Kəmaləddin Heydərovun şirkətindən şəhidlərə sayğısızlıq
Şamaxının Şəhidlər Xiyabanında otel tikmək istəyirlər
Xiyaban başqa yerə köçürülür; ərazisi “Gilan Holding”ə
satılıb
Şamaxı şəhərindəki Şəhidlər
Xiyabanını köçürmək, yerində otel tikmək istəyirlər. Bu inanılmaz məsələ ilə
bağlı müstəqil jurnalist Laçın Məmişov cümə günü RATI-də mətbuat konfransı
keçirib. O qeyd edib ki, Xiyaban artıq 5
ildir ki, hasara alınıb, hətta ziyarət günləri belə açılmır, sakinlər şəhid
olan övladlarını əziyyət bahasına ziyarət edə bilirlər.
Jurnalistin Şəhidlər
Xiyabanın hasara alınması sualına Şamaxı rayon icra hakimiyyətindən həmin
ərazidə “torpaq sürüşməsi” olması kimi əsassız cavab veriblər. Sakinlərin,
şəhid ailələrinin müraciətlərinə baxmayaraq deputat Elxan Süleymanov bu
məsələyə maraq belə göstərməyib.
Rayon icra başçısının
dəfələrlə şəhid ailələrini yığaraq qəbirlərin köçürülməsi haqda təklifləri
etiraz və müqavimətlə qarşılanıb. Hətta bəzi ailələr icra başçısına kəskin
cavab da veriblər. Amma qəti mövqe göstərən şəhid ailələrinin üzvləri polislə
qorxudulur, müxtəlif vasitələrlə susdurulmağa məcbur edilir. “Belə bir şəraitdə
bu məsələyə son qoymaq üçün ictiamiləşdirməyi qərara aldıq, yalnız ictimai
qınaq və vətəndaş fəallığı bu biabırçılığın önünü kəsə bilər”, – deyə L.Məmişov
mətbuat konfransı keçirməsinin mahiyyətinə aydınlıq gətirib.
Amma rayon icra başçısının
müavini Ağamustafa Vahidov L.Məmişovla telefon danışığında həmin ərazidə otel
tikilməsi kimi niyyət olduğunu deyib. Həm də həmin ərazilərin bir neçə il öncə
“Gilan Holding”ə satılması müqaviləsi olduğunu bildirib. Indiyə kimi tikinti
işi aparılmamasına səbəb kimi həmin ərazi üzərindən yüksək gərginlikli elektrik
xətlərinin keçməsini göstərib. Belə ki, həmin xətlərin yerlərinin
dəyişdirilməsi külli miqdarda vəsait tələb edir. L.Məmişov deyib ki, həmin
ərazidən elektrik xətləri keçmir. Sadəcə, əhalinin reaksiyasının necə olacağını
proqnozlaşdıra bilməyən icra hakimiyyəti bu addımı atmağa cəsarət etmir.
Tədbirdə iştirak edən AXCP
sədrinin müavini Əbülfəz Qurbanlı bildirib ki, Ilham Əliyevin və onun
məmurların Azərbaycan şəhidlərinə münasibəti “Əsgər ölümləri” aksiyasında şəhid
ailələrinə qarşı zorakı münasibətin tərkib hissəsidir: “Azərbaycan şəhidinin
məzarın uçurdulması birinci hal deyil. Gəncədə Qarabağ əlillərinə xüsusi ev
ayrılmışdı, amma Gəncənin icra başçısı evi mənimsədi. Ilham Əliyev həmişə
demokratiya uğrunda savaşanları vətənə xəyanətdə, Qarabağı satmaqda, antimilli
ünsür olmaqda ittiham edir. Amma hakimiyyətin vətənpərvər obrazı yaradılırdı.
Artıq bunların saxtakarlığı ifşa olunur”.
Əbülfəz Qurbanlı bildirib ki,
bu məsələdə ictimai təzyiqin gücləndirilməsinə ehtiyac var.
Tədbirə qatılan digər cəmiyyət
fəalları məsələnin həlli üçün parlamentə, dövlət başçısına, müharibə
veteranları birliklərinə, Müdafiə Nazirliyinə və s. müraciət ünvanlamağı təklif
ediblər. Medianın bu məsələni diqqətdə saxlamasının vacibliyini vurğulayıblar.
Eyni zamanda, Xiyaban
ərazisinin özəl şirkətə satılmasına imza atan məmurların cəzalandırılması tələb
edilib. Media mənsublarından ibarət bir qrupun Xiyaban ətrafında nə baş
verməsini müəyyən edə bilmələri üçün Şamaxıya səfər etmələri təklifi səslənib.
Şamaxıda Şəhidlər Xiyabanı
1992-ci ildə salınıb, 2 ha yaxın ərazisi var. Xiyabanda 24 şəhid dəfn edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=4001