İlham Əliyevin reginal inkişaf yalanı
2003-2013-cü illərdə birinci və ikinci dövlət sosial-iqtisadi inkişaf proqramları artıqlaması ilə yerinə yetirilib, qarşıdan gələn 5 ildə buna qədər regionlarda icra edilməyən işlər yerinə yetiriləcək, deyə prezident İlham Əliyev fevralın 5-də bu proqramların həyata keçirilməsinə həsr edilmiş konfransda bildirib. Ekspertlər regionların inkişaf etməsi barədə fikirlə razılaşmır. “Ümumi daxili məhsulun 80%-i, dövlət büdcəsinin formalaşmasının 97%-i, ixrac potensialının 99%-i, sənaye istehsalının 90%-i, bank kreditlərinin 96%-i Bakı və ətrafının payına düşür. Bu təqdirdə uğurlu regional siyasətdən necə danışmaq olar”, deyə iqtisadçı Rövşən Ağayev bildirir.
Ekspertin sözlərinə görə, hökumətin orta və uzunmüddətli dövrdə regional inkişaf siyasətinin baza prinsiplərini, məqsəd və vəzifələrini müəyyənləşdirən regional inkişaf strategiyası yoxdursa, davamlı regional inkişafın təmin olunması arzu ola bilər, amma gerçəkliyə çevrilmək imkanı yoxdur.
Ekspertə görə, beynəlxalq praktikada olduğu kimi regionların inkişafına məsul ixtisaslaşmış institutlar – Regional İnkişaf Nazirliyi, Regional İnkişaf Fondu və ya İnkişaf Agentliyi cavabdeh olmalıdır. Bundan başqa, əksmərkəzləşmə təmin olunmayıb, yerli seçkili orqanların muxtar idarəetmə səlahiyyələri yoxdur. Demək, regionların dayanıqlı inkişafının təmin olunması böyük bir sual altındadır.
Beynəlxalq praktikada regionları inkişf etdirdiyini iddia edən hökumət 4 parametr üzrə – ticarət qabiliyyətliliyi və istehsal potensialı, əlçatanlıq, brendinq və innovasiyalar, əlçatanlıq üzrə regionların iqtisadi inkişafını qiymətləndirir, bu parametrləri əhatə edən 10-larla kəmiyyət və keyfiyyət indikatoru əsasında müfəssəl hesabat hazırlayıb yayır, deyə Ağayev Turan-a bildirib.Regional inkişaf barədə hökumətin əsas tezisi infrastrukturun tikintisi və yenidən qurulmasına qoyulan vəsaitdir. Mütəxəsislər hesablayıb ki, 10 ildə iqtisadiyyata 56 mlrd manat qoyulub. Amma hökumət bu vəsaitin regional iqtisadiyyatın keyfiyyət inkişafında necə əks olunması sualına cavab vermir.
Konfransda İlham Əliyev qarşıdakı 5 ildə hökumətin vəzifələrini göstərib. Bunlar infrastruktur layihələrinin başa çatdırılması: elektrik xətlərinin yenilənməsi, elektrik təsərrüfatlarının modernləşdirilməsi, Bakı və regionların fasiləsiz su təminatı, qazlaşdırmanın 95%-ə çatdırılması və s-dir.(Turan)
Short URL: http://www.cumhuriyyet.net/?p=3951