Əliyev subsidiya korrupsiyasını etiraf etdi
“Kənd Təsərrüfatı Nazirliyinin yalnış siyasəti nəticəsində aqrar sektorda ciddi məşğulluq problemi yaşanır”

Dövlət başçısı Ilham Əliyev fevralın 5-də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı maraqlı etiraflarda da bulunub. I.Əliyev vurğulayıb ki, Kənd Təsərrüfatı üçün nəzərdə tutulan subsidiyaların ayrılmasında şəffaflıq gözlənilmir.
Maraqlıdır ki, I.Əliyev eyni zamanda buna görə kimin günahkar olduğunu da konfransda açıqlayıb: “Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Mən keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim sonГї xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə konkret təkliflər veriləcəkdir və yeni müvafiq sərəncam da imzalanacaqdır”.
Müstəqil mətbuatın uzun müddətdir diqqət ayırdığı problem I.Əliyevin özü tərəfindən də etiraf olunur. Bəs subsidiyaların ayrılmasında şəffaflığın olmamasına görə, kim məsuliyyət daşıyır?
Iqtisadi Təhlil Institutunun rəhbəri Məhəmməd Talıblının sözlərinə görə, Azərbaycanda subsidiyaların verilməsi ilə bağlı həm şəffaflıq, həm də hesabatlıq çox aşağı səviyyədə olub. Azərbaycanda 2006-cı ildən aqrar sektorda subsidiyaların verilməsinə start verildiyini deyən M.Talıblı vurğuladı ki, 2007-ci ildə onlar regionlarda maarifləndirmə kampaniyası və tədqiqatlar aparıblar: “Həmin dövrdə hazırladığımız hesabatda araşdırmalarımızdan çıxan nəticələri təklif formasında hökumətə təqdim etdik. Müəyyən təkliflərimiz nəzərə alınsa da, subsidiyalaşma ilə bağlı problemlər hələ də qalmaqdadır. Həmin dövrdə baş verənlərə uyğun olaran əsas məsuliyyəti Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edən Ismət Abbasov daşıyırdı. Amma burada müəyyən ziddiyyətli məqamlar var. Əgər kənd təsərrüfatı naziri öz fəaliyyətində bu cür yanlışlıqlara yol veribsə, eyni zamanda aqrar subsidiyaların verilməsində korrupsiya hallarının olduğu vurğulanırsa, o zaman prezident seçkilərindən sonrakı təyinatlarda biz fərqli mənzərə seyr etməliydik. Amma seçkidən sonra Ismət Abbasov yeni təyinat alanlar sırasında oldu. Bu isə onu göstərir ki, reallıqda olanlar ilə real təyinatlar arasında bir ziddiyyət var”.
Kənd Təsərrüfatı Nazirliyinin yalnış siyasəti nəticəsində aqrar sektorda ciddi məşğulluq probleminin yaşandığını deyən M.Talıblı vurğuladı ki, büdcə vəsaitlərinin fermerlərə çatdırılmasıyla bağlı ciddi korrupsiya məqamları qeydə alınıb. Kənd Təsərrüfatında məhsuldarlığın artırılmasıyla bağlı əsas problemlərin qaldığını deyən M.Talıblı qeyd etdi ki, kənd təsərrüfatındakı problemlər ondan xəbər verir ki, subsidiyaların verilməsiylə bağlı neqativ məqamlar aradan qaldırılmayıb: “Bunun nəticəsi olaraq da ölkədə ərzaq təhlükəsizliyi problemi ortaya çıxıb. Bunun da əsas nəticələrindən biri ölkəyə kənd təsərrüfatı məhsullarının hər il artmasıdır. Yaranan situasiyada əsas atılmalı addım aqrar siyasətin yenidən qurulmasıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3986