Talıbovun xanlığında büdcə talanı

09.02.2014 - 12:52

Naxçıvanda pulların, büdcədə sıfırların
gizlinləri…

“Büdcədə
izi olmayanın cəmiyyətdə üzü olmaz!”, “Yaxşı gedirsə alver, qazanırsan, vergi
ver!”. Üzərində bu sözlər yazılan lövhələrə muxtar respublikanın bir çox
yerlərində rast gəlmək olar. Deyimlər Naxçıvan Vergilər Nazirliyinə məxsusdur.
Naxçıvanda “Gəmiqaya Holdinq”, “Cahan Holdinq”, “Ləzzət” MMC kimi dövlət
büdcəsinə önəmli miqdarda vergi ödəyəcək iri müəssisələr fəaliyyət göstərir. Sənaye məhsulları istehsal edən belə
aparıcı müəssisələrin siyahısını uzatmaq da olar.

Rəsmi
məlumata görə, ötən il həmin müəssisələr 800 milyon manatlıq sənaye məhsulu
hazırlayıb. Bu, Naxçıvandakı ÜDM-in təxminən 30 faizidir. 2013-cü ildə muxtar
respublikadakı ÜDM-nin həcmi 2 milyard 335 milyon manatdan çox olub. Özəl
müəssisələrin istehsal etdiyi 800 milyon manatlıq sənaye məhsulunun azı 200
milyon manatı ixracatın payına düşür. Naxçıvan Ali Məclisinin sədri Vasif
Talıbov özəl sektorun bu göstəricisini yüksək qiymətləndirib. O öz çıxışında bu
sahənin inkişafını dövlət qayğısı ilə əlaqələndirib.Bəs, görəsən, həmin
müəssisələrin “büdcədəki izi” – yəni dövlətə ödədikləri vergi nə qədərdir?

80 faizdən yuxarı dotasiya…

Əvvəlcə
Naxçıvanın 2014-cü il dövlət büdcəsinə göz yetirək. 350 milyon 500 min manatlıq
büdcənin cəmi 18 faizi, yəni 66 milyon 800 min manatı yerli gəlirlərin payına
düşür. Gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 283 milyon 700 min
manatdır.

Əvvəlki
illərdə olduğu kimi, bu il yenə də mərkəzi büdcədən ayrılan dotasiyanın həcmi
80 faizdən çoxdur. Nəzərdə tutulan 66 milyon manatlıq büdcə gəlirlərində kimin
payının gəldikdə böyük hissə, yəni 40 milyon manatdan artıq vəsait ƏDV-nin
payına düşür. Bu, ümumi büdcə gəlirlərinin 65 faizi deməkdir. ƏDV-nin
formalaşmasında mühüm rolu investisiyalar oynayır. Ötən il Naxçıvana
investisiya qoyuluşlarının həcmi 1 milyard 38 milyon manat olub. Büdcə gəlirlərində
ikinci yeri fiziki şəxslərdən alınan vergi tutur -14 milyon manat.

Təxminən
10 milyon manat isə dövlət və gömrük rüsumları, sadələşdirilmiş vergi, aksizlər
və s.-in payına düşür.

Hüquqi
şəxslərin gəlir vergisi cəmi 1 milyon 500 min manat, yəni muxtar respublikadakı
ümumi büdcə gəlirlərinin 2 faizidir. Bu həm də o deməkdir ki, muxtar respublika
iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş özəl sektorun da təmsil olunduğu
hüquqi şəxslər Naxçıvanın ümumi dövlət büdcəsində  cəmi 0.3 faizlə təmsil edilir.

Büdcəyə
ödənilən 1.5 milyon manatlıq vergidə digər sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərin də payı az deyil.
Bunu nəzərə alsaq, özəl sektorun “büdcədəki izi” 0-a daha da yaxınlaşar. Bir
ildə 800 milyon manatlıq sənaye məhsulu istehsal edə bilən özəl sektorun
büdcədəki payının digər vergi ödəyicilərinə nisbətən aşağı olmasının səbəbi
nədir? Bəlkə özəl sektor gəlirsizdir, yaxud orada cüzi gəlirlə işləyirlər?

İstehsal 30 dəfə artıb?!

Rəsmi
rəqəmlərə görə, muxtar respublikada özəl sektorun istehsal gücü ilbəil, həm
  sürətlə artır. Təkcə 2005-ci illə
müqayisədə Naxçıvanda bu sektordakı sənaye istehsalı 30 dəfə artıb. 2005-ci
ildə özəl sektorun istehsal etdiyi sənaye məhsullarının həcmi cəmi 27 milyon
manat olub.

Mütəxəssislərin
fikrincə, gəlirsiz, yaxud cüzi gəlirlə çalışan müəssisələrdə istehsalın son
illərdə 30 dəfə artması inandırıcı görünmür. Belə çıxır ki, ya gəlir
gizlədilir, ya da istehsalla bağlı rəqəmlər şişirdilib. Yaxud istehsal olunan
məhsulların əksəriyyəti əhaliyə maya dəyərindən aşağı qiymətə satıldığından
ortada gəlir yoxdur. Belə olan halda Naxçıvan bazarlarında satılan həmin məhsullar digər bölgələrə nisbətən
xeyli ucuz olmalı idi. Ancaq bunun əksini görürük.

