmüşəm. Dəfələrlə müxtəlif laborator analizlər vermişəm. Təkcə turbalığın yoxlanması 60 manat idi. Bir dəfə analizlərimə 190 manat vermişdim. Sonuncu əməliyyatım isə 200 manata başa gəldi. Pulu həkimə verdim, amma mənə çek vermədi. Hər dəfə həkim qiyməti adi kağızın üzərinə yazır. Məsələn, 20 ya 50 manat. Mən gedib o kağızı kassada göstərərək ödəniş edirəm. Ordan isə mənə ödəniş etdiyim barədə çek verilmir. Həkimin özünə verdiyim pul isə heç kassa yoluna da getmir, həmin pulu həkim özü götürür. Sadəcə laborator analizlər üçün ödəniş qəbzləri verirlər”.
“Əvvəcə pulu göstər, sonra yaşa”
Şəlalə 4 il ərzində həkimlərə, reseptlərə, analizlərə bir neçə min manat xəclədiyini deyir. Bütün ödənişləri çeklə etmədiyindən dəqiq hesablaya bilmir. Onu daha çox incidən hippokrat andı içmiş həkimlərin andlarına uyğun olmayan davranışlarıdır: “Sonuncu dəfə uşağımı itirəndə bərk ağrılarım var idi, qanaxma tutmuşdu, vəziyyətim ağır idi. Qaynanam həkimim Zəkiyyə xanıma zəng etdi ki, gəlinin vəziyyəti pisdir. Həkim qaynanamdan israrla telefonu mənə verməsini istədi. Ağrı çəkə-cəkə cavab verdim. Mənə nə desə yaxşıdır? “120 manatın varmı?” deyə soruşdu. Mən “taparam” dedim, “onda pulu götür gəl, ödəniş 120 manatdır, ondan sonra əməliyyat edərik” dedi. Mərkəzdə abortu narkozla istədim, çünki çox ağrım vardı, dözə bilməzdim. Narkoz üçün də 50 manat aldılar. Əlavə iynələr də vurdular. Əməliyyat 195 manata başa gəldi. Pulum olmasaydı, yəqin əməliyyat etməyəcəkdi. Həmin gün bizə heç ödəniş etdiyimiz barədə çek də vermədilər”.
Şəlalə artıq uşaq istəmir. Deyir, boşasalar da, o müalicələri yenidən başlamayacaq. Yoldaşı da artıq inadından əl çəkib. Çünki, Şəlalə həqiqətən xəstədir: “İyun ayının 28-i uşağı abort etdilər. Avqust ayında, yəni abortdan sonra boynumda şişlər əmələ gəldi. Analiz verdim, əməliyyat olundum. Dedilər ki, soyuqlamadandır. Şişləri çıxartdılar. Abortdan sonra zəif düşmüşdüm, çox qan itirmişəm. Çox da dərman qəbul etmişdim. Dediyim kimi, həkim əsasən xarici firma dərmanları yazırdı, Rusiya istehsalı olanlar az idi. Daha çox tabletka şəklində qəbul edirdim. Bir dərman vardı, mədəmi ağrıdırdı, 5 gün atırdım. Vəziləri çıxarıb əkdilər, bədxassəli olmadığını dedilər. Əmələ gəlmə səbəblərini isə soyuqdəymə ilə izah etdilər”. (Amma Şəlalənin boynunda şişlər qalır).
Dərmanlar gənc qadını tanınmaz hala salıb
Ümumiyyətlə, son araşdırmalar belə nəticəyə gəlməyimə əsas verir ki, həkimləri gənc qadınların və ya doğulacaq körpələrin sağlamlığı maraqlandırmır. Birinci şəkildə Şəlalə hələ dərmanların təsirinə düşməyib. Gənc və gözəldir. Xahiş etdi ki, şəkildə onun və ərinin tanınmaması üçün heç olmasa gözlərini bağlayaq. “Bəs mənim çəkdiyim şəkilləri necə?”, deyə soruşuram. Cavab verir: “Onlardan narahat deyiləm, çünki kimsə bu şəkildə məni tanımaz”.
