Cəmil Həsənlidən İlham Əliyevə sərt cavab
“İndi onun özünün sonu yaxınlaşır”
“Millətin gözündə rəzil olmaq sərgərdan bir xalqdan
mənimsənilmiş vəsait hesabına Dubayda azyaşlı övladına 75 milyon dollarlıq
villalar almaqdır”
Dövlət
başçısı İlham Əliyev fevralın 5-də regionlarının sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı müxalifətin
ünvanına bir sıra ittihamlar səsləndirib. Son prezident
seçkisinin müxalifətin sonu olduğunu deyən İ.Əliyev demokratik düşərgəni xarici
qüvvələrə işləməkdə ittiham edib: “Bizim daxili vəziyyətimiz çox sabitdir.
Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı
birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən
əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz
ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç
bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar.
Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların
çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə,
xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində
yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi.
Bu, onların rəzalət zirvəsi idi”.
İ.Əliyevin səsləndirdiyi
fikirlərlə bağlı Milli Şuranın sədri Cəmil Həsənli amerikaninsesi.org-a münasibət bildirib. C.Həsənli deyibki,
İlham Əliyev dəfələrlə müxalifətin sonunun anonsunu verib. Lakin bunlardan heç
biri düz çıxmayıb. “İndi isə onun özünün sonu yaxınlaşır. Ötən
dekabrdan başlayaraq 30-35 gün ərzində onun rəhbərlik etdiyi ölkədə 26 vətəndaş
özünü yandırmağa cəhd edib və 6-sı ölümlə nəticələnib. O, ədalətsizliklə üzləşən
vətəndaşlarımızın özünə od vurub yandırmasına münasibət bildirsəydi daha yaxşı
olardı”.
Cəmil müəllimbildirib ki, müharibə qazisinin özünü yandırdığı bir məmləkətin başçısının yekə-yekə
danışmağa haqqı yoxdur. “İlham Əliyev rus dilli olduğu üçün görünür rəzalət
sözünün mənasını o qədər də yaxşı bilmir. Millətin gözündə rəzil olmaq sərgərdan
bir xalqdan mənimsənilmiş vəsait hesabına Dubayda azyaşlı övladına 75 milyon
dollarlıq villalar almaqdır. O rəzalətin nədən ibarət olduğu Virjin adalarında
aşkarlanan sərvətlərdən bəlli oldu. Ən böyük rəzalət özünü xalqın “prezidenti”
hesab edən bir şəxsin ölkənin gəlirli sahələrini (məsələn, Çovdar qızıl mədənlərini,
telefon kompaniyalarını, nəqliyyat, bank və sair sahələri) öz yaxın adamlarının
adlarına keçirməsidir. Ən böyük rəzalət ölkə qanunverici orqanında deputat
mandatlarının pulla satılmasıdır ki, iki ilə yaxındır bütün dünya İlham Əliyev
hakimiyyətinin bu rəzaləti haqqında danışır, ən mötəbər hesabatlarda bu barədə
yazılır”.
Milli Şuranın sədri bildirib ki, 2013-cü ilin
prezident seçkilərinə gəldikdə, həmin seçkilərdə rəzil olan müxalifət yox,
İlham Əliyevin bilavasitə özü idi. “Seçki sənədlərində gəlirləri və mülkiyyəti
haqqında bəyannaməni Azərbaycan xalqından gizli saxlayan müxalifət yox,
bilavasitə İlham Əliyev idi. Ən böyük rəzalət Azərbaycandakı seçkilərin seçki
günündən bir gün əvvəl aşkarlanması və dünyanın satirik proqramlarının gündəminə
düşməsi, ölkənin beynəlxalq aləmdə rüsvay edilməsi idi. Bütün bu
rüsvayçılıqlardan sonra ayrı yerlərdə rəzalət axtarmağın özü rəzillikdir. Ölkəni
aşağılayıb onun xalqından və beynəlxalq ictimaiyyətdən gizlin tələm-tələsik ailə
inauqurasiyası keçirmək idi rəzalət. Ötən prezident seçkilərində İlham Əliyevin
xalq arasında heç bir dəstəyinin olmadığını bütün millət, bütün dünya gördü.
2013-cü il seçkiləri İlham Əliyevin seçki saxtakarlığının rəzalət zirvəsi idi.
Son prezident seçkiləri bir daha göstərdi ki, İlham Əliyevin Azərbaycan xalqı
arasında heç bir dayağı yoxdur. O, hakimiyyəti mənimsəyib və zorakı üsullarla,
ölkədə polis rejimi yaratmaqla onu əlində saxlamaq istəyir”.
C.Həsənli deyib ki,Azərbaycan xalqı İlham Əliyevə səs verməyib: “O, xalqın səsi ilə deyil, nəzarətində olan Mərkəzi
Seçki Komissiyasının (MSK) arayışı ilə “prezident” olub. Elan olunan 85 faiz Azərbaycan
xalqının səsi deyil, MSK-nın saxta rəqəmləri idi. Əgər İlham Əliyev bunu Azərbaycan
xalqının ona etimadı kimi qəbul edirsə, deməli onun bu ölkədən xəbəri yoxdur.
İlham Əliyev bu yol ilə hakimiyyəti bilavasitə mənimsəyib”. O bildirib ki, Azərbaycanda 9 oktyabr
prezident seçkilərini müşahidə etməyə rəsmi
mandatı olan yeganə təşkilat ATƏT-in Varşava Bürosu idi: “Həmin büro özünün ilkin və yekun
rəyində 9 oktyabr seçkilərində saxtakarlığın səviyyəsinin 58 faiz olduğunu təsbit
etdi. Qalan müşahidəçilərinin böyük əksəriyyəti “kürü diplomatiyasının” fəal
diplomatları, Əliyev rejiminin muzdlu lobbi qruplarının əl-altıları idilər. Rəsmi
mandatı olan nüfuzlu bir qurumun 58 faiz saxta çıxartdığı bir seçkini xalqın dəstəyi
kimi təfsir etmək “analoqsuz rəzalətin” yeni azərbaycansayağı təzahürüdür.
Avropa məkanına daxil olan hansı normal ölkədə belə bir rəy elan olunsaydı, həmin
gün seçkilərin nəticələri ləğv edilər və yeni prezident seçkiləri təyin edilərdi.
C.Həsənli əlavə etdi ki, İlham Əliyevin qeyd edilən çıxışı onun əsəblərinin
yerində olmamasının göstəricisidir”.
Cəmil müəllimxatırladıb ki, dünən Misirdə, Liviyada, Tunisdə, bu gün Suriyada və Ukraynada cərəyan
edənlər diktator rejimlərinin əsəblərini korlamışdır: “Biz ölkəmizin Şimali Koreya müstəbidliyinə
istiqamətlənməsinə yol verə bilmərik. Azərbaycan Avropa Birliyi ilə assosiativ
sazişə getməlidir və gedəcək, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü
olmalıdır və olacaq. Nə İlham Əliyev, nə də bir başqası ölkəmizi bu ümumdünya
prosesindən kənarda saxlaya bilməz”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3966