Məlumata
görə, hazırda Naxçıvanda 332 növ məhsula olan tələbatı tamamilə yerli istehsal
ödəyir. Muxtar respublikadakı dükan-bazarları, ticarət mərkəzlərini gəzdikcə də
bunun şahidi olursan. Kolbasa, şirniyyat, toyuq əti, yumurta,  müxtəlif növ içkilərdən  tutmuş, geyim məmulatlarınadək satılan
məhsulların əksəriyyəti Naxçıvan istehsalıdır. Bəs qiymətlər necədir?

“Büdcəni bizim hesabımıza doldurur, özləri
də kef edirlər”

Naxçıvan
sakini Yaqub Əliyev Şərur rayonunda qarışıq mallar satılan dükan işlədir. Onun
dediyinə görə, satdığı malların çoxu Naxçıvan istehsalıdır: “Ərzağın, demək
olar, 90 faizi Naxçıvanındır. Elə digər malların da əksəriyyəti yerlidir. Hansı
maldan ki Naxçıvanda istehsal olunur, onu başqa yerdən gətirməyə qoymurlar.
“Gəmiqaya”, “Cahan”, “Ləzzət” – hamısı özlərinindir. Başqa kim mal istehsal edə
bilər? Baha qiymətə sırıyırlar camaata. Cəsarətin varsa, get qıraqdan gətir.
Gör başına nə oyun açarlar. İranda, Türkiyədə, Bakıda həmin mallar çox ucuzdur.
Yeni mal istehsal etdikcə, həmin məhsulun qıraqdan gətirilməsinə qadağa
qoyurlar”.

Hüquqi
şəxs kimi qeydiyyatda olduğunu söyləyən Yaqub Əliyev qazancı az olduğundan
vergi və digər ödəmələrdə çətinlik çəkdiyini deyir: “Malı bizə baha
verdiklərindən, biz də məcbur oluruq üzərinə cüzi qiymət qoyub sataq. Yenə də
görürük ki, Bakıdan baha alınır. Nə edək? Məcburuq. Verginin də vaxtı çatınca
kəsdirirlər başımızın üstünü. Vergi hər ay 200 manat haqq qoyub üstümüzə.
Vermədinsə cərimələyirlər. Mənimki kimi minlərlə belə dükan var. Azacıq
qazancımızı da bu yollarla əlimizdən alırlar. Büdcəni bizim hesabımıza
doldurur, özləri də kef edirlər”.

İfşa olunan yalan:”İqtisadiyyatı artan bir
regionda büdcə gəlirlərində də artım olmalı idi”

İqtisadçı-ekspert
Natiq Cəfərli istehsal gücü ilbəil artan müəssisələrin qazancsız işləməsini
mümkünsüz sayır: “İstehsalla məşğul olanlar bir neçə il gəlir götürmədikdə, ən
azından, özlərini müflis elan edib başqa işlə məşğul olardılar. Əgər istehsal
dəfələrlə artıbsa və bu özünü vergidə göstərmirsə, burada suallar yaranır. Çox
güman ki, vergidən yayınmaq üçün gəlirlərini gizlədirlər. Belə də ola bilər ki,
dövlətdən yardım almaq üçün rəqəmləri şişirdirlər. İqtisadiyyatı dəfələrlə
artan bir regionda büdcə gəlirlərində də artım olmalı idi. Bu yoxdursa, ciddi
suallar ortaya çıxır, vergidən gizlətmə hallarına şübhə yaranır. Naxçıvandakı
sənaye məhsullarının əksəriyyəti qohumlarına aiddir deyə, Naxçıvan Vergilər
Nazirliyi də göz yumur buna. Onlar, demək olar, vergi ödəməyiblər büdcəyə.
Hüquqi şəxslərin 1 milyon 500 min manatlıq vergisi təkcə istehsalın hesabına
deyil, axı. Bu məbləğdə ticarətlə məşğul olanların da payı var. Bunu nəzərə
alanda görərik ki, böyük müəssisələrin büdcədəki payı ya yoxdur, ya da çox
cüzidir”.

Vergidən yayınma ittihamı

İqtisadçı
Rövşən Ağayev, beynəlxalq praktikaya əsaslanaraq, Naxçıvanda məhsul istehsalı
ilə büdcəyə ödənilən vergi arasındakı uyğunsuzluğu belə izah edir: “İnkişaf
etmiş ölkələrdə büdcə gəlirlərinin ÜDM-dəki payı orta hesabla 30-35 faizdir.
Naxçıvanda bu rəqəm 10 dəfə az, yəni 3-4 faizdir. Naxçıvanda vergilərin ÜDM-də payı kəskin şəkildə azdırsa, bunun
bir neçə səbəbi ola bilər. Birincisi, ola bilsin ki, Azərbaycanda vergilərin
dərəcəsi aşağıdır. Ancaq məlumdur ki, bizdə vergilərin dərəcəsi aşağı deyil,
təxminən Avropadakı kimidir. Bir variant da ola bilər ki, ÜDM qəsdən
şişirdildiyindən ortaya bu cür uyğunsuzluq çıxır. Digər variant da odur ki, hər
şey öz yerindədir, heç nə şişirdilmir, ancaq vergi gizlədilir. Yəni məhsul
istehsalı artsa da, büdcəyə buna uyğun vergi ödənmir. Mən daha çox vergidən
yayınmanın ola biləcəyi fikrinə üstünlük verirəm. Naxçıvanda da Azərbaycandakı
kimi “qara iqtisadiyyat”, “kölgə iqtisadiyyatı” var və vergidən yayınma var.
Vergilərin ÜDM-ə nisbətinin Naxçıvan büdcəsində dünya praktikasına uyğun
olmamasının səbəbini burada axtarmaq lazımdır”.


 

Yafəz
Əkrəmoğlu,azadliq.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4029

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930