Həqiqətən də gənc qadın hər iki şəkildə çox fərqlidir, sanki qarşımızda iki ayrı-ayrı qadın var. Sonda məndən soruşur: “Bu yazıdan mənə bir zərər toxunar?” “Hə, səni həbs edəcəklər”, zarafatla deyirəm. Daha nə deyim?! Sağlamlığını itirən 27 yaşlı qadının indi nə üçün qorxduğunu anlamıram… Xəstələr artıq həkimləri kabus kimi görür və həyatlarını etibar etməyə qorxurlar…
Əməliyyatdan sonra yazılmış epikrizi (xəstəlik tarixi haqqında nəticə) göstərib, “epikrizi oxuya bilmirəm. Həkim anlaşılmaz xətlə yazıb, ona görə də başıma nə gəldiyindən xəbərsizəm” deyir. Yoldaşı marşrut sürücüsüdür. Gündəlik 5 manat, bəzən də 10 manat gətirir. Özü işləmir, qayınansı birinci qrup əlildir, əlilliyə görə pensiya alır. Bir də məcburi köçkün olduqları üçün “çörəkpulu”. “Bu ödənişləri böğazımızdan, yaşayışımızdan kəsib etmişik. Çox vaxt apteklərdən dərmanları nisyə almışıq. Daimi müştəriləriyəm, o qədər dərman almışam ki, artıq məni tanıyırlar”, deyir.
Artıq ana olmaq fikrindən daşınan Şəlalə indi də dərmanlardan sonra yaranan şişlərə qarşı müalicə alır. Hələ də dərman preparatları qəbul edir…
Bir dəfəyə 11 dərman
Şəlalənin atmadığı reseptləri, əlində qalan laborator analizlərini nəzərdən keçirirəm. Hər reseptdə ən az 5-6 və ya 9-11 adda dərman var. Çox vaxt dərmanlar reseptə yox, möhürsüz, bəzən də imzasız adi kağıza yazılıb. Reseptlərdə möhür, ştamp yeri olsa da, çox vaxt hansısa səbəbdən bu vurulmur. Laboratoriyada eyni analizləri nə qədər vermək olar? Hər dəfə də eyni vəsait ödənib. Hələ tibb mərkəzlərinin blanklarında kobud səhvləri demirəm. Qadın yerinə kişi yazılıb, kişinin yerinə qadın. Pasiyentin soyadından tutmuş, doğulduğu ilə qədər səhvlər var. Belə mərkəzlərin tibbi müayinəsinin də həqiqiliyinə güvənmək çətindir. Cürbəcür ödəniş qəbzləri də 10 manatdan, 50 manata qədər. Şəlalənin dediyi daha yüksək məbləğlər heç yerdə qeydə alınmayıb.
40 qəpik yerinə 8 manatlıq dərman
Həkimlərin yazdıqları reseptləri özləri və əczaçılardan başqa kimsə oxuya bilmir. Əlimdə Şəlaləyə aid olan reseptlər isə unikaldır, yarıkirill, yarılatınca yazılmış bu reseptəoxşar kağızları əczaçı Həvva xanıma götürdüm. Adlarını bir-bir dəftərimə yazıb izahatlarını da verdi. Məsələn, reseptin birində 11 adda dərman və ya maz var. Bir kurs müalicədə 5 adda tabletka şəklində preparatdır. Progenal, Revidoks, Zitroks, Flyuores, Novasan. Elə həmin reseptdə eyni vaxtda 2 cür şam – Kipferon və Klindamesin, Klotepmazol və Metrasklin mazları var (yanlış yazsam bu mənim yox, resepti yazan həkimin günahıdır). Və bir də Pereks və Yosept tampunu.
