Azərbaycan millisi ilin son oyununu keçirəcək
Bu gün futbol üzrə Azərbaycan milli komandası ilin son oyununa çıxacaq.
“Report”un məlumatına görə, yoldaşlıq görüşündəki rəqib Moldova yığması olacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq. Oyunu Laşa Silaqavanın başçılığı ilə gürcüstanlı hakimlər briqadası idarə edəcək.
Bu matça Azərbaycan millisi ciddi itkilərlə çıxacaq. Kapitan Rəşad Sadıqov və AVRO-2016-nın seçmə mərhələsində 3 qolla yığmanın bombardiri olmuş Dmitri Nazarov zədə səbəbindən oynamayacaq.
Yoldaşlıq görüşü hər iki komanda üçün FİFA reytinqində yüksəlmə baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan millisi 293 xalla 115-ci, Moldova isə 177 xalla 114-cü pillədə qərarlaşıb.
Digər tərəfdən, Bakı Olimpiya Stadionu ikinci futbol matçına ev sahibliyi edəcək. Daha öncə bu arenada oktyabrın 10-da AVRO-2016-nın seçmə qrup mərhələsinin Azərbaycan – İtaliya oyunu keçirilib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 3:1.
Qeyd edək ki, bu, Azərbaycan və Moldova milliləri arasında 9-cu qarşılaşma olacaq. Əvvəllər iki komanda DÇ-2002-nin seçmə oyunlarında 2, yoldaşlıq görüşlərində isə 6 dəfə üz-üzə gəlib. Yoldaşlıq görüşlərində cəmi 1 dəfə qalib gələn bugünkü meydan sahibləri 1-i rəsmi matçda olmaqla, 3 dəfə uduzub, 4 oyunda isə qalib müəyyənləşməyib. Azərbaycan millisi 3 top fərqi ilə qalib gəlsə, həm qələbə, həm də top fərqində bərabərliyi təmin edəcək.
Yoldaşlıq görüşü
17 noyabr
21:00. Azərbaycan – Moldova
Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Pipiya, David Çiqoqidze (hamısı Gürcüstan)
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)
Short URL: http://www.cumhuriyyet.net/?p=39617