Müsavat və Milli Şura rəhbərləri prezidentin ittihamlarına cavab verib
“Son prezident seçkisi bir daha göstərdi ki, İlham Əliyevin xalq arasında heç bir dayağı yoxdur”.
Prezidentin çıxışına münasibət bildirən Milli Şura sədri Cəmil Həsənli “Turan”a deyib ki, İlham Əliyev müxalifətin sonu anonsunu dəfələrlə verib: “Lakin bunlardan heç biri düz çıxmayıb. İndi isə onun özünün sonu yaxınlaşır. İlham Əliyev ədalətsizliklə üzləşən vətəndaşların özünə od vurub yandırmasına münasibət bildirsə yaxşı olar. Müharibə əlilinin özünü yandırdığı bir məmləkətin başçısının yekə-yekə danışmağa haqqı yoxdur”.
Ötən ilin oktyabrında keçirilmiş prezident seçkisinə toxunan Cəmil Həsənli (Milli Şuranın sədri həmin seçkidə namizədlərdən biri olub) bunları qeyd edib: “Son prezident seçkisi bir daha göstərdi ki, İlham Əliyevin xalq arasında heç bir dayağı yoxdur. Azərbaycan xalqı İlham Əliyevə səs verməyib. O, xalqın səsi ilə deyil, nəzarətində olan MSK-nın arayışı ilə prezident olub. Elan olunan 85% xalqın səsi yox, MSK-nın saxta rəqəmləri idi. Əgər İlham Əliyev bunu xalqın etimadı kimi qəbul edirsə, deməli, ölkədən xəbəri yoxdur”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər “Turan” agentliyinə müsahibəsində deyib ki, prezident İlham Əliyev son çıxışında müxalifəti təhqir edib: “Siyasətçinin, xüsusən dövlət vəzifəsi tutan şəxsin opponentlərə təhqir səsləndirilməsi zəiflik kimi qiymətləndirilməlidir. Yəni güclü adam, özünə əmin qüvvə opponentlərini təhqir etməməlidir. Tənqid edəndə də etika çərçivəsində qalmağı bacarmalıdır.
Onun müxalifətlə bağlı dediklərində kimi nəzərdə tutduğu mənə tam şəkildə aydın deyil. Amma deyilənlərdə Müsavata aid bir fikir varsa, bunu tamamilə rədd edirəm. Müsavat Partiyası tam şəkildə qanunlar çərçivəsində, konstitusiya uyğun və şəffaf fəaliyyət göstərir.
Ümumiyyətlə isə hesab edirəm ki, hakimiyyət özünün biabırçılığına, Azərbaycanı nə günə saldığına qiymət versə daha yaxşı olar. Ölkədə işsizlik, aşağı həyat səviyyəsi, insanların ümidsizliyi baş alıb gedir. İntiharlar haqqında hər gün məlumatlar eşidirik. O intiharların böyük hissəsi çox aşağı həyat səviyyəsi, maddi imkansızlıq, hüquqi çıxılmazlıqdan doğan hadisələrdir. Belə bir mərhələdə dövlət başçısı yüz milyonlarla pul xərcləyib özünə təyyarə alır və sonra da müxalifəti ittiham edirsə, təbii ki, bu inandırıcı görünməyəcək”
Short URL: http://www.cumhuriyyet.net/?p=3981