Əczaçı xanım dedi ki, həkimlərin faiz marağı olan firma dərmanlarının Rusiya istehsalı əvəzləyicisi də var. Məsələn, Zitroks tabletkalarının tərkibi Azetromisinlə eynidir və birincini ikinci ilə çox asanlıqla əvəz etmək mümkündür. Effekt eynidir, qiymət fərqi isə 3 dəfədir. Azetromisin 2 manat, Zitroks isə 6-7 manatdır. Ya da Flyuoresi yenə Rusiya istehsalı olan Fulkanazolla əvəzləmək olar. Və onların arasında qiymət fərqi az qala 20 dəfəyə yaxındır. Əczaxanalarda Flyuores 7-8 manat Fulkanazol cəmi 40 qəpikdir. Tərkibində də heç bir fərq yoxdur. Digər reseptdə qiyməti 7 manat olan Levofloksasin də qiyməti 2 manat təşkil edən eyni tərkibli Rusiya istehsalı dərmanlarla əvəzləmək olar. Üstəlik antibiotik olan Levofloksasin və Zitroks mədənin düşmənidir. Lakin, onların əvəzləyiciləri Rusiya dərmanları daha az zərərlidir.
Səbəbini soruşuram, deyir ki, “firma dərmanlarının tərkibində “ximikatlar” daha çoxdur”. Klostilbegit də qəbul etdikdən sonra mədəni ağrıdır. Ümumiyyətlə, əczaçı deyir ki, dərmanlarla ehtiyyatlı davranmaq lazımdır. Bir problemi ortadan qaldırmağa xidmət edirsə, başqa bir xəstəliyin yaradıcısına da çevrilə bilir. Reseptlərdə tabletka dərmanlar üstünlük təşkil edir. Şamlar da əczaxanalarda 3-4 manata olmasına baxmayaraq, həkimlər pasiyentlərinə 12-18 manatlıq şamlar yazırlar. “Bəs nə üçün bahalı dərmanlar yazırlar?” deyə əczaçı xanımdan soruşuram. Cavab verir: “Özlərinə faiz getsin deyə. Axı müxtəlif firmalarla işləyirlər”.
Müşahidə etdiyim bir məsələ də var. Şəlalənin yazıda adını çəkdiyi hər iki həkimi həm poliklinikada, həm də eyni vaxtda tibb mərkəzlərində işləyirlər. Və hər dəfə özləri onu bir iş yerində müayinə etdikdən sonra digər iş yerləri olan tibb mərkəzinə yenidən müayinə və analiz üçün göndərirlər. Hər addımbaşı pasiyenti ultrasəs müayinəsi və laborator analizlərə göndərərək onlardan bu şəkildə də faiz qazancı götürürlər.
“Mən həkimlərdən qorxuram”
Mehriban xanım appendisitdən əməliyyat olunduqdan sonra onda kökəlmə prosesi gedib. Həkimlər əməliyyat zamanı onun da uşaqlığına zərər vurulduğunu deyirlər. Bu səbəbdən o da bir ilə yaxındır müalicə alır. Mehribanın da həkimi eyni şəkildə həm poliklinikada, həm də diaqnostika mərkəzində işləyir. O da deyir ki, hər dəfə həkim müayinədən sonra onu özünün işlədiyi digər mərkəzə analizə göndərir.
Müsahibim daha çox türk həkimindən şikayətlənir. Onun sözlərinə görə, əvvəlcə həkim çox ağır bir əməliyyatla hamilə qalacağını bildirib. əməliyyatın qiyməti isə 5500 manat imiş. Pasiyentin əməliyyata razılaşdığını görən həkim yenidən onu müayinə edib və bu dəfə əməliyatdan əvvəl 1500 manatlıq başqa bir əməliyyata da ehtiyacı olduğunu deyib: “Mən görürdüm ki, həkimi mənim sağlamlığımdan daha çox məndən qazanacağı pulun həcmi maraqlandırır. Hər dəfə bahalı dərmanlar aldırır, hər dəfə bahalı diaqnostikaya göndərir. Turbalığımın birininin qaraldığını, əməliyyat yolu ilə onu çıxaracağını deyəndə başa düşdüm ki, məni əlil etməkdən belə çəkinməz. Təki istədiyi vəsaiti klinikasına ödəyim. Başqa heç bir müayinə zamanı məndə belə bir problemin olduğu, əməliyyata ehtiyacım yarandığı deyilməmişdi.
Orada başqa pasiyentlərlə də söhbət edirdim. Bəziləri az qala bir evin pulunu xərcləmişdi. Amma sonradan hamiləliyi pozulmuşdu. Yenidən həkimin yanına gəlib həmin vəsaiti xərcləməliydi ki, ana olsun. Hələ məlum deyildi ki, uşağı həqiqətən olacaq, ya yox. Bir də ki, həkim bağlanan müqavilədə heç bir öhdəlik götürmürdü. Mənə deyirdi ki, uşaq ola da bilər, olmaya da bilər. Lakin, siz əməliyyata razı olduğunuz barədə müqaviləni imzalamalısınız. Belə çıxır ki, mən həyatımı riskə atmalı, bütün məsuliyyəti üzərimə götürməliydim, həkim isə heç bir zəmanət verməməlidir. O həkimdən qorxdum. Ümumiyyətlə, mən artıq həkimlərdən və dərmanlardan qorxuram. Həkimlərə necə güvənəcəyimi bilmirəm. Hər dəfə həkimdən xahiş edirəm ki, mənə bahalı, tərkibində kimyəvi preparatlar olan dərmanlar yazmasın. Faiz üçün insanları qurban verirlər. Son vaxtlar nə qədər qadın əməliyyat stolunda dünyasını dəyişib. Adam lap qorxur”.
Qazancımız həkimlərin cibindədir
Aldığı dərmanlar bahalıdır. Bəziləri başgicəllənməsi, ürəkbulanması verir, mədəsini ağrıdır: “Həkimin mənə yazdığı dərmanları bəzən əczaçı ilə məsləhətləşib nisbətən ucuz, amma eyni tərkibli Rusiya istehsalı olanını alıram. Həkimimin reseptdə göstərdiyi 18 manatlıq şamlar apteklərdə 1-2 manatdır. Bilmirəm nə üçün belə bahalısını mənə yazır. Özünün işlədiyi diaqnostika mərkəzində bir müayinə 60 manatdır. Mən başqa mərkəzdə analizlərimi bundan 20 manat ucuz etdirə bilirəm. Amma, görürəm ki, göndərdiyi mərkəzə getmədiyimdən narazı qalır, bir müddət sonra məni bəhanə ilə yenidən analizlər üçün öz işlədiyi mərkəzə göndərir”.
Mehriban hazırda müalicəni dayandırıb. Təkcə həkim və dərmanlardan bezdiyi üçün deyil, həm də maliyyə problemləri səbəbindən: “Yoldaşımın qazancı dərmanlara, həkimlərə, müayinələrə gedir. Çox vaxt dərmanları nisyə götürürük. Yemək yemək, yaşamaq da lazımdır. Halbuki, bütün pullarımızı onlara verməklə biz ancaq bu ölkənin həkimləri, xəstəxanaları və apteklərinə xidmət edirik”.
Dərmanlar insanı çirkinləşdirirmiş
Tanıdığım gənc bir qadın da var. O da illərdir ana olmaq üçün fasiləsiz müalicə alır. Appendisit əməliyyatından sonra onun da səhhətində problemlər yaranıb. Turbalığının birini itirib. Dəfələrlə əməliyyat olunub, dediyi kimi, həm canı gedib, həm pulu. Hazırda hamilədir. Lakin, həkim nəzarəti olmasa, həyatı təhlükədədir. Hər ay xəstəxanada yatmalı olur. Onun da problemi Şəlaləninki ilə eynidir. Bilmirəm nədəndir, amma gənc qadın çirkinləşib. Bunu mən demirəm, ətrafdakı hər kəs deyir. Onu bu hala salan dərmanlardan necə bir uşağın dünyaya gələcəyindən isə hələlik xəbərsiz olsa da, çox narahatdır…
Yazının əvvəlində hippokrat andını yazmışdım. Bizim yuxarıda barələrində danışdığımız həkimlərimiz də bunlara and içiblər: “Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3943